Bakı şəhərinin Binəqədi rayonu Cəfər Xədan küçəsinin daha bir hissəsi təmir edilir. Təmir küçənin Əhməd Rəcəbli və Şövkət Məmmədova küçələri arasında yerləşən 750 metrlik hissəsində aparılır.
Bu barədə Aktual.az-a "Azəravtoyol” ASC-dən məlumat verilib.
Aparılan təmir-tikinti işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb, 1 500 poqon metr köhnə səki daşı yenisi ilə əvəzlənib, mövcud piyada səkiləri isə bərpa edilərək asfaltlanıb.
Bundan başqa, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənir.
Hazırda aidiyyəti qurum tərəfindən təmir işlərinin aparıldığı ərazidə yeni su və kanalizasiya xətləri çəkilir. Təmir-tikinti bitdikdən sonra, yolun hərəkət hissəsinin asfaltlanması üçün hazır vəziyyətə gətiriləcək. Ümumilikdə küçənin həmin hissəsinin 10 min kv. metrdən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.
İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Təmir işlərinin aparıldığı ərazilərdə müvəqqəti olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılır.
Aktual.az
Xəbər 389 dəfə oxunub.