Atlantik okeanda, Kanada sahilləri yaxınlığında yerləşən Seybl adası ilə bağlı maraqlı faktlar üzə çıxıb.
Aktual.az publika.az-a istinadən bildirir ki, Amerika alimləri 42 kilometr uzunluğa malik adanın hər il şərqə doğru 200 metr hərəkət etdiyini aşkarlayıblar.
Coğrafiyaşünaslar bildirirlər ki, güclü külək və tez-tez təkrarlanan qasırğaların yedəyinə aldığı böyük qumluqlardan ibarət Seybl adası hər il 200 metr şərqə sürünür. Qumun külək tərəfindən sovrulub aparılması ekspertləri ciddi narahat edir.
Qeyd edək ki, ada bu ərazidən ötüb keçən gəmilər üçün böyük təhlükələr törədir. Belə ki, ləpələnən qumluqlar bir çox hallarda dəniz maşınlarını batmaq təhlükəsi ilə üzləşdirir.
Seybl adası burada baş verən müxtəlif gəmi qəzaları nəticəsində dünyada tanınmağa başlayıb. Qumlu sahə indiyədək 350 gəmi və paroxodun batmasına səbəb olub. Bu səbəbdən də Seybl Atlantikanın qəbiristanlığı və gəmilərini yeyən adlandırılır.
Qeyd edək ki, ensiz, orağa oxşar formaya malik ada soyuq Labrador axınıyla ilıq Qolfstrim cərəyanının təması nəticəsində yaranıb.