1 noyabrda keçiriləcək V çağırış Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat bu gün başa çatır. Ən yaxşı seçki kampaniyası aparanlardan biri 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevdir.
Aktual.az tanınmışların Azay Quliyev barədə fikirlərini təqdim edir:
Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu:
"Azay Quliyev yaxşı dövlət adamı olması ilə yanaşı həm də çox gözəl insandır. Deputat kimi ona neçə dəfə müraciət etmişik, həmişə bizə kömək edib. O, seçildiyi ərazidə hər kəsin problemini həll etməyə çalışıb.
Həmçinin rəhbərlik etdiyi digər sahədə də, yəni QHT-lərlə bağlı bütün məsələlərlə yaxından maraqlanır.
Xüsusilə qeyd etmək istəyirəm ki, Azay Quliyev Azərbaycanı beynəlxalq aləmdə ən uğurlu təmsil edən deputatlardan biridir".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gunduz:
"Azay müəllimi uzun müddətdir ki tanıyıram. Ölkədə vətəndaş cəmiyyətinin qurulması sahəsində hədsiz xidmətləri olub. Zamanında dəfələrlə müşahidə etmişəm ki qarşısına qoyduğu məqsədlərə doğru, müxtəlif tərəflərdən olan təpkilərə baxmayaraq inamla gedib qalib gəlməyi bacaran bir siyasətçidir.
Yeri gəlmişkən, proseslərin içərisində olduğumdan, qətiyyətlə deyə bilərəm ki, Azay müəllimin 2000-ci ilin əvvəlində ölkədə İnternet senzuranın da aradan qaldırılmasında, ölkədə İnformasiya Cəmiyyətinin formalaşmasında müstəsna xidmətləri olub.
Uzaq səfərlərdə onunla yol yoldaşı da olduğumdan deyə bilərəm ki çox diqqətli və etibarlı insandır".
“Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov:
"Azay Quliyevin Millət vəkili kimi fəaliyyəti hər kəsin gözü önündədir. Həm qanunyaradıcılığı proseslərində iştirakı, həm beynəlxalq arenadakı fəaliyyəti hər kəsə bəllidir. Mən 10 ildir onun millət vəkili kimi fəaliyyətini izləyirəm. Seçicilərinə münasibətdə Azay Quliyev həddən artıq diqqətlidir. İndiyədək ona müraciət edən elə bir seçici yoxdur ki, razı qalmasın. Yerinə yetirilməsi mümkün olmayan məsələ də olub. Hətta bu zaman da ondan razı qalıblar.
Səmimiyət, insani münasibət, sadəlik insanlarda ona qarşı rəğbət yaradır. Azay Quliyevin 8 saylı Birinci Binəqədi Seçki Dairəsindən namizədliyi qeydə alınıb. İntensiv görüşlər keçirir. Seçicinin yanına getmək, onu məhəlləsində, həyətində dinləmək bu dəfə də onun təşviqat kampaniyasının əsas hədəfidir. Mən bir dəfə onun seçicilərlə görüşündə iştirak etdim. Sadəcə kənardan müşahidə apardım. Əminəm ki, orada iştirak edənlərin hamısı seçki məntəqəsinə gələcəklər və ona səs verəcəklər. Onun verdiyi vədlərin hamısı real və inandırıcıdır. Onun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı verdiyi vədlər (məsələn ictimai nəqliyyat problemi) belədir: Mən söz verirəm ki, bu dairədən seçilsəm qərar qəbul edən şəxsləri buraya gətirəcəm və sizinlə görüşdürəcəm. Məsələni də bir yerdə həll edəcəyik.
Biz onun əvvəlki fəaliyyətindən xəbərdarıq. Bilirik ki, məhz belə təmaslar vasitəsi ilə o Şirvan şəhərində çoxsaylı problemləri həll edə bilib.
Ona səs verəcək seçicilər əmin ola bilərlər ki, o:
• Qanun yaratma prosesində ən fəal deputatlardan olub və olacaq;
• Beynəlxalq arenada Azərbaycanın maraqlarını yüksək səviyyədə müdafiə edib və edəcək;
• Hər bir seçici üçün əlçatan olacaq və onların problemlərinin həllinə maksimum səy göstərəcək.
Mən fürsətdən istifadə edib onun seçicilərinə müraciət edirəm. Ona Sizin səsiniz lazımdır. Səsinizi əsirgəməyin, çünki o səs sizin üçün eşidiləcək!"
Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının üzvü Azər Həsrət:
"Azay Quliyev sözün həqiqi mənasında uğurlu bir şəxsiyyətdir. Onu 20 ildən çoxdur ki, tanıyıram və bu insanı daim yüksəlişdə görmüşəm. Çağdaş texnologiyalara yaxından bələd olması, insanlarla təmaslarında səmimiyyəti, Vətənə, dövlətə qüsursuz sadiqliyi onun ən diqqət çəkən yönləridir.
Ən maraqlısı isə odur ki, Azay müəllim bütün bu yüksəliş və uğurlarına baxmayaraq heç bir zaman sadəliyindən, səmimiliyindən vaz keçmədi. Necə ki, 20 il öncə gənckən sadə bir insan idi, indi bu qədər ad-san sahibi kimi də eyni sadəliyini qoruyur. Hələ onu da qeyd etmək lazımdır ki, Azərbaycanda QHT sektorunun indiki yüksək inkişafında onun müstəsna rolu və xidmətləri vardır. Bu baxımdan düşünürəm ki, builki seçkilərdə də onun qələbəsi çətin olan deyil".
Modern.az saytının baş redaktoru, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı 1 noyabr parlament seçkiləri ilə bağlı əksər namizədlərin təbliğat-təşviqat kampaniyasını yaxından izlədiklərini bildirib. O, qeyd edib ki, Azay Quliyevin 10 illik deputat fəaliyyəti, onun namizəd kimi apardığı kampaniyaya ən gözəl dəstəkdir:
“Biz parlament jurnalistləri olaraq hər ilin sonunda müxtəlif nominasiyalar üzrə “İlin deputatı”nı müəyyən edirik. Ötən 10 ildə Azay Quliyev demək olar ki, hər il müxtəlif nominasiyalarda “İlin deputatı” seçilib.
Bu il isə dördüncü çağırış Milli Məclisin fəaliyyətinin sona çatması ilə bağlı 50 parlament jurnalisti arasında keçirdiyimiz sorğuda, Azay Quliyev yenə də “Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyası üzrə “Beş ilin deputatı” seçildi. Bu baxımdan, hesab etmək olar ki, Binəqədi seçiciləri səs verərkən, heç də çətin seçim qarşısında qalmayacaqlar”.
Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Sevil Yusifova deputatlığa namizədin seçki kampaniyasını yaxından izlədiyini bildirib:
“Deyə bilərəm ki, mükəmməl bir kampaniya aparılır. Azay Quliyevin istifadə etdiyi ənənəvi seçki texnologiyaları və yeniliklər bir-birini tamamlayır. Bu baxımdan, Azay Quliyevin özünün bir millət vəkili kimi ictimai nüfuzu, həmçinin, aparılmış effektiv təbliğat kampaniyası onun seçkidə şəksiz qələbəsini təmin edəcək.
Çoxsaylı jurnalist həmkarlarımızın ümumi istəyi ondan ibarətdir ki, A.Quliyev yenidən Milli Məclisə üzv seçilsin”.
HƏSƏN/AKTUAL.AZ