Elxan Süleymanov: "Cənab Prezidentin Mövlud Çavuşoğlu ilə görüşdə Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradıldığını bildirməsi təsadüfi deyildi”
Aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasınnı sədri Ursula fon der Leyenin Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü keçirildi. Əvvəlcədən nəzərdə tutulmamasına baxmayaraq, özünün anti-Azərbaycan ritorikası ilə fərqlənən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel də adıçəkilən görüşə qatılmışdı.
Qeyd edilməlidir ki, 5 apreldən xeyli əvvəl rəsmi İrəvanın siyasi rəhbərliyi Brüssel görüşünü ölkə diplomatiyasının misilsiz nailiyyəti və tarixi bir hadisə kimi dəyərləndirərək, bu görüşün az qala Ermənistanın gələcəyini müəyyən edəcək taleyüklü nəticələrinin olacağını bildirirdi. Sözün əsl mənasında isə Ermənistan siyasi elitası birləşmiş Qərbin onlara təhlükəsizlik təminatı verəcəyini qabartmağa çalışır, bunun üçün öz ənənələrinə sadiq qalaraq bölgədə gərginliyin artmasına çalışır, Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başlayacağı barədə feyk-xəbərlər tirajlayırdı. Ermənistanın siyasi rəhbərliyi bir tərəfdən Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirərək özünü sülhsevər tərəf kimi qələmə verməyə çalışır, digər tərəfdən isə Azərbaycanı aqressiv dövlət kimi təqdim edirdi. Ermənistanın baş naziri Paşinyan Qazax rayonunun hələ də işğal altında olan 7 kəndindən 4-nün (Xeyrimli, Qızıl Hacılı, Aşağı Əskipara, Bağanis Ayrım) Azərbaycana qaytarılması haqqında danışarkən bildirmişdi ki, bu kəndlər Azərbaycanındır, biz onları qaytarmalıyıq, əgər qaytarmasaq, Azərbaycan bir həftə ərzində hərbi əməliyyatlara başlayacaq və İrəvana qədər gedib çıxacaq.
Paşinyanın bu açıqlaması bir tərəfdən onun guya sülh tərəfdarı olmasını, digər tərəfdən Azərbaycan qarşısında qorxusunu nümayiş etdirirdi. Üçüncü bir tərəfdən, Paşinyanın bu açıqlamasının, açıq formada deyilməsə də, əsil mahiyyəti Azərbaycanın guya Ermənistan ərazilərinə, o cümlədən qədim Azərbaycan şəhəri İrəvana iddialı olduğunu göstərmək məqsədi daşıyırdı. Elan edilmiş üçtərəfli görüş ərəfəsində Ermənistan Fransadan və Hindistandan aldığı hərbi texnikanı Azərbaycanla sərhəd zonalarına daşıyır, Ermənistan-Azərbaycan şərti sərhədləri boyu hərbi istehkamlar qurur, Azərbaycan mövqelərinə müxtəlif çaplı silahlardan atəş açırdı. Ermənistan bu təxribat xarakterli addımları atmaqla açıq-aşkar Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir və bununla da öz havadarlarına göstərmək istəyirdi ki, ABŞ və Avropa İttifaqı tərəfindən onun təhlükəsizliyinə təminat verilməsi ən vacib məsələdir və hətta hakimiyyətə yaxın dairələr həmin görüşdə Ermənistanla təhlükəsizlik paktı imzalanacağına dair məlumatlar yayırdılar. Bununla yanaşı, rəsmi İrəvan və erməni KİV-ləri Ermənistanın təhlükəsizliyi və ona təminat verilməsi məsələsinin 5 aprel görüşünün əsas müzakirə predmeti olacağını vurğulayırdılar.
Əlbəttə, 5 aprel görüşü ərəfəsində Ermənistanın sərhəddə vəziyyəti gərginləşdirməsi, müxtəlif istiqamətlərdə iki dövlət arasında şərti sərhəddə hücum xarakterli dayaq nöqtələri yaratması, hərbi texnika daşıması və qoşun yığması kimi hadisələr Azərbaycanı ciddi narahat edirdi və Azərbaycan tərəfi haqlı olaraq 5 aprel Brüssel görüşünün Cənubi Qafqaz bölgəsində sülhə xidmət etmədiyini, əksinə Ermənistanı təxribatlar törətməyə həvəsləndirdiyini, bu görüşün Azərbaycana qarşı olduğunu vurğulayırdı. Bununla belə, ABŞ dövlət katibi Entoni Blinken aprelin 3-də, Avropa Komissiyasınnı sədri Ursula fon der Leyen isə bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmələri onların rəsmi Bakının narahatçılığını nəzərə almalı olduğundan xəbər verirdi. Odur ki, ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon söhbətində bu görüşün Azərbaycana qarşı olmadığını və Ermənistanın iqtisadi inkişaf məsələlərinə fokuslanacağını bildirmiş və həmçinin sərhəddə "gərginliyin artmasına heç bir əsasın olmadığını” vurğulamışdı. Avropa Komissiyasınnı sədri Ursula fon der Leyen isə danışıq əsanasında əvvəlcə Avropa Birliyi ilə Azərbaycan arasında müxtəlif sahələrdə artan əməkdaşlıqdan danışaraq sonda Brüssel görüşü barədə fikirlərini səsləndirmişdi. Xüsusilə vurğulamaq istərdim ki, ABŞ Dövlət katibinin və Avropa Komissiyasınnı sədrinin 5 aprel Brüssel görüşü ərəfəsində Azərbaycanın narahatlığını nəzərə alaraq Prezident İlham Əliyevə zəng etmələri ölkəmizin dünya siyasəti sistemində özünəməxsus xüsusi çəkisi olmasından, o cümlədən Cənubi Qafqaz regionunda aparıcı dövlət kimi rolunun nəzərə alındığından xəbər verir.
Qeyd edilənlərə baxmayaraq, Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirmək, bu qarşıdurmada Ermənistanı Rusiyaya qarşı geosiyasi alət kimi istifadə etmək, regionu növbəti qeyri-stabillik zonasına çevirmək cəhdləri açıq şəkildə özünü büruzə verir. Odur ki, Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçiriləcək üçtərəfli görüşə toxunaraq "Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi” yaradıldığını bildirməsi təsadüfi deyildi.
Prezident İlham Əliyev demişdi: "Halbuki son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd etdi ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür”.
Nəhayət, 5 aprel Brüssel görüşü zamanı ABŞ Ermənistanın iqtisadi inkişafına və siyasi dayanıqlığına yardım məqsədilə 65 mln dollar, Avropa İttifaqı isə dörd il müddətində bu ölkəyə atom energetikasına, alternativ enernji sistemlərinə və transsərhəd nəqliyyat sistemlərinə yardım məqsədilə 270 mln avro ayıracağı bildirildi. Eyni zamanda qeyd edilməlidir ki, ABŞ Dövlət katibi görüşdən əvvəl ABŞ-ın Cənubi Qafqazın gələcəyi ilə bağlı Ermənistanın mövqeyini bölüşdüyünü və onu "qonşuları ilə barışıq” olan "güclü, müstəqil dövlət” kimi görmək istədiyini vurğulamışdı. Bu fikirlərə diqqətlə yanaşdıqda aydın olur ki, ABŞ Dövlət katibi Ermənistanın hələ də tam müstəqil olmadığına və onun qonşuları ilə barışığa getməli olduğuna eyham edir.
İlk baxışda görünən odur ki, rəsmi İrəvanın xeyli müddətdir bölgədə gərginliyin yüksək həddinə çatdırılması ilə müşayiət olunan siyasəti cəmi bir neçə yüz milyon naminə tək Ermənistanı deyil, bütövlükdə Cənubi Qafqazı böyük risklər qarşısında qoya biləcək geosiyasi oyunun başlamasına gətirib çıxardı. Görüş ərəfəsində Ermənistan siyasi elitasının Qərbin görüş zamanı bu ölkəyə təhlükəsizlik təminatı verəcəyi barədə illuziyaları darmadağın oldu və bu barədə Ermənistan cəmiyyətinin gözləntiləri özünü doğrultmadı.
Bununla belə, düşünürəm ki, bir aya yaxın müddət ərzində böyük əks-səda doğurmuş 5 aprel tarixli Brüssel görüşünün yalnız açıq mətbuat üçün açıqlanan məsələlərin müzakirəsi ilə məhdudlaşdığını düşünmək sadəlöhvlük olardı. Böyük ehtimalla güman etmək olar ki, bu görüş zamanı Ermənistana ayrılacaq yardımlar müqabilində Ermənistanın baş nazirinə ictimaiyyətə açıqlanmayan və yerinə yetirilməsi zəruri hesab edilən "ev tapşırığı da” verilib. Biz yəqin ki, yaxın gələcəkdə bu "ev tapşırıqlarının” nədən ibarət olmasının şahidi olacağıq. Böyük ehtimalla bu "tapşırıqlar” Rusiyanın hərbi-siyasi və iqtisadi güc kimi bu ölkədən sıxışdırılıb çıxarılması və onun əvəzinə ABŞ, Fransa və Aİ-nin bu boşluğu doldurması istiqamətində addımlardan ibarət olmalıdır. Bu qəbildən olan "tapşırıqları” yerinə yetirmək üçün isə Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı silahlı təxribatların həyata keçirilməsini ən məqbul variant hesab edir.
Ermənistan qoşunlarının 6 və 7 apreldə müxtəlif istiqamətlərdə Azərbaycan mövqelərini iri çaplı silahlardan atəşə tutmasının intensiv xarakter alması belə ehtimalla çıxış etməyə əsas verir. Əlbəttə, Ermənistan qoşunları intensiv və davamlı şəkildə Azərbaycan mövqelərini müxtəlif istiqamətlərdə atəşə tutduğu halda qarşı tərəfin bu əməlləri cavabsız qalmamayacaq və Azərbaycan silahlı qüvvələri beynəlxalq hüquq normalarına uyğun olaraq müvafiq addım atmalı olacaq. Beləliklə, görürük ki, Brüssel görüşündən ruhlanan Ermənistan bölgəni yenidən silahlı qarşıdurmalara sürükləməkdə davam edir.
Elxan Süleymanov,
AVCİYA-nın prezidenti