Biz müttəfiq yox, yardım uman dilənçiyik – Babacanyan

Biz müttəfiq yox, yardım uman dilənçiyik – Babacanyan

Paşinyan Rusiya-Ukrayna savaşında Moskvanın müttəfiqi olmadığını deyir, sonra Qriqoryan 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndindən – Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yola nəzarətin Rusiya FTX-də olması – imtina etdiyini açıqlayır. Yəni Ermənistan Rusiyanın faktiki olaraq müttəfiqi deyil.
Aktual.az  xəbər verir ki, bu barədə erməni ekspert Avetis Babacanyanın geniş təhlilində qeyd edilib.
Babacanyan Rusiya-Ukrayna savaşında Moskvanın müttəfiqi olmadıqları barədə Nikol Paşinyanın CNN-ə açıqlamasına vurğu edərək, "Bəs Ermənistan kimin müttəfiqidir?” sualına cavab axtarmağa çalışıb:
"Ümumiyyətlə, kiminsə müttəfiqi olmaq üçün müttəfiqlik anlayışını anlamaq lazımdır. Müttəfiq olmaq üçün sən də nəsə təqdim etməlisən, gücün və bacarığın olmalı, kimsə sıxıntı anında kömək üçün sənə müraciət etməlidir, sən yardım əlini uzatmalısan. Ermənistan hansı ölkəyə bunu edir? Həmişə Ermənistan yardım üçün kiməsə üz tutur, ölkə yetim kimi hamıdan kömək, himayə diləyir. Bu ölkə özünü necə kiminsə müttəfiqi adlandıra bilər?”
O, siyasi dəstək baxımından da Ermənistanın heç vaxt etibarlı müttəfiq olmamasına diqqət çəkib:
"Paşinyanı kim hara çağırırsa, ora da gedir: Putinin dəvəti ilə Qələbə paradına gedir – halbuki bu, Qərbə qarşı demarşdır; Antirusiya ovqatlı Avropa Siyasi Birliyinin sammitinə çağırılır – Kişinyova gedir. Orada Rusiyaya qarşı vahid cəbhə yaratmaq çağırışı edilir və Paşinyan da onlara qoşulur. Bunun ardınca Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmaq üçün Türkiyəyə səfər edir. Belə görünür ki, Paşinyan sabah Türk Dövlətləri Təşkilatının və ya Ərəb Dövlətləri Liqasının konfranslarına dəvət edilsə, məmnuniyyətlə iştirak edəcək. Ermənistanın vahid siyasi xətti yoxdur, ona görə də heç kimin siyasi müttəfiqi deyil”.
O xatırladıb ki, Ermənistan Ukrayna savaşında Rusiyanın müttəfiqi olmadığını deyir, ancaq Ukraynaya humanitar yardım da etmir: nə Rusiya qarşısında müttəfiq vəzifəsini yerinə yetirir, nə də kollektiv Qərblə rəmfikir olur:
"Ermənistan əsaslandırmağa çalışır ki, 44 günlük savaşda Rusiya onu dəstəkləmədi, ona görə də Ukrayna savaşında Rusiyanı dəstəkləmir. Amma unudur ki, 44 günlük müharibə məhz Rusiyanın sayəsində dayandırıldı. Ermənistan hökuməti bir az adekvat olsaydı, bəlkə də müharibə 20 gün və ya daha az çəkərdi. 2020-ci il noyabrın 9-da Azərbaycan Ordusu Xankəndiyə girəcəkdi, şəhər boş idi, azərbaycanlılar Xankəndiyə də girsəydilər, indi "Artsax” olmayacaqdı. Rus ordusu ermənilərlə azərbaycanlılar arasında dayandı ki, Azərbaycan Ordusu irəliləməsin. İndi də Ermənistanın sərhədlərini Rusiya qoruyur, Qərbi Zəngəzurda da rus ordusu dayanıb. Yoxsa elə bilirsiniz Əliyev Paşinyandan qorxur, ya Papikyandan, ona görə (dəhlizi almaq üçün – red.) Qərbi Zəngəzura girmir?”
Babacanyan onu da bildirib ki, Ermənistan Ukrayna müharibəsində Rusiyanın müttəfiqi olmadığını deməklə faktiki olaraq Rusiyanın məğlub olmasını istəyir:
"Amma unudur ki, Rusiya məğlub olsa, Ermənistan türkləşəcək”.
Xəbər 203 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR