"Bir də o coşquya rastlamayacam..." - Millət vəkilindən Zəlimxan Yaquba kövrək nekroloq


2005-ci il, noyabrın əvvəli idi. YAP-ın təşkilatçılığı ilə mitinq düzənlənmişdi - Parlament seçkiləri təbliğatının yekunlarına həsr edilən zirvə mitinqi. 
 
Seçkidə aktiv namizəd olduğum üçün müttəfiq Partiyanın sədri kimi bu tədbirə mən də dəvət almışdım. Ki, həm iştirak edim, həm çıxış..
 
"Qələbə" meydanına gəldim. Böyük bir izdihamın içindən keçib tribunaya doğru addımladım. Həqiqətən qələbəlik idi. Eynən meydanın adına və ruhuna uyğun, layiq bir formada - Qələbəlik...
 
Elə yenicə ayaq saxlamışdım ki, geridən kimsə yoğun və coşqulu bir səslə məni səslədi. Adımla. Ehmalca geri döndüm. Tanıdım. Tanımamaq mümkün olmadığına görə tanıdım. Yaxın gəldi. Məni hətta bədənimi incidəcək tərzdə, xoş bir kobudluqla bağrına basdı. Özünə tərəf çəkdi. Bərk-bərk, doğma ərkilə sağa - sola silkələdi. Çıxışlarımın hamısını dinlədiyini, yazılarımı oxuduğunu, mənimlə fəxr elədiyini söylədi. Üstəlik atamla zamanında möhkəm dost olduqlarını xatırlatdı. Elə ata nəvazişi ilə də hər iki üzümdən öpdü.
 
Üzərindən 10 dəqiqə keçməmiş bu adam yenə yanımda peyda oldu, Növbəti dəfə xoş sözlər deyib məni yanımdakılara təriflədi. Yenə bağrına basdı, özünə tərəf sıxdı, qucaqladı, öpdü...
 
Sonra çıxış elədim. Tribunadan azca aşağı, Partiya rəhbərliyinin dayandığı yerə düşdüm. Aha! Yenə bu insan. Yenə eyni coşqulu səs. Yenə eyni baxış. Yenə eyni məhəbbət. Yenə durub məni gözləyir. Yenə məni bağrına basmaq üçün məqam gəzir...
 
 "Mən səninlə fəxr edirəm oğlum, fəxr edirəm!" - bu sözləri o qədər içdən deyirdi ki...
 
"Sən bir gün mütləq parlayacaqsan, ucalacaqsan, yüksələcəksən oğlum, inan mənə, bir gün mütləq və mütləq zirvələrdə olacaqsan!"  - qarşısındakını o qədər qəribə, özünəməxsus tərzdə inandıraraq deyirdi ki, bu kəlmələri...
 
"Atan həyatda yoxdusa da bil ki, bundan sonra əmin var, mən varam. Nə sözün olsa birinci mənə telefon aç, oldumu oğlum?!" - bu həyatda geyindiyi kostyumundan və cibindəki metro jetonundan savayı heç nəyi olmayan bir gənc üçün bilirsinizmi nə demək idi bu? - Qızıldan artıq dəyər! Gerçəkdən...
 
***
 
Daha nə mən 25 yaşımda olacam. Nə də hansısa meydanda, tədbirdə, toyda- nişanda  sənin o isti sevginə, bənzərsiz münasibətinə, doğma sarılışına rastlayacam, gözəl insan!
 
Fəqət, o coşqulu səsin var ha....bax o səs qulaqlarımdan əsla və əsla getməyəcək. Daima beynimin ən üst nöqtəsində cingildəyəcək. 
 
Sonsuz bir ehtiramla!
 
Ruhun şad, məkanın cənnət olsun - ZƏLİMXAN YAQUB!
 
Aktual.az
Xəbər 2883 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR