Biz Pakistanı niyə bu qədər çox sevirik?

Biz Pakistanı niyə bu qədər çox sevirik?

Pakistan Parlamentinin üzvü, dəyərli dostum Faisal Rahmanın Bakıda olarkən söylədiyi sözlər hələ də qulağımdadır: "Əziz qardaş, biz sizə qəribə bağlıyıq. Və bəzən özümüz də anlamırıq ki, niyə məhz bu qədər? İnsanlarınız doğma, təbiətiniz doğma, yeməkləriniz ilk dəfə dadmağımıza rəğmən yenə də doğma...Nədir bunun açması?! Bəlkə min illər öncə bərabər yaşayıb, sonra ayrılmışıq? Bəlkə gen-kodumuz eynidir? Bəlkə bizi bir-birimizə bağlayan tellər düşündüyümüzdən daha dərindir?”

Gerçəkdən qəribədir. Pakistan harada, biz harada. Amma bu ölkənin adı çəkilərkən, ona bağlı, ona aid kimlərləsə üzbəüz gələrkən hamımızın üzü bir başqa gülür.
***

Təyyarədən enərkən cənab Prezidentin ovqatının nə qədər yüksək, sevincinin nə qədər böyük olduğunun fərqinə vardınızmı? Şəxsən mən vardım və hətta o məqama dəfələrlə, təkrarən baxdım.
Ya da qırıcıların müşayiətinə? Əlbət ki, təyyarə uçuşları onsuz da təhlükəsizdir və həmin təhlükəsizliyi təmin edən yetərincə texnoloji resurslar var. Amma Pakistan sanki bununla demək istəyirdi ki, siz bizim üçün özəlsiz və hər şeyi daha yaxşı, lap yaxşı, gərəkəndən də yaxşı eləmək istəyirik...
Pakistan həmin Pakistandır ki, 30 illik işğal faktına görə Ermənistanla bütün diplomatik əlaqələrini kəsib, Vətən Müharibəsində Azərbaycana müdhiş bir siyasi, mənəvi dəstək verib, haqqımızı daim öz haqqı kimi müdafiə edib, əsl qardaşlıq, dostluq mövqeyi sərgiləyib....
İndi isə bu bağ, bu doğmalıq daha da möhkəmlənir. İslamabadda imzalanan son dərəcə önəmli sənədlər də onun göstəricisidir ki, iki ölkə arasındakı əməkdaşlıq, tərəfdaşlıq münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və bizim bir-birimizə dövlət olaraq, millət olaraq yaxınlaşmaq imkanlarımız günü-gündən artacaq...

***
Parlamentdə Azərbaycan-Pakistan dostluq qrupunun daha öncəki rəhbəri  Qənirə Paşayeva idi. Allah ona qəni-qəni rəhmət eləsin. Həmişə gülümsəyərək deyərdi ki, Pakistana geniş heyətli səfər olsa rəhbərlik seçim eləməyə çox çətinlik çəkəcək. Çünki az qala bütün deputatlar o qrupun üzvüdür. İndi isə həmin missiyanı dəyərli həmkarımız Kəmaləddin Qafarov icra edir. Və ona da bu minvalla edilən müraciətlərin məğzi təxminən eynidir: "Pakistana, qardaşlarımızın yanına nə vaxt gedirik?”
Getmək demişkən, təxminən 1 il öncə Pakistana qəfil səfər çıxdı və səhər 10-da telefon açıb soruşdular ki, 1-də uçuşdur, hava limanına çata bilərsən? Bir baxdım saata, bir evə getmək, çamodan yığmaq, oradan aeroporta çatmaq imkanına....gördüm yox, alınmır. Və beləcə həmin fürsət əlimdən çıxdı.
Əslində oxşar hadisələr çox olub. Amma mən Pakistana gedə bilməməyin təəssüfünü hansısa ixtiyari səfərə getməməyin təəssüfü ilə heç zaman eyniləşdirməmişəm.
 
***
Haqqında az öncə bəhs etdiyim dostum Rahman dünən öz votsap statusuna üç ölkə bayrağının yanaşı rəsmini qoymuşdu.
Azərbaycanın, Türkiyənin,  Pakistanın...
Bir anlıq yadıma Vətən Müharibəsi düşdü. Vətən Müharibəsi və...bütün eyvanlarda göz oxşayan həmin bayraqlar...
Tanrı bu vəhdəti, bu xoşbəxtliyi, bu güvəni bizlərə çox görməsin...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR