“MERACIMIZ QARABAĞDIR”

“MERACIMIZ QARABAĞDIR”


“Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində növbəti yaddaqalan görüş Azərbaycanda Atatürk Mərkəzində keçirildi.


Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin düzənlədiyi, bir neçə ildir ardıcıl tədbirlər və səfərlərlə həyata keçirilən “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində Türkiyəli ünlü ədiblərin iştirakı ilə yeni tədbirlər silsiləsi start götürüb. Türk Dünyasının əfsanə isimlərindən olan ustad şair Camal Safi və istedadlı yeni nəsil yazarı, esseist və ünlü radio proqram aparıcısı Mehmet Ercanın iştirakı ilə gerçəkləşdirilən yaddaqalan tədbirlərdən biri dünən Atatürk Mərkəzində baş tutub. 


Martın 17-də millət vəkili, ABAİ İB prezidenti Qənirə Paşayevanın müşayiəti ilə Mərkəzə təşrif buyuran qardaş ölkə yazarları burada, ilk növdə bu elm-mədəniyyət qurumu haqqında məlumatlanıdırlıblar. Sonra Atatürk Mərkəzinin konfrans zalında “Meracımız Qarabağdır” adlı ədəbi fikir gecəsi başlayıb. Öz adını ustad şair C.Safinin eyni adlı şeirindən götürmüş gecədə Azərbaycanın tanınmış yeni nəsil yazarları, tələbə-gənclər, QHT və KİV təmsilçiləri, habelə qardaş ölkədən gəlib, Azərbaycanın təhsil sektorunda çalışan bir qrup aydın iştirak edib. Maraqlı çıxışlar, sual-cavablarlla süslənmiş ədəbi fikir gecəsində qardaş ölkə yazarları öz əsərlərini səsləndirmiş, Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələri mövzusunda fikir və mülahizələrini bölüşüblər.


Gecənin təşkilatçısı və adıkeçən layihənin rəhbəri millət vəkili dos.dr. Q.Paşayeva, ilk növbədə dəyərli qonaqları salamlayaraq, əslində onlara qonaq deməyin düzgün olmadığını, qardaş ölkədən gələn aydınların elə öz Vətənlərinə gəldiklərinə, özlərini evdə olduğu kimi doğmalıq içində hiss etdiklərinə inandığını ifadə edib. Ustad Cemal Safi və istedadlı yeni nəsil yazarı, ədəbiyyatbilicisi Mehmet Ercanla tanışlığından, onların Azərbaycan mövzusuna, soydaşlarımızın duyğu və düşüncələrinə həssas yanaşmalarını şükranlıqla qeyd edən xanım Paşayeva, diqqəti “Meracımız Qarabağdır” şeiri üzərində cəmləyib.  Ən böyük dilək və təmənna kimi, ən sarsılmaz inam kimi, belə görüşlərin Qarabağda, Şuşada keçiriləcəyi gündən söz açan xanım millət vəkili, Türk Dünyasının bütün düşünən insanlarının “Meracımız Qarabağdır!” düşüncəsində olmalı olduğunu, türk birliyinin yalnız bir ideya və mənəvi kateqoriyalı məsələ olmaqdan çıxıb, istimai-siyasi məzmunda möhkəmlənməsinin vacibliyindən danışıb.  


Ustad şair C.Safi özəlliklə gənclərin və yeni nəsil yazarlarının iştirakı ilə, özü də Türk Dünyasının iki tarixi şəxsiyyətinin adı ilə bağlı olan – Atatürkün adını daşıyan, Heydər Əliyev tərəfindən qurulmuş Mərkəzdə görüş keçirməkdən məmnunluğunu dilə gətirib. Onun şeirlərinə böyük marağın şahidi olduğunu zövqlə izlədiyini deyən ustad şair, “bir millət iki dövlət” kəlamını xatırladaraq, çiçəklənən Azərbaycanın bütün Türk Dünyasının fəxri olduğunu deyib. Ölkə Prezidenti İlham Əliyev cənablarının Azərbaycanı bölgənin lider dövləti halına gətirdiyini  məhəbbətlə söyləyən qardaş ölkə şairi, Azərbaycana ikinci dəfə gəldiyini, bu gəlişi ilə nə qədər yeni tikililər, böyük layihələrlə qarşılaşdığını vurğulayıb.


İstedadlı yeni nəsil yazarı M.Ercan, ustad C.Safinin dediklərinə qatılaraq, Azərbaycana gəlməkdən, burada inkişaf və tərəqqinin şahidi olmaqdan bir yazar olaraq zövq, ilham aldığını bildirib, öz yaradıcılığı ilə, özəlliklə, “Dodaq payım” kitabı ilə bağlı Azərbaycanlı gəncləri maraqlandıran sualları cavablandırıb. 


Azərbaycanlı yazarlar, sənət adamları Əkbər Qoşalı, Şəmil Sadiq, Səhər Əhməd, Elxan Zal Qaraxanlı, Elxan Nəcəfli, Əfsanə Ələsgərli, Zülfiyyə Eldarqızı, Dursun Elmas, Hayri Atəş və başqaları da çıxış edib, “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi ilə bağlı mülahizələrini, “Meracımız Qarabağdır!” ədəbi fikir gecəsindən aldıqları təəsüratı bölüşüblər.

Xəbər 631 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR