Elçin Mirzəbəyli
8 mart öncəsi internet portallarında, sosial şəbəkələrdə pozitiv, könül açan bir xəbərə, içdən gələn bir statusa rast gəlmədim. Saxta, növbətçi təbəssüm təsiri bağışlayan cızmaqaraları, ilin 365 gününü bayram etmək imkanında olanların göz çıxardan paylaşmalarını bir kənara qoyuram…
Şəhərin mərkəzi hissəsindən azacıq kənarda olan hədiyyə dükanlarında xidmətçi personalın sayı müştəridən daha çoxdu bu il… Satıcılar da təkəm-seyrək nəzərə çarpan müştərilər qədər qayğılıdırlar. Görünür, heç növbətçi təbəssüm nümayiş etdirməyə belə həvəsləri yoxdu…
Nədənsə, son günlər medianın ən çox dartışdığı, sosial şəbəkələrdə “mən də varam” yarışına çıxmağı sevən, nə üçün və hara getdiyinin fərqinə belə varmadan axına qarşı yürüməklə kimliyini təsdiqləmək istəyən hər kəsin müzakirə etdiyi “Bozun 50 çaları” filminin adını xatırladım. Filmi izləməmişəm… Bakı küçələrini asta-asta, ətrafda olan hər şeyi və hər kəsi müşahidə edərək dolaşdağım bir neçə saat ərzində bozun 1000 çalarını gördüm. Geyimlərdə yox, simalarda…
Rəngarəng vitrinlər, göz oxşayan reklam lövhələri, əzəmətli binalar… və bu rəngarəngliyin içində görünməz olan, bu əzəmətin basqısı altında əzilən insan siluetləri…
Və mən bozun 1000 çalarının içərisindən sükutla keçən həyat eşqi kirpiklərinə qandallanmış biri kimi, indi, bu an harada yanıldığımızı düşünürəm…
Biz rəngarəng vitrinlər əvəzinə rəngarəng insanlar formalaşdıra bilmədik…
Göz oxşayan reklam lövhələrinin yerinə içdən gələn təbəssümü ilə ətrafa işıq saçan çoxluğun təbii mənzərəsini və əzəməti, özünə inamı ilə dünyanın ən yüksək tikililərinə belə meydan oxuya biləcək toplum yarada bilmədik…
Bacarmadıq…
Əgər bacarsaydıq, o zaman rəngarəng insanlar rəngarəng vitrinlərin yanından bozun 1000 çalarından biri kimi ötüb keçməyəcəkdilər…
Əgər bacarsaydıq, göz oxşayan reklam lövhələri işıq paylaşan insan təbəssümünün yanında daha solğun görünəcəkdi…
Və əzəmətli insanlar daha əzəmətli binalar ucaldacaqdılar…
Hələ gec deyil…
Sadəcə,
İndi gileydən-güzardan,
Baş alıb qaçmaq vaxtıdır.
Qapıları döyülməmiş
Taybatay açmaq vaxtıdır.
İndi hər səsdən, hər küydən
Sükuta dönmək vaxtıdır.
Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdır. (Vaqif Səmədoğu)
Aktual.az