Bir gün mən olmasam...
Qəribsəyərsən...
O qəmli gözlərin yaş tökərmi heç?
O mənsiz dünyadan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmi heç?
Bir küləkli axşam...
Ya qış gecəsi
Durub üşüyərsən soba dibində.
Onda boş qalacaq ömrün küçəsi-
...Kimsə fit çalacaq əli cibində.
Bir anlıq gözünü dikib güzgüyə
Sığalsız saçını qoxlayacaqsan.
Təzə bir xatirə tapasan deyə
Köhnə əl çantamı yoxlayacaqsan.
Ev səni udacaq əjdaha kimi-
Özünü min dəfə qınayacaqsan.
Soyuq otağında-boş kaha kimi-
Qalan günlərini sanayacaqsan.
Doğmalar səninlə bir olmayacaq-
Elə ümidlərin qıracaq səni.
Dərdini deməyə yer olmayacaq-
Qəbristan yolları yoracaq səni...
Bir gün mən olmasam...
Dəyişəcəksən...
Dərdin yandıracaq səni od kimi.
Bütün dünya ilə döyüşəcəksən,
Tənha qalacaqsan - son ümid kimi.
Məzarım üstündə güllər solacaq,
Sarmaşıq saracaq başdaşımı da...
Gündə neçə kərə gözün dolacaq-
Silən olmayacaq göz yaşını da.
... Bir gün mən olmasam... Qəribsəyərsən...
O qəmli gözlərin yaş tökərmi heç?
O mənsiz dünyadan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmi heç?