Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən görüşü alqışlayıb.
Aktual.az xəbər verir ki, bu barədə diplomat tviter hesabında yazıb.
"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördüncü görüşü alqışlayıram. Sülh müqaviləsi üzərində irəliləyiş üçün işləməyə davam etmək, humanitar və kommunikasiya sahələrində səyləri davam etdirmək vacibdir. Avropa İttifaqı sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə davam edir”, - deyə Borrel vurğulayıb.
Qeyd edək ki, ötən gün Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. 4 saata yaxın davam edən görüşdə sülh müqaviləsinə hazırlıq məsələləri müzakirə olunub.
Xəbər 324 dəfə oxunub.