Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı son 20 ildə ən sərt sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib. Şura üzvləri Pxenyana qarşı sanksiyaları yekdil olaraq dəstəkləyib. Şimali Koreya rəhbərliyi dünya ictimaiyyətini son keçirdiyi hidrogen bombası sınağı və orbitə uzaq-mənzilli raket buraxması ilə hiddətləndirib.
Aktual.az anspress-ə istinadən bildirir ki, Birləşmiş Ştatlar veto hüququna malik olan daimi üzv Çinlə qətnamə layihəsini razılaşdırmaq üçün 7 həftə ərzində danışıqlar aparıb. Yeni sanksiyalarda, Şimali Koreyaya dənizdən və ya havadan daxil olan və çıxan bütün yüklərin icbari qaydada yoxlanılması, Pxenyana silahların satılması və təchizatının qadağan edilməsi, qanunsuz fəaliyyətlə məşğul olan Şimali Koreyalı diplomatların qovulması, hərbi aviasiyanın yanacaq təchizatının kəsilməsi və digər ölçülər nəzərdə tutulub.
Həmçinin yekdil qəbul olunmuş sənədə görə, Şimali Koreyanın qızıl, dəmir filiz, titian və digər təbii resurslarının satışı ilə bağlı beynəlxalq maliyyə əməliyyatları qadağan edilib. "Washington Post" qəzetinə görə, ABŞ rəsmiləri bu qətnamə layihəsini hələ 3 il əvvəl, Şimali Koreya nüvə sınağı keçirən zaman "cızma-qara" edib və mətni gələcəkdə növbəti belə insident üçün qoruyub saxlayıb.
KXDR xarici işlər naziri Li Su Yon BMT İnsan Haqları Şurasının martın 14-də keçiriləcək iclasında iştirak etməyəcəklərini açıqlamışdı. Si Yon beynəlxalq qərarların heç bir zaman ölkəsinə məhdudiyyət qoya bilməyəcəyini demişdi. Həmçinin rəsmi Pxenyan nümayəndəsi ölkəsinə qarşı qəbul ediləcək qərarların ikili standart olduğunu bildirmişdi.
"Bundan sonra siyasi hücumlar məqsədilə Şimali Koreyadakı insan haqları vəziyyətini prioritet edən beynəlxaıq iclaslarda iştirak etməyəcəyik. Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) sistemli irqi ayrı-seçkilik, silahlı zorakılıq hallarının insan hüquqlarına vurduğu zərbə, Avropada dənizlərdə boğulan və ya qapalı avtomobillərdə havasızlıqdan ölən miqrantların vəziyyəti heç bir vaxt gündəmə gətirilmir", - deyə Li Su Yon bildirib.