Akif Səmədin 55 illiyinə...
1989-cu ilin iyul ayının 5-i idi. Beş gündü ki, Saatlı RTŞ-yə inspektor vəzifəsinə təyin olunmuşdum.Hamı məzuniyyətə getdiyindən idarədə tək qalmışdım. İçəri bir cavan oğlan girdi və özünü təqdim etdi:
-Sımada kənd orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Osman Musayev.
- Çox gözəl, əyləşin.
Xeyli söhbət etdik. Hər ikimiz Saatlıya təyinatla gəlmişdik.Qazaxdan olduğunu söylədi və mənim də yoldaşımın qazaxlı olduğunu biləndən sonra söhbətimizi çayxanada davam etdirməyi qərara aldıq.
Birdən qayıtdı ki:
-“Dönüş” qəzetində şeirləri dərc olunan Şəmsi Qoca sənsən?
-Bəli, mənəm.
Bir qədər tənqidi mülahizələrini söylədi və düzü onun bu cür təhlili mənə ləzzət elədi. Hiss olunurdu ki, Osman müəllim Bakı ədəbi mühitinə yaxındır. Məndən Akif Səmədi tanıyıb-tanımadığımı xəbər aldı.
-Düzü tanımıram-dedim.
-Cox nahaq. Yoldaşınla bir kənddəndi, İncəlidir. Bilirsən necə gözəl şairdir? Mən deyərdim ki, müasir dövrdə ən yaxşı yazanlardan biri Akifdir. Sadə, təvazökar adamdır. Mütləq sizi tanış edərəm. Amma bir şey də deməliyəm.
-Nədir o?
- Səndə Akif Səməd ruhuna qəribə bir yaxınlıq var. Şeirlərindən Akif ruhu duyulur. Ona görə xəbər aldım.
-Vallah, elə bir şairlə tanışlığım da yoxdur, şeirlərini də oxumamışam-dedim.
- Çantasından iki kitab çıxardı:
-Akifin kitablarıdır. Sənə verirəm. Oxu, onda fikirlərin daha mükəmməl olacaq.
Kitabları aldım. Əl boyda olan bu kitablarda Akifin 70-ci illərdə yazdığı şeirlər toplanmışdı.
İşdən qayıdanda kitabları da özümlə götürdüm. Evdə yoldaşıma göstərib:
-Bu şairi tanıyırsanmı?-deyə soruşdum.
-Əlbəttə, bu ki, mənim sinif yoldaşımdır,qohumumdur, necə tanımaya bilərəm? Sonra Akifdən bir xeyli söhbət elədi. Şeirlərdən oxuyub Akif ruhunun qonağı olduq. Mənim
Akif Səmədlə ilk tanışlığm belə oldu.
Bunu yazmamışdan da mətləbə keçə bilərdim. Amma yazının girişində bunu qeyd eləməyimin səbəbi var. Hörmətli oxucunun səbri çatsa sonda məqsədimi biləcək.
****
Aslanbəyli kəndi unikal kənd olduğu kimi, adamları da bənzərsiz və təkrarolunmazdır. Və bu kəndin ən unikal adamı da Akif Səməddir. Kənddə hamının sanballı Səməd deyə çağırdığı Səməd kişi öz ağır və ağayana təbiəti ilə seçilirdi. Kişinin bu xasiyyəti Akifdə də vardı. Sözü salğarlı, özü salğarlı və sanballı kişi olmağı ilə.
Anası Akifi şair doğmuşdu. Təpədən dırnağacan, bütün varlığı ilə şair idi Akif Səməd. Adəmdən özünəcən bircə qarışlıq bir ömür yolunda özünü və ruhunu yazırdı bu adam. Heyrətamiz dərəcədə Azərbaycan və dünya ədəbiyyatına və mədəniyyətinə bələd olan Akifin nə zaman bu qədər oxuduğunu, nə zaman bu qədər yazdığını məncə kimsə bilmədi, daha doğrusu bilə bilmədi. Hörmətli akademikimiz Nizami Cəfərovun təbiri ilə desək, adam mat qalırdı ki, bu dərvişin nəyinə lazım idi bu qədər hər şeyi dərindən bilmək? O, ki sadə bir sufi ömrü yaşayırdı. Dünyanın malında, mülkündə zərrəcə gözü və tamahı olmayan bu adam bildiyini şeirlərindən başqa heç yerdə nə istifadə,nə də nümayiş elətdirmirdi.
Özünü yazırdı. Yazdıqca da Tanrı verdiyi ömrü dəlicəsinə xərcləyir, anbaan, saniyəbəsaniyə qocalırdı. Müdrik qocalar kimi, dünyanın dərinliyinə, həyatın ənginliyinə varır, sözün canına can qatırdı. Söz onun üçün hər şey idi, çünki özü söz idi. Adi söz deyildi, amma. Tanrı pıçıltısı, göylərin səsi idi. İlhamının mayası haqdan, özü uzaqdan gəlirdi:
Bir meşədə bir ağacam, kölgəsiz,
Arzularım, gümanlarım bəlkəsiz.
Dağ döşündə bir bulağam, kimsəsiz,
Öz zümzüməm, öz gümültüm, həyanım.
Dörd tərəfində adamlar, ətrafında sözünün istisinə qızınanlar, ocağından köz götürənlər çox olsa da Akifdə qəribə bir təklik, yalqızlıq vardı.O, özüylə danışırdı. Üzü müsahibinə tərəf olsa da ürəyi, beyni öz dünyasında idi. Özündə, sözündə olmazdı, cezv məqamından enməzdi. Təbrizin, Şuşanın dərdini çəkir, həsrətin, ağrının, acının içindən qıvrılıb gələn nisgilini Arazın rənginə çevirib gözlərinə hopdururdu:
Görəsən necədi murazın rəngi?
Yenə yaşıldımı bu yazın rəngi?
Gözümə çəkilib Arazın rəngi,
Təbriz saçlarımda-dəndə yaşayır.
Kəndi şəhərə daşıyan İncə yollarının həsrətini çəkə-çəkə üz tutdu doğma Qazaxa, ruhunun pərvəriş tapdığ yerə. Bərələri, bəndləri,qarış-qarış gəzib təzədən Bakıya qayıtdı.”Səhraya qaçan Məcnuna, Olub bəhanə dərvişlik” -deyib də özünün ən mübhəm sirrini açdı, açılmayan sirr qalmaması üçün sözün pərvanəsinə döndü Akif Səməd:
Pərvanə könlümün
Oda yanmağı var.
Bir dənizdə susuz
Ada yanmağı var.
Kərəm bilib güldün,
Yar qoynundan sürgün,
Akifin də bir gün,
Dədə, yanmağı var.
Həmin o bir günün sorağıyla haralara getmədi, kimlərə üz tutmadı? Həmin o bir gün isə onu qarabaqara izləyir, onu yandırıb-yaxacağı anı gözləyirdi. Elə yandırmaq ki, tüstüsü çıxmasın, amma səsi, sorağı aləmi başına götürsün.
Sazın Yunus Əmrə kökünü, Mövlana kökünü, Ədalət kökünü, təkcə Akif bilirdi. Öz bildiyi kimi də havaları ürəyində çalırdı. Çaldıqca da alnındakı qırışdan qan damırdı mizraba, sazın simlərinə. Allahı insafa çağıran Akif, insanı Allahın köməyi, Allahın da elə insaf olduğunu bildirir, ona görə də insafı salamlayırdı:
Allah insaf deməkdir,
İnsafa salam olsun.
İnsan sana köməkdir,
İnsana salam olsun.
İnsanda insafı görməyib onun allahsızlığını dərk edən Akif qoşa infarkt keçirməyib neyləməliydi?
“Şahı yekəxana, qulu heyvərə” dünyaya bir dəfə gəlib də bir dad dadmayanbu dərviş təzədən gəlməyə hacət ummur və ömrü birtəhər başa vurub Haqqa qovuşmağa can atırdı. Yaşadığı illərin mahiyyətini Atilaya belə anladırdı:
Yamanın görkü olmadım,
Yalanın kürkü olmadım,
Yamacda tülkü olmadım,
Pələngcə yaşadım, oğul!
Di gəl ki, pələngcə yaşayan Akifin ətrafında həpənd tülkülər də az deyildi. AYB-nin qurultayından sonra kimlərəsə xoş gəlsin deyə, Akifnən salam verməyi özünə sığışdırmayan “həpənd dostlar” da varıymış. Bunu hələ illər öncə bildiyindən:
Məni dostlarım öldürdü,
Düşmən dirildər, inşallah-demişdi Akif.
Və bir də demişdi ki:
Ocağı mənə göstərin,
Yurdumda daş olum, qalım.
Elə də oldu. Ocağın yerini tapıb İncə dərəsində daş heykələ döndü Akif Səməd. Uşaqlıqda yüyürüb qaçdığı, bənövşələrinin telinə sığal çəkdiyi Aslanbəyli qəbristanlığında uzaqlardan gələn ziyarətçilərini-söz, sənət xiridarlarını salamlayan heykələ....
***
4 iyul 2004-cü il. Saatlıdan köçümü dartıb gətirdim Bakıya. Axşam Akifə zəng elədim:
- Qardaş, axır ki, köçü gətirdim.
- Əcəb elədin! Axır ki gəldin. Onda sabah Natəvan klubuna gəl, saat 12-də Rəfailin ( İncəyurd) 50 illiyidir.
- Bəlkə gəlməyim. Evi səliqəyə salmaq lazımdır.
-Fəridə eləyər. Sən mütləq gəl.
Səhəri gün Natəvan klubuna getdim. Bir az gecikmişdim deyəsən. Ayaqüstü görüşdük. Tədbir başladı. Xeyli çıxışlar oldu. Məclisi Akif aparırdı. Mənə də söz verdi.
Tədbir qurtarandan sonra foyedə yenidən görüşdük. Çox pis öskürürdü. Rəngi də qapqara qaralmışdı.Qoluma girdi:
- havam çatmır-dedi- gəl çölə çıxaq.
Çöldə bir qədər Aşıq Ədalətlə söhbət eləyib AYB-nin qarşısındakı bağa keçdik. Təxminən bir saat mənə son dövrdə baş verənlərdən, etibarsız insanlardan danışdı. Məmməd Dəmirçioğlunu xəbər aldım. Dedi ki, Məmməd Daşkənddədir. Sağ olmuş gəlib çıxmır. O burada olanda özümü rahat hiss edirəm.
Baxışlarını uzaqlara zilləyib dedi:
-Şəmsi, dost Məmməd kimi, Qafar kimi, Nəvai kimi olar. Daha bir bakal pivəyə tost deyən filankəslər kimi( bir düjün ad çəkdi) olmaz.
Siqaretim yox idi. Siqaret istədim. Onda da qurtarmışdı. Kənarda söhbət eləyən Ramiz Hümmətova yaxınlaşıb söz demək istədim. Arxadan boynumu qucaqlayıb:
-Şəmsi məni tut-dedi. Geri çevrilib onu qucaqladım. Rəngi qapqara qaraldı...
Süni nəfəs verdim. Heyhat:
Bir kənddən çıxmağım keçmişdə olub,
Bağışla, İncəsu, keçmişdi, olub.
Çıxmışam cəhənnəm, bir işdi, olub,
Qayıda biləydim sonda o kəndə-deyən Akif kəndə qayıdırdı. O kəndə ki, orda onu sevənlər, sözünün şəhdinə uyanlar vardı...nAğlıma ilk gələn Osman oldu. Osman Ənvəroğlu. Zəng elədim:
-Osman, Akif rəhjmətə getdi...
-Dəlisən?
-Yox. Amma Akif yoxdur artıq.
-Gözlə, gəlirik.
Bu da məhz iyulun 5-də oldu. 15 ildən sonra Akifin dediyi təsdiqini tapdı:
-Bircə qarış yol varıymış, Adəmdən Akif Səmədə.
Şəmsi Qoca