"Bizimlə güc dili ilə danışmaq olmaz və bu, alınmayacaq" Araz Əzimov


"Azərbaycan hökuməti ATƏT-in Bakıdakı layihə koordinatorunun fəaliyyətinə daha lüzum görmədiyi üçün koordinatorun mandatını müəyyən edən ATƏT-lə Azərbaycan arasında imzalanmış Anlaşma haqqında Memorandumun dayandırılması haqqında qərar verdi". 

Bunu ATƏT-in Bakıdakı layihə koordinatoru Bürosunun bağlanması haqqında APA İnformasiya Agentliyinin sualını cavablandıran Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. 

O qeyd edib ki, buna rəğmən Azərbaycan ATƏT nümayəndələrinin maraqlarına anlayışla yanaşıb və 2015-ci ilin iyulun 4-də fəaliyyət müddəti başa çatacaq koordinatorun fəaliyyəti ilə bağlı texniki və təşkilati məsələlərin həlli üçün bir ay vaxt verib. 

«Biz əmin olduq ki, bu müddət bu cür məsələrin həlli üçün kifayət edəcək. Yuxarıda qeyd edildiyi kimi bu cür qərarın verilməsinə səbəb koordinatorun fəaliyyətinin davam etdirilməsinə ehtiyacın olmaması idi. Bu qərarı verərkən Azərbaycan hökuməti öz ərazisində istənilən beynəlxalq fəaliyyətlə bağlı məsələləri həll etmək üçün hər bir suveren dövlətin malik olduğu hüquqa əsaslanıb. Qeyd edək ki, ATƏT Vankuverdən Vladivostokadək olan regionun bərabərhüquqlu ölkələrini birləşdirən beynəlxalq, hökumətlərarası təşkilatdır. Bu struktur o baxımdan unikaldır ki, ATƏT məkanında dövlətlərarası münasibətlərin əsas tənzimləyicisi qismində suverenlik, ərazi bütövlüyünün və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı beynəlxalq hüququn əsas prinsiplərini təsbit edir. 

A. Əzimov qeyd edib ki, ATƏT həmçinin qurumun hərbi-siyasi təhlükəsizlik, qarşılıqlı iqtisadi əlaqələr, habelə insan hüquqları və azadlıqları sahələrində qurumun gündəliyinin tərkib hissəsi olan 3 “səbət”in bərabərliyini qurur. 

“Təəssüf ki, biz “kiməsə” xoş olmayan ölkələri davamlı olaraq tənqid edən müxtəlif qeyri-hökumət təşkilatlarını qurumun fəaliyyət orbitinə cəlb etməklə, ATƏT çərçivəsindəki dövlətlərarası münasibətlərin ciddi sistemindən kənarlaşmağa yönələnən və onu suveren dövlətlərin hüquq, maraq və mövqelərini nəzərə almayan yumşaq “rezin” struktura çevrilməsi üçün davamlı cəhdləri müşahidə edirik. Bu prosesin yaradıcılarının məqsədi ATƏT-i təzyiq mexanizminə və müxtəlif kampaniyaların keçirilməsi üçün meydançaya çevirməkdir. Bu cür addımların birtərəfli, biristiqamətli xarakter daşıdığını söyləməyə ehtiyac yoxdur. Halbuki düşünürəm ki, ATƏT üçün rasizm, hüquq-mühafizə orqanları tərəfindən insan haqlarının pozulması, qeyri-adekvat güc tətbiqi, elektoral sistemin gücsüzlüyü, o cümlədən səslərin saxtalaşdırılması, seçkilərdə ATƏT nümayəndələrini qəbul etməkdən imtina, ölüm hökmünün, maliyyə fırıldaqları, hakimiyyətin yüksək eşelonunda korrupsiya, habelə icazəsiz dinləmə və izlənmə, informasiya azadlığına qoyulmuş məhdudiyyətlər və KİV-dən manipulyasiya, islamofobiyanın məqsədyönlü şəkildə yayılması, azlıqların hüquqlarının pozulması və s. addımlar daxil olmaqla, insanların özəl həyata olan hüquqlarının pozulması kimi halların artdığı “Qərb ictimaiyyəti” ölkələrində görəcəyi işlər var. Siyahını davam etdirmək də olar. Lakin xatırlamıram ki, kimsə nə vaxtsa ATƏT-də bu məsələləri qaldırmağa və məsələn, ABŞ-da mövcud yuxarıda sadalanan problemlərin həlli üçün bu ölkəyə ATƏT missiyasının göndərilməsi haqqında qərarın qəbulu ilə bağlı təklif səsləndirməyə “cürət” etsin”.  

Nazir müavininin sözlərinə görə, Azərbaycanın bu cür məsələlərə yanaşması belədir: “Biz bərabərhüquqluluq prinsipinə əsaslanaraq obyektivlik və tərəfsizliyə tərəfdar çıxış edirik, sifariş xarakterli və əksəriyyətin susması fonunda kiminsə diktəsi ilə atılan birtərəfli addımları rədd edirik. Yuxarıda sadalanan ölkələrdən fərqli olaraq Azərbaycan hansısa problemlərin, yaxud da çətinliklərin mövcudluğunu inkar etmir və bütün səylərini onların həlli və səbəblərinin aradan qaldırılmasına yönəldir. Burada hökumətin yanaşması olduqca vacibdir və bu yanaşma Azərbaycandakı çoxsaylı naliyyətlər və müsbət dəyişikliklərlə nümayiş olunur. Bununla yanaşı, hökumət obyektivlik, tərəfsizlik və peşəkar hazırlığın olduğu halda ölkə vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə müxtəlif problemlərin həllində daha nəzərəçarpacaq rol oynayan qeyri-hökumət təşkilatlarına hörmətlə yanaşır”. 

A. Əzimov qeyd edib ki, Azərbaycan beynəlxalq formatlarda fəal əməkdaşlıq edir, islahatlarla bağlı məsələlərdə məsləhətləşmələr keçirir, özgənin təcrübəsini mənimsəyir və öz təcrübəsini təklif edir: “ATƏT və Avropa Şurasının tamhüquqlu üzvü, habelə Avropa İttifaqının fəal tərəfdaşı olan Azərbaycan həmişə tərəfdaşlığa açıq olub və olmaqda davam edir. Lakin qeyd edirəm ki, ATƏT üzvü olduğumuz üçün konkret bu məsələdə sözügedən qurumla münasibətlərimizi hansısa kənar tərəflə tərəfdaşlıq kimi nəzərdən keçirmək lazım deyil. Bu, təşkilatdaxili tərəfdaşlıqdır”.  

İslahatlara yardım və təcrübənin tətbiqi məqsədi ilə Azərbaycan 1999-cu ildə ATƏT-in ofisinin açılmasına razılıq verdi. Bir daha qeyd edim ki, ofis hansısa təşkilatın öz ərazimizdə nümayəndəliyi deyil, bu, təşkilatın öz üzvünə köməyinin mexanizmidir. Bu cür məsələlərdə qərarların qəbulu zamanı əsas amil dövlətin özünün tələbatıdır, bu cür yardımı almaq üçün dəqiq ifadə olunmuş niyyətdir. 

ATƏT-in ofisi Bakıda 12 il fəaliyyət göstərib və bu müddət ərzində Azərbaycanda çoxlu sayda müsbət dəyişikliklər olub. Ölkə bir çox sahələrdə inkişaf edir. Və hansısa mərhələdə hökumət ofisin fəaliyyətinin davam etdirilməsini daha məqbul saymadı. Qeyd etməyə bilmərik ki, uzunmüddətli fəaliyyət dövründə ofis xeyli sayda rəhbər dəyişdi, onlardan bəziləri mandatın pozulmasına, təxribatçı əməllərə, tənqidi bəyanatlara yol verdilər. Demək lazımdır ki, Azərbaycan hökuməti bu cür “fəaliyyət”ə dözümlü yanaşırdı. Ancaq ölkə inkişaf etdiyi və nəticə etibarilə həyat səviyyəsi yaxşılaşdığı üçün hökumət ofisin fəaliyyətinin davam etdirilməsinə ehtiyacın olmaması barədə əsaslandırılmış nəticəyə gəlib. ATƏT-dəki tərəfdaşlarımızdan kiməsə bu xoş gəlmədi və Azərbaycanın ünvanına ittihamlar səsləndirildi. Lakin yuxarıda deyilənlər bu cür ittihamların yersiz olduğunu göstərir. Bununla belə Azərbaycan növbəti dəfə kompromisə hazır olduğunu nümayiş etdirdi və ATƏT nümayəndəsinin dəqiq müəyyən edilmiş mandatla layihə koordinatoru səviyyəsində ölkədə qalmasına razılıq verdi. İndi isə iki il keçdikdən sonra Azərbaycana bu cür yardımın tələbatına ehtiyac olmadığı haqda aydın fikir formalaşdı və müvafiq qərar qəbul edildi.  

ATƏT-də çox ciddi problemlər mövcuddur və onun görəcəyi işlər var. Bu, ATƏT-in üç "səbəti" arasında mövcud olan bərabərhüquqluluğun və balansın pozulması cəhdlərinə, ATƏT regionunu bir-birinə qarşı olan Avrasiya və Avroatlantika strukturlarının təsir dairələrinə bölmək niyyətinə aiddir. Bununla da, bu strukturların üzvü olmayan dövlətlərin maraqları inkar olunur. İllər boyu biz yorulmadan ATƏT-dəki tərəfdaşlarımızın diqqətini bu təşkilata üzv olan Ermənistan tərəfindən ATƏT-in bir sıra prinsiplərinin, o cümlədən təşkilata üzv olarkən üzərinə götürdüyü öhdəliklərin pozulmasına yönəldirik. Lakin məsələ olduğu kimi qalır. 

Bu problemlərin həll olunmaması təşkilatın fəaliyyətini sual altında qoya bilər. O ki qaldı Azərbaycana, o, ATƏT-ə üzv olan dövlətlərin suverenliyi və bərabərhüquqluluğunun toxunulmazlığından çıxış edərək, əvvəlki kimi təşkilatın fəaliyyətində fəal iştirak edəcək. Azərbaycan təzyiqi ünsiyyət vasitəsi kimi qəbul etmir. Bizimlə güc dili ilə danışmaq olmaz, heç alınmayacaq da”.

Aktual.az

Xəbər 987 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR