"Sığınacağımıza yeni bir sakin gəlir... Amma tək yox, "40-ı çıxmamış” körpəsi ilə, özü də birbaşa xəstəxanadan... Övladlarınızdan imtina etməyin!!! Gəlin, bu körpənin xatirinə anaya dəstək olaq! Uşaq oğlandır. Atanın günahını balaya yazmayaq”.
Bu fikirləri Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə paylaşıb. Onun səsinə mətbuat olaraq səs vermək üçün qadının problemini işıqlandırmaq qərarına gəldik.
Aytən (ad şərtidir) xanımla söhbətimizdən bəlli oldu ki, bu, onun ikinci evliliyidir. Əslində o, uşağının atası, ikinci ərindən narazı deyil. İstəyi başqadır. Söhbətimiz də qısa oldu. Suallara qırıq-qırıq cavab verdi.
Sanki nələrisə deməkdən çəkinirdi. Atasının imtina etdiyi uşaqla bundan sonra həyatını necə qurmaq istədiyini soruşanda ilk dediklərini inkar edərək ərinin imtina etmədiyini söylədi.
- Məni düz başa düşməyiblər. İstəyirəm ki, uşağımı bir uşaq evinə qoyum. 5 yaşına qədər orda qalsın, mən də işləyim. İmkanım olanda gedib götürüm.
- Nə üçün uşaq evinə qoymaq istəyirsiniz?
- Yoldaşımın 20 min manat borcu var. Onu qaytarmaq üçün kömək etməliyəm. İstəyirəm ki, borcumuzu qaytaraq. Sonra uşağı götürərəm.
- Yoldaşınız işləmir?
- Daimi işi yoxdur, rayondan mal gətirib satır.
- Rəsmi nikahınız var?
- Namaz qıldığıma görə dini nikahımız var. Amma rəsmi yoxdur, olacaq.
- Niyə rəsmi nikaha girməmisiniz?
- Onun başqa ailəsi var. Birinci arvadı ilə qanuni evlidir. Ondan ayrılandan sonra mənimlə rəsmi evlənəcək.
- Əvvəldən başqa ailəsinin olduğunu bilirdiniz?
- Hə, demişdi ki, ailəsi, uşaqları olsa da, onları istəmir. Arvadı çox pis qadındır, ərinin qohumlarıgilə gələndə dava salır. Ona görə də tez-tez rayona anasıgilin yanına gedir. Yoldaşım da onu istəmir. 1 il 6 aydır mənimlə yaşayır.
- Heç tələb etməmisiniz ki, boşansın, sizinlə rəsmi ailə qursun?
- Yox, deməmişəm. Onsuz da uşağıma ata kimi adını, soyadını verəcək. Heç dəqiq də bilmirəm, niyə boşanmır. O qadın qohumlarıdır deyə, yəqin ayrıla bilmir. Yoldaşım deyir ki, o boşanmır, arvadı getsin ərizə versin.
- İndi yoldaşınız haradadır?
- İş üçün rayona gedib.
- Siz bu vaxta qədər harada qalırdınız?
- Kirayədə qalırdıq, amma iki aydır evpulunu verə bilmirik. Ev sahibi bizi çıxartmaq istəyir. Yoldaşımın da kirayəpulu verməyə imkanı yoxdur. Rayona gedib ki, mal gətirib satsın. Mən də evdə tək idim. Balaca uşağımla qalıram.
- Sizi bura xəstəxanadan gətiriblər. Nə olmuşdu?
- Övladım əməliyyatla dünyaya gəlib. Doğuşdan sonra normal yata bilmədiyimdən baş ağrılarım olur. Səhər acqarına 4 analgin atdım. Vəziyyətim pisləşdiyindən xəstəxanaya apardılar. Ordan da bura gətirdilər.
- Yoldaşınızın xəstəxanaya düşməyinizdən xəbəri var?
- Hə, zəng etmişdi, danladı məni o qədər dərman içdiyimə görə. Dedi ki, heç analgin yuxu gətirər, onu niyə atmısan?
- Vəziyyətinizi bilir. Nə vaxt qayıdacaq rayondan?
- İş üçün gedib də, nə vaxt işləri qurtarsa gələcək. Tək deyil, dostu ilə gedib. İşləri pisləşəndən maşınını da satdı deyə, tək işləyə bilmir. Ona görə istəyirəm uşağı bir sığınacağa qoyum ki, işləyib yoldaşıma kömək edim. Özü o qədər borcu tək qaytara bilməz.
- Uşağı qoymaq üçün harasa müraciət etmisiniz?
- 1 saylı uşaq evinə apardım. Dedim ki, uşağa yemək ala bilmirəm, orada qalsın, amma heç kimə verilməsin. İşlərim düzələndə gəlib götürüm. Qəbul etmədilər. Dedilər ki, əlin-ayağın var, get işlə, uşağına bax. Amma işləsəm, uşağıma kim baxacaq? Bir də dedilər ki, uşağın rəsmi sənədi yoxdur.
- Uşağın sənədi yoxdur?
- Doğulanda həkim sənəd verib. Amma "metrika”sı yoxdur. Düzəldəcəm, amma hələ ki imkan etməmişəm.
- Uşaq neçə gündür doğulub?
- "40-ı təzə çıxıb”.
- Bəlkə bir müddət yoldaşınız tək işləyib, borcu qaytarsın. Çünki uşağınızı qoymağa yeriniz yoxdur.
- Onu qınaya bilmərəm axı. Tək adam necə həm borc qaytarsın, həm bizə baxsın. Olmur axı.
- Bu, ikinci ailənizdir. Birincidən nə üçün ayrılmısınız?
- Çünki keçmiş ərim uşaqları mənim tərbiyə etməyimə icazə vermirdi. Hər işə qarışırdı. Mən də bezib ayrıldım. Qoy özü həm atalıq, həm də analıq etsin. İki uşağım vardı, onları da qoyub çıxdım evdən. İndi rayonda qalırlar. Birinin 8, o birinin 4 yaşı var. Arada Bakıya gəlirlər, onları görürəm.
- Uşaqlarınız azyaşlıdır, onlara ailənizin yanında özünüz baxa bilməzdiniz?
- Birinci ərimi sevməmişdim, uşaqları da istəmədim.
- Kimsə məcbur etmişdi ailə qurmağınız üçün?
- Yox, acığa düşmüşdüm. Sonra da peşman olub ayrıldım. O günləri xatırlamaq istəmirəm. Tək istəyim bu uşağımı saxlamaqdır.
// azadqadin.az