Elşən Musayev: "Bütün dünya cənab ilham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın aylar öncə dediklərinə gəlirlər”
Kənan Novruzov: "Bu qurum tədricən daha çox nüfuzdan düşəcək”
ABŞ prezidenti Co Bayden və onun braziliyalı həmkarı Luiz İnasio Lula da Silva BMT Təhlükəsizlik Şurasında (TŞ) islahatların aparılması ideyasını dəstəkləyiblər. Bu barədə Ağ Evin mətbuat xidmətinin iki ölkə liderlərinin Vaşinqtonda keçirilən görüşünün yekunları üzrə yaydığı birgə bəyanatda deyilir.
"Liderlər BMT Təhlükəsizlik Şurasının effektli islahatına nail olmaq üçün birgə işləmək niyyətlərini bəyan ediblər”- sənəddə deyilir.
ABŞ və Braziliya prezidentləri Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələrinə daimi üzvlər üçün yerlər verməklə BMT TŞ-nin tərkibini genişləndirməyə çağırıblar. "Gözlənilir ki, bu, BMT TŞ-nin sülh və təhlükəsizliklə bağlı ən aktual məsələlərə effektiv cavab vermək qabiliyyətini artıracaq”, - xəbərdə deyilir.
Bundan əvvəl BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kyoryoşi bu qurumun daha təmsilçi və effektiv olması üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının tərəfdarı olduğunu bildirmişdi.
Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Qərb dövlətləri hesabına deyil, Asiya, Afrika və Latın Amerikası nümayəndələrinin hesabına genişləndirilməlidir.
Qeyd edək ki, bəzi Qərb dövlətləri, ilk növbədə Almaniya, uzun müddətdir ki, BMT Təhlükəsizlik Şurasına daimi üzvlük iddiasındadır. Həmçinin Braziliya, Yaponiya və Hindistan da buna can atır (TŞ-nın hazırda 5 daimi üzvü var – ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya).
Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ay həm yerli telekanallara müsahibəsində, həm də Bakıda Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında bu mövzuda danışarkən deyib ki, BMT-də islahatlar aparılmalı, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir.
Sitat: "Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcək”.
Prezident BMT TŞ-dəki dəyişiklikləri zəruri edən konkret fakta da diqqət çəkmişdi. Bildirmişdi ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına hərbi-siyasi vasitələrlə son qoyub, BMT TŞ-nın 4 qətnaməsini özü həyata keçirməli olub. "Halbuki BMT özü bu qətnamələrin tələblərinə əməl etməli idi. Məhz bu, BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyacı diktə edir”, - deyə vurğulamışdı.
Öz növbəsində Türkiyə lideri R.T.Ərdoğan dəfələrlə "dünyanın 5-dən böyük olduğunu” söyləyib.
Amma indi belə anlaşılır ki, TŞ-nın daimi üzvlərinin sırası yalnız xristian dövlətləri hesabına artırıla bilər. Bəs 1.5 milyardlıq müsəlman-türk dünyasının maraqları? Onun qurumda hansısa daimi təmsilçisi, məsələn, Türkiyə timsalında olmalı deyilmi? Əgər bu baş verməyəcəksə, o zaman islahatları da bəri başdan ədalətsiz və mənasız saymaq olar.
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev artıq dünyanın ölkə başçısı və Türkiyə Cümhurbaşqanının dediklərinə gəldiyini söylədi:
"ABŞ Prezidenti Co Baydenin Braziliyalı həmkarı ilə görüşündə BMT ilə bağlı islahatlardan danışması və həmin islahatların vacibliyini qeyd etməsi ondan xəbər verir ki, artıq bütün dünya cənab ilham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın aylar öncə dediklərinə gəlirlər. Belə ki, möhtərəm Prezident qısa müddət bundan öncə yerli telekanallara müsahibəsində və Misir Prezidenti ilə Bakıda keçirmiş olduğu birgə mətbuat konfransında vurğulamışdı ki, BTM-də islahatlar aparılmalı, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Eyni zamanda, Türkiyə lideri cənab Ərdoğan dəfələrlə "dünyanın 5-dən daha böyük olduğunu” söyləyib.
Amma burada söhbət təkcə islahatların aparılmasından deyil, məlum islahatların həm də ədalətli bölgü və yanaşma ilə aparılmasından gedir. Yəni, format olaraq islahatların aparılmasına Rusiya da daxil bir çox ölkələr dəstək verə bilərlər. Çox güman, öz xarici siyasət prioritetlərindən və strategiyalarından çıxış edərək. Fəqət, sonuc elə olmalıdır ki, ədalət məfhumu öz əksini həmin islahatlarda tapa bilsin. Qeyd etdiyim kontekstdə isə ən gözəl təkliflərdən birini Azərbaycan Prezidenti cənab İlham Əliyev verib və konkret olaraq Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının BMT-nin Təhlükəsizlik Şurasında təmsilçiliyini vacib sayıb. Dövlət başçısının söylədiyi fikirlərdən birini xüsusi vurğu ilə qeyd etmək istəyirəm: ”İkinci dünya müharibəsindən 80 ilə yaxın vaxt keçib, dünya dəyişir və bu dəyişikliklər sürətlə davam edir. Ona görə hesab edirəm ki, BMT daxilində aparılacaq islahatlar daha ədalətli və daha təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcək. Bugünkü proseslər və reallıqlar da göstərir ki, cənab Prezident İlham Əliyev yetərincə uzaqgörən və müdrik siyasətçidir. Ona görə də bütün dünya liderləri artıq onun dediklərini təsdiqləyirlər və onun qənaətini bölüşürlər”.
Deputat bir vacib məqama da toxundu:
"BMT ciddi qurumdur. Amma onun icra, təsir, öz qərarlarını həyata keçirmə mexanizmi yoxdur. İlk öncə həmin mexanizmi formalaşdırmaq lazımdır. Elə etmək lazımdır ki, BMT-nin Təhlükəsizlik Şurasının qərarları havada qalmasın. Misal üçün, əgər zamanında Ermənistanın Dağlıq Qarabağ ərazisindən qeyd-şərtsiz çıxması ilə bağlı verilmiş Qətnamələrin biri icra olunsaydı, məsələ bu yerlərə qədər uzanmazdı və heç müharibəyə də ehtiyac qalmazdı.
Eyni zamanda bu qurumun daimi nümayəndəliyində mütləq və mütləq qardaş Türkiyənin təmsilçiliyi reallaşmalıdır. Çünki Türkiyə həm söz sahibliyinə, həm gücünə, həm də təsir imkanlarına görə dünyanın ən böyük dövlətlərindən biridir. Ayrıca, Türkiyənin BMT-nin Təhlükəsizlik Şurasında təmsilçiliyi həm də ədalətin bütün dünyada bərqərar olmasına böyük töhfə verər”.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bu gedişlə BMT-nin getdikcə nüfuzunu daha çox itirəcəyini düşünür:
"BMT Təhlükəsizlik Şurasının əsas öhdəliklərindən biri dünyada sabitliyi, təhlükəsizliyi təmin etməkdir. Son proseslər, o cümlədən Rusiya - Ukrayna müharibəsi, Yunanıstan - Türkiyə gərginliyi göstərir ki, bu qurum öz öhdəliyini layiqincə yerinə yetirə bilmir. Nəzərə almaq lazımdır ki, bu qurumun daxilində bir dənə belə, müsəlman dövləti olmaz. Təkcə bu fakt özü BMT TŞ-nın balanslı, ədalətli olmadığını deməyə əsas verir. BMT TŞ hazırkı tərkibi ilə istəsə də, ədalətli ola bilməz. Biz bunu Ermənistan- Azərbaycan münaqişəsi dövründə də görmüşük. Əgər bu qurum istəsə idi, heç 44 günlük müharibə başlamazdı. Təəssüf ki, sözügedən qurumun, demək olar, bütün üzvləri baş verən proseslərə öz ambisiyalarından yanaşırlar. Bu, doğru deyil. Onlar öz məqsədlərini yox, qlobal sülhü düşünməlidirlər. Ümumiyyətlə, BMT TŞ-nın tərkibinin dəyişməsi bu günün tələbidir. Nəzərə almaq lazımdır ki, orada təmsil olan dövlətlər arasında gərginlik pik həddə çatıb. Rusiya ilə Qərb arasındakı mübarizəni nəzərdə tuturam. Belə olan halda qlobal sülh üçün hansı kollektivdən söhbət gedə bilər? Bu gün Rusiyanın bütün dünya üçün təhdid yaratdığını nəzərə alsaq, deməliyik ki, bu dövlət BMT TŞ-nın tərkibindən çıxarılmalıdır. Dünyanı nüvə silahı ilə təhdid edən dövlət beynəlxalq sülhü təmin edə bilərmi? Fikrimcə, yox. Eyni zamanda mütləq üzvlərdən ən azı biri müsəlman dövləti olmalıdır. Bunun Türkiyə olması şərt deyil. Məsələn, Pakistan da sözügedən təşkilatda müsəlman dünyasını təmsil edə bilər. Digər üzvlər isə BMT TŞ-nın nizamnaməsini unutmamalıdır. Əks halda tərkibdə dəyişiklik olmazsa, bu qurum tədricən daha çox nüfuzdan düşəcək. Ən əsas isə dünyanın "hava yastığı" sıradan çıxacaq və planeti daha ağır günlər gözləyəcək”.(musavat.com)