Bir qərarın SİRRİ - “Zəfər seçkisi” ilə bağlı önəmli AÇIQLAMALAR

Bir qərarın SİRRİ - “Zəfər seçkisi” ilə bağlı önəmli AÇIQLAMALAR

Politoloq: "Prezident İlham Əliyevin erkən seçki qərarının sirrini məhz o amildə axtarmaq lazımdır ki...” 
 
Hər kəsə bəllidir ki, gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Artıq ötən həftənin şənbə günündən başlayaraq, ölkəmizdə prezidentliyə iddiaçıların irəli sürülməsi kampaniyasına başlayıb. Bununla birmənalı şəkildə demək olar ki, bu həftə bizlər ölkə rəhbərliyinə kimlərin namizəd olacağı ilə əlaqədar bir mərhələ yaşayacağıq. 
 
Həftənin ilk günü barədə deyə bilərik ki, seçkilər ətrafında susqun bir gün kimi keçdi. Qəzet çapa gedərkən hələ bir namizəd belə məlum deyildi. 
KXCP-nin İdarə Heyəti dekabrın 11-də 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkisində partiyanın öz namizədi ilə iştirakını ətraflı müzakirə edib. Partiya məsələnin müzakirəsini 17 dekabr 2023-cü ildə keçiriləcək Ali Məclisin sessiyasında müzakirə edilməsi haqqında qərar qəbul edib.
Hazırda bu seçkinin vaxtından 1 il iki ay əvvələ salınmasını zəruri edən səbəblər barədə müzakirələr daha çox təşkil edir. Bu arada qeyd edək ki, ölkəmizdə prezident seçkisi əslində 2025-ci il aprel ayının ilk ongünlüyündə keçirilməli idi. 

Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev seçki barədə bunları deyib:
 "7 fevral tarixində keçiriləcək seçkinin ilk dəfə suverenliyimizin tam bərqərar olduğu dövrə təsadüf etməsinin, "Zəfər seçkisi" adlanmasının, dəyərli soydaşlarımızın 30 il sonra öz əzəli torpaqlarında, doğma Qarabağımızda yenidən səsvermə prosesinə qoşulmasının heç şübhəsiz xüsusi anlamı var. Burası məlumdur. Amma verilən qərar, imzalanan sənəd, seçki gününün təyin edilməsi həm də hüquqdur! Prezidentin konstitusion hüququdur. Yəni dövlət başçısı istəyər həmin qərarı 1 il sonra verər, istəyər 1 il əvvəl. Ya da ümumiyyətlə verməz. Niyə bu iki məqamı məxsusi qeyd edirəm? Çünki seçki tarixi müəyyənləşəndən bəri tənqidçi müxalifətin hər türlü şərhi ilə qarşılaşdıq. Hətta ilyarımlıq tezləşməni "saxtakarlıq” adlandıranlar da tapıldı. Daha sonra isə məlum zehniyyətin sahibləri həmin düşüncəni, qavrayışı, əndirəbadi qənaəti tirajlamaqdan belə çəkinmədilər. Hərgah, yanaşmanın kökündən yanlış olması gün kimi aydındır. Əvvəla, Vətən müharibəsindəki qələbəmizdən sonra həqiqətən də düzən dəyişib, yeni reallıqlar formalaşıb, çağırışlar meydana gəlib. İkincisi, bir siyasətçinin - xüsusən də əgər o ölkə başçısıdırsa - istənilən taktiki gedişlər etmək ixtiyarı və haqqı yalnız özündədir. Nəhayət, üçüncüsü, seçki zamanla deyil, daimi hazırlıqla gözlənilməli olan prosesdir. Yəni tutaq hansısa rəqib oturub fil qulağında yatacaqsa ki, seçki filan ildə olacaq və mən də 1 il qalmış hazırlaşaram, tədarük görərəm - bu artıq iş deyil. Üstəlik, iqtidarın problemi də deyil. Çünki siyasət - ekstremal fəaliyyət növüdür. Onunla mövsümdən-mövsümə, rübdən-rübə hobbi kimi məşğul ola bilməzsən. Oldunsa, batdın.
 
Digər bir məsələ: bəzi qüvvələr həmişə seçki istəmirdilərmi, arzulamırdılarmı? Buyurun, bu da sizə seçki. Ürəyindən keçən marafona qoşulsun, gücünü sınasın, təbliğatını aparsın. Axı kimsənin qarşısı kəsilməyib. Yoxsa ay məcəllə dəyişməlidir, seçki orqanları filan əsasla formalaşmalıdır və sair, ilaxır - bunların hamısı, sadəcə, bəhanə yığınıdır. Hə, orası da məlumdur ki, ürəkdən keçirmək söhbəti işin mində bir tərəfidir, əsas məsələ 40 min imzanı yığmaq, təbliğat aparmaq, etimad qazanmaqdır. Onu isə heç şübhəsiz, partiyasının qeydiyyatı üçün 5000 imzanı zor gücünə toplayanlar əsla və əsla bacarmazlar. Bu səbəbdən də özlərinə əl qatıblar, artıq fantastik düstur və təkliflərlə çıxış edirlər, boykot qərarı üçün zəmin hazırlayırlar. Küsüblər seçkidən. Dünəndən küsün. Hətta çalışın, küskünlüyünüz heç keçməsin. Qaramat ideyalarınız epidemiya halı almasın. Özünüz-özünüzü yoluxdurun, xəstələnin-sağalın, deyinin-sakitləşin.
 
O gün BBC-də bir yazı oxudum. Əməlli "sifariş” iyi gəlirdi. Kimsə(lər) 42 min dollarından keçərək yenə nəşrin bütöv səhifəsini satın almışdı(lar). Döşəmişdilər iqtidarın ünvanına. Böhtanın, yalanın, iftiranın da beşi bir qəpik. "Day-dayılıq” institutu dünyanın hər yerində və bütün zamanlarda keçərli olub. Keçərli və məşhur: Qrant paylayan "dayı”lar, fetoçuların inkubasiyasına cavabdeh olan "dayı”lar, şaxta baba əvəzinə səfirlik əli ilə sovqat göndərən "dayı”lar və s... Amma nə gizlədim, məlum kontekstdə BBC-dən (oxu: bibisindən) yarıyanları ilk dəfədir görürəm. Allah mehriban eləməsin".

Adil Əliyev 
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev qeyd etdi ki, təyin olunmuş növbədənkənar Prezident seçkisi Azərbaycan xalqına öz iradəsini vaxtından əvvəl ifadə etməsinə şərait yaradır: "Bu seçkiləri bizim üçün mötəbər edən növbəti vacib bir hadisə isə ilk dəfə olaraq bütün Azərbaycan ərazisində seçkilərin keçirilməsi ilə bağlıdır. Artıq ölkəmiz ərazi bütövlüyümüzü bərpa etməklə ölkə ərazisindəki "boz zona"ya son qoyaraq suverenliyimizi bərqərar edib. İlk dəfə olaraq keçmiş məcburi köçkünlər öz dədə-baba yurd-yuvalarında səs verəcək, səsvermədə iştirak edəcəklər. Bu isə xalqımızın legitim hüququnun həyata keçirilməsinin məhz kuliminasiya nöqtəsidir.

Bütün namizədlərə növbəti dəfə seçkidə bərabər imkanlarla çıxış etməsi və namizədliklərini irəli sürmək üçün demokratik mühit yaradılıb. Təəssüflə qeyd etməliyəm ki, bəziləri hələ də hansısa səbəbdən bu prosesə kölgə salmağa cəhd edirlər. Bəs sual yaranır ki, bunlar kimlərdir. Məhz marjinal müxalifət olan və dəstəkçi sayı 5000 nəfəri tapa bilməyərək, partiyalarını qeydiyyatdan keçirməyə aciz olanlardır. Onlar Vətən müharibəsindən əvvəl "Qarabağı unudun və bu məsələnin həllinin qeyri-mümkündür” bildirənlər idi. Daha sonra qazanılmış tarixi Qələbədən sonra Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirələrindən utanmayıb bu Qələbəyə kölgə salmağa cəhd edənlər idi. Hər dəfəsində Xankəndi şəhərinin heç zaman azad olmayacağı kimi cəfəng fikirlər səsləndirib, insanlarımız arasında qütbləşməyə cəhd edənlər məhz 19 sentyabrda 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə növbəti dəfə susmağa məcbur oldular.
 
Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyində düşmənin 30 il davam etmiş işğalına son qoyulub, Azərbaycanın gücü və qüdrəti dünyaya nümayiş etdirilib. Nəticədə şanlı üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır. İndi isə Azərbaycan xalqı böyük ruh yüksəkliyi ilə seçkiyə hazırlaşır. Dövlət bütün namizədlərə imkan yaradır.

Lakin cəmi bir suala cavab tapsaq bu prosesi də həll etmiş ola bilərik. 5000 nəfər dəstəkçi tapa bilməyən və partiyasını qeydiyyatdan keçirməyi bacarmayanların dəstəkçi taparaq namizəd kimi qeydiyyata alınması mümkün deyildir. Məhz Azərbaycan xalqı ölkədəki siyasi partiyaların vahid bəyanatla çıxış etdiyi zaman həmin bəyanata öz şəxsi ambisiyalarına qoşulmayanları da gözəl tanıyır.
Təbii ki, bu gün öz gücünü və qüdrətini dünyaya nümayiş etdirmiş, ən güclü ordulardan və iqtisadiyyatdan birinə sahib olan Azərbaycan xalqı bundan sonra da ona tarixi Qələbəni bəxş edən, hər zaman xalqına verdiyi sözü tutan öz Liderini təkrarən seçərək, onun rəhbərliyində uğur qazanacaq".

Elxan Şükürlü
Ədalət Partiyasının sədr müavini, politoloq Elxan Şükürlü
nün bu barədə fikirləri diqqət çəkir. O, verilmiş qərarın tam yerində olduğunu düşünür: "Görünən odur ki, erkən seçki qərarında daxili deyil, məhz xarici faktorlar əsas rol oynayıb.
Xüsusən o fakta diqqət yetirmək gərəkdir ki, Əliyev erkən seçki qərarını açıqlamazdan bir gün əvvəl - dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” adlı tədbirdə həm Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarının real durumu və perspektivləri haqqında cəmiyyətə müfəssəl məlumat vermiş, həm də regionda rəqabət aparan güc mərkəzlərinə ünvanlı çox mühüm, hətta ilk dəfə dilə gətirilən bəyanatlar səsləndirmişdi. 

Məsələn, Əliyevin ilk dəfə açıq şəkildə dilə gətirdiyi bəyanatlardan biri Azərbaycanın xarici siyasət konsepsiyasında Avropa İttifaqına üzvlük məsələsinin hədəf olmadığını və Azərbaycanın da heç vaxt Avropa İttifaqına üzv qəbul edilməyəcəyini elan etməsi idi. 

Eyni zamanda Əliyev diplomatik dillə Ermənistanın da Rusiyanın çətiri altından çıxıb Qərbə inteqrasiyasının rəsmi İrəvan üçün qurtuluş olmayacağına əminliyini ifadə etmişdi. Paşinyanın cəhdlərini "bir qütbdən digərinə xaotik keçid” və "yeni böyük qardaş axtarışı” kimi qiymətləndirən Azərbaycan Prezidenti "daha uzaqda olan yeni böyük qardaş”ın əvvəlkindən yaxşı olacağına şübhə etdiyini dilə gətirməklə yanaşı, Ermənistanın öz suverenliyini yalnız Cənubi Qafqaz ölkələri ilə birgə addımlayacağı halda təmin edə biləcəyinə açıq eyham vurmuşdu. 

Yəni daha konkret desək, Əliyevin 6 dekabr bəyanatlarının məzmununun təhlilindən çıxan nəticə o idi ki, Qərb-Rusiya qarşıdurmasının növbəti episentrinə çevrilən Cənubi Qafqazı qarşıdakı illərdə çox çətin bir mərhələ gözləyir və hər üç Cənubi Qafqaz respublikasının geopolitik seçimi bu təhlükənin miqyasına da mütləq təsir göstərəcək.

Xatırladaq ki, 2020-ci ilin 44 günlük Vətən savaşından sonra Prezident İlham Əliyev Cənubi Qafqazda davamlı sülhə və əməkdaşlığa nail olmaq üçün hər üç respublikanın öz yaxın qonşuları ilə - Rusiya, Türkiyə və İranla birgə yeni bir formatda əməkdaşlığa başlamasının zəruriliyini elan etmişdi. 2023-cü ilin 20 sentyabrındakı antiterror əməliyyatlarından sonra isə daha açıq şəkildə "Regiondan kənar qüvvələr əllərini bizdən çəkməli, imkan verməlidirlər ki, Cənubi Qafqaz rahat nəfəs alsın” çağırışını Qərbə ünvanlamaqla, Ermənistanla sülhə də məhz onların maneçilik törətdiyini vurğulamışdı. 

Əslində elə Prezident İlham Əliyevin erkən seçki qərarının sirrini də məhz bu amildə -Azərbaycanın 2020-ci il savaşından sonra regionda yeni reallıqlara uyğun olaraq təklif etdiyi və 2023-cü ildəki antiterror əməliyyatları ilə daha da gücləndirdiyi yeni geopolitik paradiqmanın - 3+3 formatının gerçəkləşməsinə Qərbdən yaranmış risk və təhlükələrdə axtarmaq gərəkdir. 

Bir qədər də dəqiq desək, Əliyev Cənubi Qafqazda davamlı sülhə nail olmaq uğrunda Qərblə açıq döyüşə başlayır və üzərinə olacaq hücumdan qorunmaq üçün də döyüşöncəsi səngərlər - siyasi müdafiə sədləri qurur, ehtiyat tədbirlərini görür!

Əliyev çox yaxşı bilir ki, onun öz coğrafiyamızın şərtlərinə uyğun olaraq təklif etdiyi və regionun üç nəhəng ölkəsi - Rusiya, Türkiyə və İran tərəfindən də dəstəklənən 3+3 formatı ABŞ və Avropa İttifaqının son 30 il boyunca regionda həyata keçirməyə çalışdığı strategiyaya daban-dabana ziddir! 
 
Çünki ABŞ və Avropanın strategiyasında hər 3 Cənubi Qafqaz respublikasına əməkdaşlıq meydançası kimi yox, Rusiya, İran, Çinə, hazırda isə həm də Türkiyəyə qarşı qoyulacaq qarşıdurma məkanı kimi baxılıb. 

İndi Əliyev nəinki 5 region ölkəsini bir-birinə bağlayan Azərbaycanı, eyni zamanda Gürcüstan və Ermənistanı da Qərbin təsirindən çıxaracaq daha cəlbedici model ortaya qoyur. 

Şübhəsiz ki, bu, qətiyyən Qərbin ürəyincə deyil və onlar, bir tərəfdən, Avropa İttifaqına, NATO-ya sürətləndirilmiş üzvlük vədi ilə Ermənistan və Gürcüstan üzərindən bu formatı dağıtmağa, o biri tərəfdən də Azərbaycanın içərisindən illərdir yetişdirib-bəslədikləri şəbəkənin əli ilə daxildən hakimiyyətə təzyiqlərə başlayacaqlar.
Əliyev isə eynilə 2018-ci ildəki taktikasını təkrarlayaraq, 2024-cü ilin 7 fevralına - Rusiyada və ABŞ-da gələn il keçiriləcək prezident seçkilərindən daha əvvələ erkən seçki təyin etməklə, faktiki olaraq, Qərbin gələcək seçkilər üçün planlaşdırdığı bütün "inqilabi situasiya” şəraitini, risk və təhlükələri də öncədən dəfn etmək imkanı qazanır. 

Çünki bu erkən seçki o deməkdir ki, öz siyasi nüfuzunun pik dövrünü yaşayan Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməklə, ən azı, 7 illik sabit bir vaxt limiti qazanır, həm region, həm də ölkənin içiylə bağlı nəzərdə tutduğu planlarını daha rahat, arxayın şəkildə həyata keçirmək imkanı əldə edir. 

Baxın, Əliyevin erkən seçki qərarına ən böyük etiraz da məhz Qərbdən və ölkəmizdəki qərbyönümlü müxalifətdən - Avropa İttifaqı və NATO-ya inteqrasiya tərəfdarlarından başlayıb! Çünki onlar da çox yaxşı anlayırlar ki, Əliyev bu qərarı ilə bütün rəqiblərini çox hazırlıqsız vəziyyət salıb və bu şəkildə 7 fevral seçkilərinə gedilməsi onların rüsvayçı məğlubiyyətlərinin növbəti rəsmiləşməsi, Qərbin gələcəkdə "inqilabi situasiya yaratmaq” planlarının isə alt-üst edilməsi olacaq".(musavat.com)


Xəbər 4480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR