Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
“Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.”
Bu sözləri Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində aparılan işlərə münasibət bildirərkən Özbəkistandakı Azərbaycan diaspor təşkilatının rəhbəri Mobil Məmmədov deyib:“Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.”
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə reallaşan “Xocalıya ədalət” kampaniyasının nəticəsində dünyanın bir çox ölkələrinin bu faicəyə hüquqi qiymət verdiyini deyən Mobil Məmmədov bu istiqamətdə Diaspor Komitəsinin də kifayət qədər ciddi iş ortaya qoyduğunu dedi: “Biz də hər il mütəmadi olaraq Özbəkistan ictimaiyyətini Xocalı həqiqətləri barədə tam təfsilatı ilə məlumatlandırmaq üçün müxtəlif tədbirlər, layihələr həyata keçiririk. Hesab edirəm ki, bu çox önəmli məsələdir. Bu işdə Diaspor təşkilatlarının üzərinə xüsusi bir missiya düşür. Bizim əsas işimiz ölkəmizi dünyada layiq olduğu səviyyədə təmsil etməkdən ibarətdir. Bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət bizim fəaliyyətimizə birbaşa olaraq müsbət təsirini göstərməkdədir. Sevindirici haldır ki, bu münasibət Özbəkistanda adekvatdır. Özbəkistan Prezidentinin azərbaycanlılara qarşı göstərdiyi xüsusi münasibət bizim fəaliyyətimizin genişlənməsində xüsusi rol oynayır”