Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayon sakini Nazim Ağayevın (1964-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, ittiham aktına əsasən, Nazim Ağayev həyat yoldaşı 45 yaşlı Mehriban Ağayevanın ona xəyanət etməsindən şübhələnib. Bununla bağlı ər-arvad arasında dəfələrlə gərginlik yaranıb, mübahisə düşüb. 17 iyul 2015-ci ildə övladları Hikmətlə Aslanın evdə olmamasından istifadə edən Ağayev qadına məişət-təsərrüfat təyinatlı bıçaqla zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində Mehriban Ağayeva hadisə yerində keçinib. Arvadını qətlə yetirəndən sonra intihar etməyi qərara alan şəxs özünə də xəsarət yetirib, lakin vaxtında Kliniki Tibbi Mərkəzə çatdırılıb və sağ qalıb.
Təqsirləndirilən şəxs qismində dindirilmiş Nazim Ağayev elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində hadisədən bir gün əvvəl evdə 20-22 yaşlı oğlanlarına baxaraq, onların özünə oxşamadığını, övladlarını DNK analizinə aparacağını bildirib. Uşaqlar getdikdən sonra Mehriban Nazimdən onları doğurdan analizə aparmaq istədiyini soruşduqda, o cavabında fikirinin ciddi olduğunu deyib. Səhərisi gün yenə də bununla bağlı mübahisə edərkən yoldaşı
"qoymaram uşaqları analizə aparasan, ölməmişdən əvvəl bil, nə Aslan, nə də Hikmət sənin oğlun deyil" deyib, bıçaqla sinə nahiyəsinə zərbə endirib. Özünü qorumaq üçün Ağayev də əlindəki digər mətbəx bıçağı ilə ona xəsarətlər yetirib. Mehriban döşəməyə yıxıldıqdan sonra, o huşunu itirib və artıq xəstəxanada ayılıb.
Zərərçəkmiş Solmaz Əliyeva ifadəsində qızı Mehribanın Nazimlə 1991-ci ildə ailə qurduğunu, birgə nikahdan iki övladları olduğunu, evliliyin ilk günündən etibarən Nazimin mütəmadi olaraq ailədə söz-söhbət, dava-dalaş saldığını, nəticədə, qızının dəfələrlə ata evinə gəldiyini göstərib. 2015-ci ilin aprel ayından münasibətləri daha da kəskinləşib. Heç bir səbəb olmadan Nazim Mehribanı ona xəyanət etməkdə günahlandırıb. Axırıncı dəfə qızını döyəndə, sonuncu polisə şikayət edib. Mərhum ərinin hərəkətlərindən boğaza yığılmışdı və boşanmaq istəyirdi. Zərərçəkmiş təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə Nazim Ağayev 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Xəbər 810 dəfə oxunub.