Məhsəti Şərif
Uzun zamandı qadınlara şiddətin çoxalması, xüsusilə də təcavüzlərin artması məni narahat edir. Bir çox ölkədə, elə mənim yaşadıgım Türkiyədə qadına şiddət və təcavüz xəbərləri siyasi və sosial xəbərlərin önünə keçib. Son zamanlar Azərbaycanda da nəfis kasadlığı var. Bəzən düşünürəm bu kisilər nə yeyib, içir və hansı başla yatıb dururlar. Nədən biz bu qədər təcavüz xəbərləri alırıq? Doğrudanmı bizim aldığımız xəbərlərlə sınırlıdır təcavüz olayları? Ölkədəki namus anlayışını nəzərə alaraq qətiyyətlə deyə bilərəm, YOX! Namus anlayışından yola çıxsaq, durum daha da qorxunc! Tanıdıqları tərəfindən təcavüzə məruz qalan çox qadın bunu söyləyə bilmir. Nədənsə bizim ölkədə yorumlar içində ən çox rastlaşdığım “yəqin ona ümüd verib, sonra...”, “qızın orda nə işi vardı”, “Yaxsı qız olsa..” və s kimi fikirlər yer alır. Buna görə də təcavüzlərin çoxu gizlədilir. Evlilik öncəsi qadınların cinsəl ilişkilərinin ayıb, günah olduğu mədəniyyətlərdə cinsi təcavüzlər daha çox gizli qallr. ”Ailənə söylərəm” təhdidləri ilə uyğunsuz ilişkilərini davam etdirirlər. Hətta bu şantajlarla fahişəliyə sürükləyirlər...
Bir qadın kişiyə təcavüz etmir! Təcavüzçülərin demək olar ki, 99 faizi kişilərdi. 1 faiz isə hər zaman ehtimal olaraq qalır. Maraqlıdır, təcavüzçülərin keçmişini araşdıranda genəl olaraq gənc, subay və özgüvəni olmayan kişilərin olduğunu görərik. Kişilər təcavüz edir və yoxa çıxır, onun hamilə qalma ehtimalı yoxdu. O, qucağında “bic” damğası vurulan uşaqla gəzməyəcək. İşini bitirib aradan çıxacaq və yeni “ov”unu axtaracaq. Bəlkə də fahişəlik kişilərin “axtarışlarının” törəməsidir?
...Kişilərin hormonal amillər səbəbi ilə cinsəlliklərini kontrol edə bilmədikləri doğru deyil. Heç gördünüzmu küçədə insanların içində birinə cinsəl təcavüz edilsin? Başqa təcavüz növlərini nəzərə almasaq, aşağılayıcı baxışlar, söz atmalar və s kimi. Cinsəl təcavüzün cinayət olduğunu bildikləri üçün bunu gizli edirlər.
İndi bu yazını oxuyanlar deyə bilər ki, niyə kişiləri bu qədər ittiham etdin. O üzdən düşündüm, görəsən anasını, bacısını qoruyan, namusu üçün hər şeydən keçən kişilər niyə təcavüz edir?
Təcavüzçülərin keçmişini araşdıranda onların çoxunun şiddətə məruz qalaraq böyüdüyünü görərik. Pisxoloji, fiziki şiddət, yoxsulluq və cahil ailələrdə boyümələri əsas amillərdən biridir. Qadınların heç bir haqqının olmadığı psixologiyasi ilə böyüyən kişilər daha çox qarşı cinsə aqresiv yanaşır.
Bir çox ailələrdə oğlanları daha fərqli yerə qoyurlar. Məsələn, oğlu oldu, qurbanlar kəsilir, nəzirlər paylanır. Qızın “qardaşın bilər”, “qardaşına, atana deyərəm” qorxusu hər zaman var. Bu qorxu ilə yaşayan qızı düşünün, bir də evdə hər şeyin ən yaxşısına layiq görülən oglanı. Belə olduğu halda qız təcavüzə məruz qalsa belə, bunu gizlətməyi üstün tutar.
Bir məqam daha var. Son illər bizim ölkədə başqasının haqlarına, yaşam tərzinə sayğı göstərmədə çox azalma var. Əgər fiziki və sosial olaraq güclüsənsə özündə başqa birinin həyatına müdaxilə etmək haqqı tapırsan. "Mənim kimi düşün", "mənim kimi yaşa" düçüncəsi son illər çox artıb. İnsanlar bir birinin həyatına çox müdaxilə edir, "evlənəcəksənmi?", "neçə uşagin olacaq?", "abort etdirdinmi?", "niyə gec evləndin?", "niyə onunla evləndin?" və s. Bu cür müdaxilədə özlərini haqlı bilən zehniyyət artıb. Belə olduqda da işsiz, başqasının gözündə özünü gücsüz görənin daxilindəki vəhşi hiss qabarır və nədənsə o öz gücünü qadının üzərində sınayır. Və təcavüz edərək öz kişiliyini və “gücünü” göstərmiş olur. Təəssüf ki, “gücünü” təcavüzlə göstərənlərdə bir artım var. Şiddət, təcavüz getdikcə artır. Artıq təcavüzlər ailə içinə də sızıb. Yazanda belə, barmaqlarımın titrədiyi, atanın qıza, əmiogluların əmiqızlarına, qonşunun qonşuya təcavüzü. Bir tərəfdən yaşam şəklinə, böyümə tərzinə baglasam da, "namus kasadlığı var" fikri də beynimdən keçmədi desəm, yalan danışaram. Hadisələri izədikcə durumun daha da pisləşdiyini görürəm.
Bu məsələlər yubka geyinməklə həll olmur. Bu məsələlərin kökü dərindir, sadaladığım fiziki, psixoloji və sosilal basqının qarşısını almaqdan başqa görüləcək işlər var. Bunların öndə gələni isə təhsilin səviyyəsini yüksəltmək, anatomiya dərslərində riyaziyyat məsələlərini həll etməməyə üstünlük verməməkdən tutmuş, uşaqlarin doğru yetişdirilməsinə qədər hər şey durur. Qiz uşaqları dogulan kimi cehiz yıgmağa başlamaqdansa, analar onlara haqlarını öyrətməli, kiçik oglan uşağının qızı öpməsini “kişi baladı” deyərək böyütməkdənsə, kiçik yaşda onun bunun anasını, bacısını söydürüb şit-şit gülməkdənsə, atalar oglanlarına dogruluq, mərdlik, qadına sayqı öyrətsələr, cəmiyyət təavüzçü viruslardan təmizlənər...