Binədə Naxçıvan sakinini öldürən şəxsin məhkəməsi başlayıb - FOTO

Binədə Naxçıvan sakinini öldürən şəxsin məhkəməsi başlayıb - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Rza Bayramovun CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Aktual.az xəbər verir ki, ötən il avqustun 30-da Xəzər RPİ 2-ci polis bölməsinə gələn Binə qəsəbəsi sakini Rza Bayramov tanışı, Naxçıvan sakini Elşən Qafarovu bıçaqlayaraq, öldürdüyünü bildirib. Araşdırma zamanı məlum olub ki, hadisə sözügedən qəsəbənin Suraxanı rayon ərazisinə düşən hissəsində baş verib. Bu səbəbdən şübhəli şəxs Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşlarına təhvil verilib, istintaq-əməliyyat qrupu hadisə yerinin müayinəsini aparıb. 

İş üzrə dindirilən Rza Bayramov ifadəsində göstərib ki, həmin axşam dostu Elşənlə kafedə yeyib-içiblər, ordan çıxandan sonra isə sonuncu ünvanına ağır söyüşlərlə onu təhqir edib. Mübahisə zamanı Bayramov üzərindəki bıçaqla Qafarova bir neçə zərbə endirib və onu qətlə yetirib.

Aktual.az-ın məlumatına görə, məhkəmə prosesində təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil R.Bayramovun barəsində cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb, lakin məhkəmə vəsatəti təmin etməyib.
 
Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib, daha sonra təqsirləndirilən şəxsin ifadəsi dinlənilib. 

Proses davam edir. 
 
 
 

 

Aktual.az
Xəbər 1049 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR