"Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyinin “Birgəyaşayışın Azərbaycan modeli” adlı layihəsi çərcivəsində İsmayıllı rayonunda təşkil etdiyi təlim yekunlaşdı.
Təlimin ikinci günündə iştirakcılara multikultralizmi dəstəkləyən beynəlxalq layihələr, xarici təşkilatların bu istiqamətdə tədbirləri, eyni zamanda Azərbaycanda multikultralizm tədbirləri haqqında məlumat verildi. İnteraktiv metodla davam edən təlimdə iştirakcılar İsmayıllıda dini, milli icmaların multikultralizmə xidmət edəcək tədbirlər planı hazırladı. Təlimçi Günel Səfərova dini və milli icmaların və yerli QHT –lərin əməkdaşlıqlarının sosial problemlərin həllində olduqca əhəmiyyətli olduğunu vurğuladı.
Təlimdə iştirak edən dini icma nümayəndələri İsmayıllı rayonunda dini radikalizmin qarşısının alınması məqsədi ilə məscidlərdə hər bir insanın istifadəsi üçün nəzərdə tutulmuş kitabxananın yaradıldığı, dini icma üzvləri tərəfindən ehtiyacı olan insanlara sosial layihələrin həayata keçirildiyi haqda məlumat verdi.
İsmayıllı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Xətai Abbasov bildirdi ki, İsmayıllı rayonunda tolerantlıq və birgə yaşayışın müsbət nümunəsinin olmasına baxmayaraq QHT –lərin bu sahədə aktivləşməsinə ehtiyac vardır.
Təlim iştirakcılarının sualları cavablandırıldıqdan sonra təlimci tədbirin yekunu olaraq gələcək fəaliyyət planlarının ilkin formaları haqqında kiçik yekun təqdimat etdi.
Xatırladaq ki, “Birgəyaşayışın Azərbaycan modeli” layihəsi QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir.