“Biz Şanxay Əməkdaşlıq Təşkilatına da, Avrasiya İqtisadi İttifaqına da, BRİKS-ə də üzv olmalıyıq”

“Biz Şanxay Əməkdaşlıq Təşkilatına da, Avrasiya İqtisadi İttifaqına da, BRİKS-ə də üzv olmalıyıq”

"Korrupsiya faktı ilə bağlı dövləti məlumatlandıranlar qorunmalı və mükafatlandırılmalıdır”

"Parlamentin səlahiyyəti artırılmalı, onun hökumətə nəzarət imkanları genişləndirilməlidir”

"Ölkəmizdə güclü məhkəmə hakimiyyətinin formalaşmasına ehtiyac var”

Qüdrət Həsənquliyev: "Ölkəmizi terrordan qoruyan DTX və DİN-nin peşəkarlığı ilə yanaşı, həm də uğurlu diplomatiyamızdır”

Qarşıdan gələn parlament seçkiləri, eləcə də Rusiya prezidentinin ölkəmizə səfəri, Ermənistanın sürətlə silahlanlanmaqda davam etməsi və s. son günlərin ən çox müzakirə edilən hadisələrindəndir.

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev moderator.az-a bu məsələləri şərh edib.

Aktual.az müsahibəni təqdim edir:

-Qüdrət bəy, 1 sentyabrda ölkəmizdə növbədənkənar parlament seçkilləri keçiriləcək. Sizcə parlamentdə milli-vətənpərvər qüvvələrin təmsilçiliyi xalqımızın, dövlətimizin maraqlarının müdafiəsi baxımından nə dərəcədə önəmlidir?

-Vətənpərvər olmayan adamlar adamlar ümumiyyətlə parlamentə düşməməlidir. Seçicilər də seçim edən zaman, bu amilə xüsusi diqqət yetirməlidirlər.

Hakim partiya torpaqlarımızı işğaldan azad edib. Azad edilən torpaqlarda böyük bərpa-quruculuq işləri gedir. Iqtidarın reytinqi həmişəkindən daha yüksəkdir. Bununla yanaşı, bu gün həm də parlamentdə müxalifətdə olan vətənpərvər siyasətçilər təmsil olunmalıdırlar. Bu seçkilərdə müxalifət seçkiləri udmaq yox, parlamentdə təmsil olunmaq və fraksiya yaratmaq uğrunda mübarizə aparır. Parlamentdə fraksiyaların mövcudluğu siyasi rəqabət mühitinin güclənməsi, parlamentin ölkənin ictimai-siyasi həyatındakı rolunun daha da genişlənməsi baxımından vacibdir.

Düşünürəm ki, iqtidar da ölkədə yeni konstitusiya islahatlarının aparılmasının zəruriliyinin fərqindədir. Parlamentin səlahiyyəti artırılmalı, onun hökumətə nəzarət imkanları genişləndirilməlidir. Bu, biznes mühitinin yaxşılaşması, iqtisadiyyatın inkişafı, qanunun aliliyinin daha yüksək səviyyədə təmini baxımından da önəmlidir. Parlamentdən mənim gözləntilərim budur.
Bizim seçkidən öncə iqtidar partiyasına müraciətimiz oldu. Müraciətdə qeyd etmişdik ki, iqtidar 83-dən artıq dairədə namizədlərini irəli sürməsin. Konstitusiya qanunların qəbulu üçün 83 səs çoxluğu lazımdır. Iqtidar 83-dən artıq namizəd irəli sürməsin ki, digər dairələrdə başqa siyasi partiya və bitərəf ictimai-siyasi xadimlərin mübarizə aparmaq imkanları olsun, fraksiyaların yaranması üçün zəmin yaransın. İqtidar bizim bu təklifimizi nəzərə almasa da, bəzi dairələrdə çox da güclü namizədlərlə çıxış etməyib. Bu da parlamentə başqa partiyaların namizədlərinin düşməsinə, parlamentin çoxpartiyalılıq əsasında fəaliyyət göstərsinə imkan verəcək.

Hesab edirəm ki, növbəti parlament daha güclü tərkibdə formalaşacaq.

–Məmurların müxtəlif dövrlərdə xaricə daşıdığı oğurluq pulların, habelə xaricdə qanunsuz şəkildə əldə etdikləri daşınmaz əmlakların müsadirə olunaraq dövlətimizə qaytarılması hər zaman əsas müzakirə mövzularından biri olub və bu gün də aktualdır. Sizcə bu istiqamətdə konkret hansısa addımlar atılmalıdırmı?

-Ümumiyyətlə, ölkədə korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir. Amma bunun üçün mütləq məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir. Dünyanın heç bir ölkəsində oğurluq yolla əldə edilmiş vəsaitləri tam olaraq geri qaytarmaq həmişə mümkün olmur. Bəzi hallarda oğurluq pula ev sahibliyi edən ölkələr də, bu pulu aid olduğu dövlətə qaytarmaqda maraqlı olmurlar. Baxmayaraq ki, oğurluq pulların geri qaytarılması ilə bağlı nümunələr var. Amma bu nümunələr çox deyil.
Əsas diqqət şəffaflığın artırılmasına yönəldilməlidir. Çalışmaq lazımdır ki, kimlərsə qanunsuz yollarla pul qazana, büdcə vəsaitini oğurlaya bilməsinlər. Bunun üçün kompleks islahatlar həyata keçirilməlidir. Korrupsiyaya qarşı mübarizə komissiyasının yeni tərkibdə formalaşdırılmasına diqqət yetirilməlidir.

Vaxtilə təklif etmişdik ki, bu komissiya korrupsiyanın subyekti olan şəxslərdən formalaşmasın. Orada icra hakimiyyətində, parlamentdə çalışanlar olmamalıdır. Bu komissiyada yalnız nüfuzlu hüquqşünaslar, ictimai xadimlər, iqtisadçılar olmalıdır. Sözügedən komissiya prezidentin yanında fəaliyyət göstərməlidir. Onun üzvləri tam müstəqil şəxslər olmalı,başqa vəzifə tutmamalıdırlar.Kommissiyanın iclaslarına müxtəlif şəxslər tutduqları vəzifələrə görə dəvət oluna bilərlər.
Düşünürəm ki, kompleks islahatlar keçirilsə, biznes mühiti yaxşılaşsa, bu bəlaya qarşı effektli mübarizə apara bilərik. Bunun tam kökünü kəsmək isə heç bir ölkəyə müyəssər olmayıb. Bizdə də buna tam nail olmaq çətindir. Amma korrupsiyaya qarşı səmərəli mübarizəni təşkil etmək mümkündür. Bunun üçün isə mütləq məhkəmə-hüquq islahatları nəticəsində güclü məhkəmə hakimiyyəti formalaşmalı və qanunvericiliyə elə dəyişikliklər etmək lazındır ki, vətəndaşlar hüquq-mühafizə orqanlarına inansınlar. Belə korrupsiya faktları haqqında məlumatları hüquq-mühafizə orqanlarına ötürməkdən çəkinməsinlər. Bu cür məlumatları ötürən şəxslərin təhlükəsizliyi təmin olunsun və onlar dövlət tərəfindən mükafatlandırılsın.
Prokurorluq orqanlarında çalışmış bir şəxs kimi deyə bilərəm ki, kompleks islahatlar aparılmadan, yalnız hüquq-mühafizə orqanlarının gücü ilə bu problemin öhdəsindən gəlmək mümkünsüzdür.



–18-19 avqust tarixində Rusiya prezidentinin ölkəmizə səfəri baş tutdu. Bu səfəri və onun nəticələrini milli maraqlarımız baxımından necə dəyərləndirirsiniz?

-Bildiyiniz kimi, Putin ölkəmizdə yüksək səviyyədə, xüsusi ehtiramla qarşılandı. Mən hər zaman söyləmişəm ki, Rusiyada hansı siyasi rejimin mövcudluğundan, kimin hakimiyyətdə olmasından asılı olmayaraq, biz Rusiya ilə dost olmağa çalışmalıyıq.

Putinə bu səfər lazım idi. Düşünürəm ki, o, bu görüşdən müəyyən müsbət dividentlər qazandı.
Bəziləri Azərbaycan iqtidarını ittiham edir ki, niyə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axrarışa verilmiş şəxsi Azərbaycanda belə hörmətlə qarşıladılar. Əvvəla, ona görə ki, Azərbaycan Roma statutuna qoşulmayıb. Buna görə də bizim həmin məhkəmə qarşısında heç bir öhdəliyimiz yoxdur.

İkincisi, söhbət Rusiyanın Ukrayna ərazisini işğal etməsindən gedirsə, mən digər bir nümunəni yada salmaq istəyirəm. Ermənistan o vaxt bizim torpaqlarımızı işğal eləmişdi. Köçəryanı, Sərkisyanı AŞPA-da alqışla qarşılamırdılar? Köçəryanı ABŞ böyük hörmətlə, ehtiramla qarşılamadımı? Ermənilər də bizim torpaqlarımızı işğal eləmişdilər. İşğal etdikləri şəhər və kəndlərdə daşı-daş üstündə qoymamışdılar. AŞPA, ABŞ öz maraqlarından çıxış edərək işğalçını ehtiramla qarşılayırdılar.Onların kiçik Ermənistandan heç bir asılılığı yox idi,amma bunu edirdilər. Azərbaycanın dövlət maraqları da Rusiya ilə münasibətləri qoruyub saxlamağı tələb edir. Bizim orada iki milyon soydaşımız var. Rusiya Federasiyasının tərkibində 8 türk respublikası mövcuddur. Orada 30 milyona yaxın müsəlman yaşayır. Biz isə həm müsəlman, həm də türk ölkəsiyik.

Rusiya 44 günlük müharibədə öz bitərəfliyini qoruyub saxladı. Hansı ki, Putinə bu məsələdə xaricdən çox böyük təzyiqlər var idi. Vaxtiylə Qorbaçov və Yeltsin bu cür təzyiqlərə davam gətirməyərək Birinci Qarabağ müharibəsində Ermənistanın yanında yer aldılar. Putin isə Azərbaycanın öz torpaqlarını azad etməsinə mane olmadı. Rusiya sonrakı dönəmdə vasitəçilik missiyası həyata keçirdi. Kəlbəcəri, Ağdamı, Laçını bir əsgər belə itirmədən azad etdik. Erməni separatçıları Qarabağdan çıxıb getdi və heç kim bizi ittiham edə bilmədi ki, onlara qarşı soyqırım törətdiniz. Rusiyanın bu məsələlərdə doğrudanmı xidmətləri yox idi? Əlbəttə, var idi!

Rusiya istəsəydi öz sülhməramlılarının Qarabağda qalmasını 2025-ci ilə qədər təxirə sala bilərdi. Amma buna baxmayaraq, onları Azərbaycandan çıxardı və imkan vermədi ki, Qərbin əlində oyuncağa çevrilən adamlar təbliğat apararaq gərginlik yaratsınlar. Rusiya bu gün Şimal-Cənub dəhlizinin açılmasında xeyli səy göstərir, Rəşt-Astara dəmir yolunun çəkilməsini istəyir. Bu dəmiryolu çəkilsə, Azərbaycan bundan böyük fayda götürəcək. Baxın, Çindən gələn yüklər Bəndərabbas limanına gəlir, oradan avtomobillərlə Azərbaycana daşınır. Amma biz bilirik ki, avtomobil daşımaları ilə müqayisədə dəmir yolu daşımaları daha ucuzdur. Bizim maraqlarımız Rusiya ilə əməkdaşlığı tələb edir. Prezident də çıxışında bildirdi ki, Rusiya ilə əməkdaşlıq bölgədə təhlükəsizliyə töhfə verir. Belə olan halda niyə Rusiya ilə əməkdaşlıq eləməyək?
Putinin Azərbaycana səfəri dövlət maraqlarımıza cavab verir və prezident də bunu nəzərə alaraq onu yüksək səviyyədə qəbul elədi. Hesab edirəm ki, Azərbaycan da bu səfərdən faydalanacaq.

-Son günlər həm də Azərbaycanın BRİKS-ə üzvlüyü məsələsi gündəmdədir. Sizcə bu quruma üzvlük Azərbaycanın maraqlarına cavab verirmi?

-Bugünlərdə bəzi media orqanları bunu Putinin səfəri ilə əlaqələndirdi və bildirdilər ki, guya bu səfərdən sonra Azərbaycan BRİKS-ə qoşulmaq üçün müraciət edib. Halbuki, belə deyil. Azərbaycan bundan çox əvvəl BRİKS-ə qoşulmaq üçün müraciət etmişdi. Çinlə imzalanmış ikitərəfli sazişdə də ölkəmizin BRİKS-ə qoşulması ilə bağlı xüsusi müddəa mövcuddur.
Azərbaycan uzun müddətdir ki, bu quruma üzv olmaq istəyir. Mən istərdim ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına, Avrasiya İqtisadi İttifaqına da üzv olsun.

Yalnız böyük iqtisadi birliklər çərçivəsində, beynəlxalq müqavilələr və qanunlarla qorunan iqtisadi münasibətlər olacaqsa, o zaman bizdə biznes inkişaf edəcək. Açıq deyək ki, özümüzdə müstəqil şəkildə azad biznes mühiti yarada bilmirik. Beynəlxalq qanunlarla qorunan iqtisadi münasibətlər çərçivəsində bizim iqtisadiyyatımzı daha sürətlə inkişaf edəcək. Mən iqtisadiyyatımızın inkişafını bunda görürəm.

Niyə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmur? Əslində Azərbaycan ÜTT-na da üzv olmalıdır. Rusiya da, Ermənistan da, Gürcüstan da bu qurumun üzvüdür. ÜTT-yə üzvlük iqtisadiyyatımızın inkişafına əlavə töhfə verə bilər.

-44 günlük Vətən müharibəsindən sonra Ermənistan sürətlə silahlanmaqla yanaşı, həm də Avropa İttifaqının yarıhərbi missiyasına, ABŞ və Fransa təlimatçılarımnap da qucaq açdı. Sizcə Ermənistanın sürətli silahlanması fonunda, həm də bölgəni Qərbin plasdarmına çevirməsi regiona, regionun təhlükəsizliyinə nə vəd edir?

-Ermənistan hazırda Rusiyadan sanki küsüb. Elə hesab edir ki, Rusiya onun işğalçılıq siyasətini davamlı olaraq müdafiə etməli idi. Ermənistan öz davranışları ilə deyir ki, sən ki, mənim işğalçılıq siyasətimə dəstək verməmisən, müharibədə mənə kömək eləməmisən, mən də sənə qarşı olan ölkələrlə əməkdaşlıq edəcəm.



Ermənistan reallıq hissini itirib. Ukrayna da bəzi reallıqları nəzərə ala bilmədi və bu gün böyük güclərin toqquşduğu arenaya çevrildi. Ukrayna dövləti və xalqı bundan heç nə qazanmır. 7 milyon insan ölkəni tərk edib, 100 minlərlə insan isə həlak və ya şikəst olub. Şəhərlər, kəndlər viran qalıb. Müharibənin isə sonu görsənmir.

Ermənistan bölgəyə kənar gücləri gətirməklə nəyə nail olmaq istəyir, doğrusu, bunu anlamaq mümkün deyil. Nə qədər qüvvə gətirsən də, regiondakı güclər bunu istəmirsə, regional gücləri özünə düşmən edirsənsə, bundan necə bir fayda götürə bilərsən? Bizim gözəl bir məsəlimiz var, deyir ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Sənin həyatın da, təhlükəsizliyin də öz qonşularınla bağlıdır. Sabah müharibə olsa, Ermənistan ona verilən silahlarla kiməsə atəş aça, müəyyən zərər vura bilər. Bəs bu qarşıdurmada balaca Ermənistandan geriyə nə qalacaq? Bunu anlamaq üçün böyük zəka sahibi olmağa ehtiyac yoxdur.

Liderlər özlərinin xarici siyasəıtini müəyyələnləşdirəndə mütləq daxili faktorları nəzərə almalıdır. Biz öz xarici siaysətimizi müəyyənləşdirəndə nəyi nəzərə alırıq? İlk növbədə müsəlman ölkəsi olmağımızı nəzərə alırıq. Bizim İsraillə müttəfiqlik münasibətimiz olsa da, İsrail bizi beynəlxalq təşkilatlarlda birmənalı şəkildə dəstəkləsə də, Fələstin məsələsində Azərbaycan İsrailin yanında durmur. Biz müsəlmanların qətlə yetirilməsini, İsrailin aşırı güc tətbiqini ədalətsiz hesab edirik. Azərbaycan öz dostlarının, müttəfiqlərinin yanında o zaman daynır ki, onlar haqlıdırlar. Biz Ukrayna savaşında da Rusiyanın yanında deyilik. Baxmayaraq ki, 2022-ci ildə Rusiya ilə müttəfiqlik haqqında saziş imzalamışıq. Biz beynəlxalq hüququn yanındayıq.
Biz həm də türkük və buna görə də türk dövlətləri ilə əlaqələrə xüsusi önəm veririk. Türk Dövlətləri Təşkilatında dövlətlərin daha sıx inteqrasiyasının tərəfdarıyıq və s.

Ölkənin daxili siyasətini formalaşdıranda da xarici faktorlar nəzərə alınmalıdır. Gürcüstandakı islahatların sonu Abxaziya və Osetiyanın itirilməsi ilə nəticələndi. Ermənistan islahatlarla özünü Rusiyanın dəstəyindən məhrum elədi. Bu isə bizə imkan yaratdı ki, torpaqlarımızı işğaldan azad edək.

Dövlət həyatı çətin və mürəkkəbdir. Bizim kimi strateji əhəmiyyətli coğrafiyada yerləşən ölkə üçün isə bu, xüsusilə çətindir. Böyük güclərin hamısının bu coğrafiyada marağı var. Azərbaycan bu səbəbdən də balanslaşdırma siyasətinə xüsusi diqqət yetirir. Biz Çinlə, Qərblə, ABŞ-la, Rusiya ilə münasibətləri elə səviyyədə saxlamağa çalışırıq ki, onlar ölkəmizdə sabitliyin pozulmasında, vətəndaş qarşıdurmasının baş verməsində maraqlı olmasınlar.
Bu gün Rusiyada, Türkiyədə, İranda terror aktları baş verir. Allaha şükürlər olsun ki, ölkəmizdə bu cür terror aktları baş vermir. Bunun bir səbəbi DTX-nın, DİN-nin peşəkar fəaliyyəti ilə bağlıdırsa, digər səbəbi uğurlu diplomatiyamız ilə bağlıdır. Bu mənada İrəvanın tutduğu yol yanlışdır və bu, Ermənistanın özü üçün yaxşı heç nə vəd etmir.

Ardı var…

Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR