Biz Avropaya qucaqda gedirik - REAKSİYA

Biz Avropaya qucaqda gedirik  - REAKSİYA

ORXAN ÜLVİ YAZIR

Biz, dastanlardan, tarixdən tanıdıq qadın qəhrəmanlarımızı. At belində, döyüş meydanlarında olan, kişilərlə qoşa yay atıb, qurşaq tutub güləşən, cıdırda öndə gedən Burla Xatun, Banu Çiçək, Selcan Xatun kimi qadın qəhrəmanlarımız haqqında az adam məlumatsız olar.

Çünki tarixi ədəbiyyatlarda qəhrəman qadınlarımız haqqında nə qədər desən məlumatlar var. Məsələn Bərdə hökmdarı Nüşabənin makedoniyalı Isgəndərlə görüşüb, pul-paraya görə qan axıtmamağın vacibliyini anlatmaq, müharibə fikrindən daşındırmaq, heçmi qəhrəmanlıq deyil? Hələ Koroğlunun Nigarından, Nəbinin Həcərindən danışıb şablon cümlələr yazmaq istəmirəm. Bunlar tarixdi. Bizim qürurlu, fəxrli tariximiz! Çox təəssüf ki, bu gün həmin tarixdən bixəbər nə qədər gənclərimiz var, yetişir. Hətta divlərin başını sırayla kəsib nağıl qəhrəmanı olan Məlikməmmədi, tarixi şəxsiyyətlərimizdən üstün tutan gəncliyimiz yetişir...

Əslində belə bir yazıda bu cür qəhrəman Qadınlarmızın və Ərlərimizin adlarının hallanmasını istəməzdim. Onunçün adları keçən bütün qəhrəmanlarımızın ruhları qarşısında baş əyirəm. Düşündüm ki, bunlarsız da olmaz, axı. Bir millətin qəhrəmanından danışıb, "qəhrəmanını" tənbeh etmək vacibdi. Şükrlər olsun ki, yetərincə qəhrəmanımız da var...

... və həmin qəhrəman qadınlarımız döyüş meydanlarında at belinə qalxmaqla ad qazanıblar. Bu gün həmin qadınların örəmə-törəməsi qucağa tullanmaqla ad çıxarırlar. Yəqin söhbətin nədən getdiyini anladınız. Formula-1 yarışlarında təşkil olunan konsertdə azərbəycanlı qız ispan müğəni Enrike Iqlesasın qucağına atıldı. Nə qədər utanverici, nə qədər ayıb, nə qədər...

Həmin görüntülərin vidyogörüntüsünə baxanda orda olan qızların bir çoxunun həmin hərəkəti, hətta artığını etmək kimi istəyinin olduğunu anlamaq çətin deyil. Hələ o qızı Enrikedən zorla ayırıb aşağı atandan sonra sağ əlini başına çəkdirən qızları demirəm. Onun bu hərəkətində ayıb axtarmayan, əksinə bunu qınayanları tərbiyəsiz söyüşlərlə təhqir edən qızcığazları neynəyək? Bir müddət öncə "Evrovizion" yarışmasında səhnəmizin "ulduzu" Səmranın hollandiyalı müğənninin qucağında oturması yadımızdadır. Ay Səmra niyə belə etdin, yol olar, axı, dedik. Özünə haqq qazandırdı ki, sən demə həmin hollandın xobbisiymiş qızları qucağına götürmək. "Narıncının gədəsində fərasətə bax" deyib, keçdik. Buyurun. Bu da ispan. Bunun da xobbisi qucağına qız götürməkdimi? Axı yenə qucağa qalxan Səmranın həmvətənlisidi. Və o qızın istəyində olan nə qədər davamçıları da var hələ...

Sizi əmin edirəm ki, elə qızların atasının danışdığı qeyrət dərslərini, heç bir universitet, heç bir soykök, heç bir mədəniyyət verə bilməz. Həmin kişilər ölkənin aqibətini həll etməkdən dəm vururlar. Həmin kişilər məmurların idarəsizliyinə görə ağızlarına gələni önlərinə qusullar. Həmin kişilər Socarın gürcülərə qaz satmasına etiraz edir. Öz aləmlərində qazımıza sahib çıxmaq istəyirlər. Absurd...

Qızına sahib çıxa bilməyən, qazınamı sahib çıxacaq? Adın da qoyuruq Avropalı oluruq, Avropaya gedirik. Avropalılar Formula-1 yarışlarını Ferrarilərdə bizim yollarda keçirdir, biz Avropaya qucaqda gedirik... Heyf, Burla Xatun, Selcan Xatun, Banu Çiçək, Nigar, Həcər və minlərlə qəhrəman qadınlarımız avropalı olmağımızı görmədilər. Amma yaxşı da görmədilər. Bu xəcalətlə yaşamaqdansa, ölmək yaxşıdı!

Xəbər 2248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR