Bizi kim bədbəxt etdi?

Bizi kim bədbəxt etdi?

Mələk Heydərova

Gözəlim ölkəmizdə “bizim” adlandırdığımız bir cəmiyyət var. O cəmiyyət ki, yazılmamış qanunlara riayət edir. Daha sağlam sayılan cəmiyyətləri lağa qoyur, özünün normal həyat sürdüyünü zənn edir, əslində isə “xəstə” nəsil yetişdirməklə məşğul olur.

Təbii, problemsiz cəmiyyət yoxdu. İdeal cəmiyyət axtarışına çıxmaq da gülünc olar. Amma daha da gülünc olanı cəmiyyətimizin bəzi çatışmayan cəhətləridir. Axır vaxtlar özünü daha da qabarıq göstərən, həyatımızı stadiona, özümüzü isə idmançıya çevirən, bizi daima yarışmaq hissi ilə yaşadan bir problemə toxunacam. Sanki içimizdə həmişə qaçan idmançı var. O, zahirən də bizi yarışa həvəsləndirir. Yarış isə “göstərgə” adlı oyundan ibarətdir.

Həyatımız boyu “kimlərləsə” bəhsə çıxırıq, onlara baxıb hərəkət edirik. Bəs həmin "kimlərsə" kimdi? Bu qədər önəmsəyib, onlara tay olmaq istəyi haradan gəlir?

Uşaqlığa qayıdaq: Dərslərimizi pis oxuyuruq. Anamız, nənəmiz nə deyir? “Bax, filankəsin uşağı necə ağıllıdı, necə dərs oxuyur. Gündəliyində hamısı 5-dir. Bizimki isə iki vur iki, nədi, bilmir”. Ya da “filankəsin qızı kamallıdır, ağıllıdı. Evleri yığışdırır, süpürür. Anasına hər işdə əl tutur. Bizimki heç yerini də yığmır”.

Həmin naməlum kəslərdən çəkilən ən qəribə misal isə belədir: “Filakəsin qızı elə yaxşı oğlan “tapdı”, getdi ki... Gündə xaricdədir”. 

Qızların bədbəxtçiliyi də analarımızın dilindən eşitdiyimiz naməlum “kəslərin” ərə getdiyi oğlanı axtarmaqdır... bəhsə ərə gedirik. Xirtdəyəcən borca giririk, ən yaxşı toy etməyə çalışırıq. Sanki “bax, mən də yaxşısını tapıb getdim” deyirmiş kimi lazım olmayan insanları çağırıb göstərgə üçün masamızda əyləşdiririk. Bəy-gəlin kürsüsündə sinəmizi qabardaraq, xoşbəxtliyi üzümüzə çəkib, bizə bəxtəvərlik oxunsun deyə sona qədər rol oynayırıq və heyf ki, illər sonra peşmançılığını çəkirik...

Kişilərdə də eyni haldı. Sadəcə, fərq  kişilərin çox vaxt dost-tanışın havasına oynamasındadı. Bu isə yenə də ailədən gələn müqayisə təqdimatından asılıdır. Çünki oğlan dünyaya göz açandan ata-ananın ancaq göstərgə üçün geyinib-gecindiyini görür. Evlər, maşınlar “kimlərəsə” nələrisə sübüt etmək üçün alınır. Bunun üçün boylarını aşan kredit borclarına girirlər. Ana toya gedəndə hələ də pulunu vermədiyi ən böyük brilyant üzüyünü taxır, ata isə kreditə aldığı ən son bahalı maşını sürür. Və təbii övlad da boya-başa çatandan sora atası kimi göstərgə üçün ən bahalı maşını sürmək istəyir. Onun üçün oxumaq maraqlı deyil, lakin ən yaxşı universitetdə oxumağı arzulayır. Elə dosta-tanışa göstərmək üçün ən yaxşı “yerdən” də qız alacaq. Çünki o ancaq və ancaq bunu görüb, bunu bilir. Həyatın başqa həzzlərindən (kitab oxumaq, yaradıcılıqla məşğul olmaq, dünya ilə tanışılıq və s.) bixəbər yaşayan bu gənc kasad da olsa, özünün sahib olduğu ilə xoşbəxt olmağın nə demək olduğunu bilmir. Ona ötürülən var-dövləti daha səmərəli xərcləməyi, gələcəyi üçün bir şeylər etməyi düşünmür. Belə gənclərin sonunun necə bitdiyini isə bilirik...

Hə... bir də analar var, atasız övlad boyüdürlər. Az qala iyirmi dörd saat işləyib, evə bir parça çörək aparmaq üçün sağlamlıqlarından olurlar. Di gəl ki, övladına ağdan-qaraya əl vurmağa imka vermirlər. Qazandığı qəpik-quruşla balasını yaxşı məktəbdə, universitetdə oxutmağa çalışır, geyimini-gecimini bacardığı qədər təmin edir. Ailə qurmaq çağına gəldikdə, toyunu da təkcanına eləyir. Bir sözlə, son nəfəsinə qədər övladına xidmət edir. Düzdümü bu?  Sevgidəndimi bu? Məncə, yox! Bu fikirlər bir az qəddar görünə bilər. Ancaq bir ana doğrudan övladını düşünürsə, onu az yaşlarından həyata hazırlamalıdır. Övladı üçün dayə rolunu oynamamalıdır. Canını, sağlamlığını övladı üçün məhv etməməli, məhz balasına görə qorumalıdır. Belə anaların etdikləri bu hərəkət də yalnız göstərgə üçündür. ""Filankəsin” uşağından daha yaxşı oxusun, yaxşı geyinsin, yaxşı yerdə işləsin..." - deyə-deyə öz canından da əl çəkir, övladının gələcəyini də hardasa, məhv etmiş olur. Bəs ana istəklərinə nail olurmu?

Kimlərəsə acıq verərək, ana eqosuna qapılıb, uşağına özünün yaşamadığı həyatı vermək istəyir. Uşaq bunu istəyirmi bəs?  Bir gün ana olmayanda isə bu gəncin sonu nə ilə bitir?.. məlum məsələ.

Sonda ən qəribəsi...

“Kimsə” bizi dua edərkən izləyirsə, daha bərkdən, həvəslə dua etməyə başlayırıq. Halbuki adi zamanda, özümüzlə tək qalanda daha astadan, pıçıltı ilə dualar edirik. Namazı bəzən düşdüyümüz mühitdə, fərqli görünmək üçün qılırıq. “Mən özüm də, pis adam deyiləm, namaz qılıram...” Göstərgə üçün dinə gəlirik, dindən qaçırıq, işimiz düşəndə "Allah" - deyirik.

İmkanımız artıqca “kimlərinsə” əhatəsinə düşüb, fərqlənməyə can atırıq. Bu zaman isə şeytanı yada salırıq. Qəribə canlılarıq. Hər zaman fəqlənməyə, daha yaxşı, daha mükəmməl olmağa calışırıq. Bu yaxşıdı, amma doymuruq axı... Anlamırıq ki, ac gəlib, ac da gedirik dünyadan. Bir iz qoymadan, tarix yazmadan... Mal-mülk gözümüzü bağlamış, sürətlə yüksəlmək hirsi isə əsl xoşbəxtliyin nə olduğunu unutdurmuş...

Bax, beləcə “kimlərəsə” baxa-baxa, ömür boyu nəmalum “filankəslərlə” bəhsə giririk. İmkanlarımızın kənarında, bacara bilmədiyimiz işlərin öhtəsindən gəlməyə çalışırıq. Ev, maşın, telefon, hətta paltarlarımızı da borca alırıq... borcların ucbatından sahib olduğumuz çox şeyin ləzzətini görə bilmirik.

Həmişə də bu bəhsəbəhsdən məğlubiyyətlə çıxırıq. Göstərgə üçün etdiyimiz hər addım bizə qısa müddətlik xoşbəxtlik, ömür boyu peşmançılıq verir.

İndi sizdən soruşuram: həyatınızı başqalarına göstərərək, yaşamaq çoxmu maraqlıdır?

Bu sizə nə verir?! 

Xəbər 3257 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR