“Brüssel görüşü ölkəmiz və dövlətimiz adına ən böyük uğurlardan biridir”- Elşən Musayev

“Brüssel görüşü ölkəmiz və dövlətimiz adına ən böyük uğurlardan biridir”- Elşən Musayev

"Brüssel görüşü Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur. Məlumunuzdur ki, aprel ayının 6-da reallaşan həmin görüş təxminən 4 saat davam etdi və görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başlanılması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Eyni zamanda hər iki ölkənin xarici işlər nazirlərinə bu istiqamətdə müvafiq təlimatlar verilib. Üstəlik, həmin sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Və ən əsası: sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür” .

Bu fikirləri Editor.az-a Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev aprel ayının 6-da Brüsseldə keçirilən üçtərəfli görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, bütün bu proseslər gərginliyin azaldılmasına xidmət edir: "İlkin mərhələdə sərhəd məsələləri üzrə birgə komissiya yaradılacaq və sərhədlərin delimitasiyası işinə başlanılacaq. Yəni, bu barədə artıq razılıq əldə olunub.

Ən önəmli məqamlardan biri də budur ki, sənəddə ATƏT-in Minsk Qrupu həmsədrlik İnstitutuna istinad yoxdur. Bu isə onun göstəricisidir ki, bütün dünya və ələlxüsus da Avropa 44 günlük müharibədəki qalibiyyətdən sonra Azərbaycanın bölgədə yaratmış olduğu yeni geosiyasi reallığı qəbul edir. Daha dəqiqi, münaqişə artıq həllini tapdığına görə ATƏT-in Minsk Qrupu lazımsız bir təsisata çevirilib.

Avropa İttifaqı ciddi və nüfuzlu qurumdur. Üçtərəfli görüşdə Avropa İttifaqının sərgilədiyi mövqe də bir daha onu göstərir ki, bu mötəbər qurum iki dövlət arasında münasibətlərin normallaşmasında, sülh müqaviləsinin bağlanmasında, bölgədə sabitliyin tam bərqərar olmasında maraqlıdır və bu istiqamətdə bütün səylərini göstərir.

Məlum hadisəni bir daha Azərbaycan Prezidentinin və ümumilikdə Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirirəm. Brüssel görüşü həqiqətən də ölkəmiz və dövlətimiz adına növbəti möhtəşəm qələbədir” – deyə millət vəkili fikirlərinə davam edib.
Xəbər 550 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR