Fərəcov təcridxanada öldüyünə görə, barəsində icraata xitam verilib.
Bakı Apellyasiya Məhkəməsində Elman Tağıyevin, Roza Minaçevanın, Soltan Məhərrəmovun, Çingiz Əzimovun və Eyvaz Fərəcovun CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.2.2 (külli miqdarda gəlir əldə etməklə, vergi ödəməkdən yayınma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, Elman Tağıyev “Birlik-İnşaat” MMC və “Hayan-E” MMC-nin rəhbəri olub.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq aparılarkən məlum olub ki, cəmiyyətin təsisçisi və direktoru Elman Tağıyev, baş mühasibi Roza Minaçeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimovun özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq, MMC tərəfindən Bakının Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadratmetr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə taladıqları müəyyən edilib.
2014-cü ildə E.Tağıyev və qeyrilərinin qanunsuz hərəkətləri ilə bağlı istintaqı yekunlaşmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Hökmə əsasən, Elman Tağıyev, Roza Minaçeva, Eyvaz Fərəcov, Soltan Məhərrəmov və Çingiz Əzimov 15 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. İstintaq dövründə Elman Tağıyev və Roza Minaçeva ev dustaqlığında olublar.
Hökm elan olunarkən R.Minaçeva məhkəmə zalında həbs edilib, E.Tağıyev isə məhkəməyə gəlmədiyi üçün həbs olunaraq təcridxanaya göndərilməsi barədə qərar qəbul edilib. Lakin E. Tağıyev ölkədən qaçdığı üçün məhkəmənin onunla bağlı çıxardığı qərar icra olunmayıb.
2015-ci ilin iyun ayında Bakı ş. Baş Polis İdarəsi Elman Tağıyevin (1963-cü il təv.) barəsində axtarış elan olunduğu haqda məlumat yayıb.
Hökmdən prokuror apellyasiya protesti, məhkumlar və zərərçəkən şəxslər isə apellyasiya şikayətləri veriblər.
Qeyd edək ki, məhkum Eyvaz Fərəcov təcridxanada öldüyünə görə, barəsində icraata xitam verilib.
Proses yanvarın 19-na təyin edilib.
Aktual.az