Pulumuz olmasa da, həvəsimiz var
"3 il nişanlı qaldıqdan sonra nəhayət ki, toy etmək qərarına gəlmişik. Bu il də saxlasaydıq, qız evi narahat olacaqdı. Ona görə də toyu etməli olduq.Əslində, heç toy ediləsi zaman deyil, nəyimiz var ki, toy edək?Amma daha qızın da yaşı 27 olub, bundan sonra da saxlamaq düz olmaz.Ucuzlaşmanı gözləsək, gərək illərlə gözləyək.Bizdə ucuzlaşma olmur ki.Borc-xərc tapıb toyu edəcəyik, toydan sonra əsas toy başlayacaq”.Bunu "Cümhuriyət” qəzetinə yaxın günlərdə Bakıdakı şadlıq saraylarından birində toyuna hazırlaşan Elmar deyir. Dediyinə görə, evi yoxdur, heç ev almaq üçün ümidi də yoxdur. Atasının 2 otaqlı evinə gəlin aparacaq.Ancaq orda necə yaşayacaqlarını da bilmir. Çünki ailədə ata və anasından başqa kiçik bacısı da var: "2 otağa necə sığışacağıq, bilmirəm. Qız evi də narazıdır, amma bilirlər ki, ev almaq imkanım yoxdur, kirayədə də yaşamaq olmaz.
"Adam az qalır qonaqları ac-susuz yola salsın”
Qazandığım ancaq kirayəyə gedər.İndi də kommunal xidmətlər bahalaşıb, bu qışı atamgildə keçirərək, görək yazda nə olacaq”.Əslində Elmar çox ümidsiz danışır, bu qədər ümidsizliyin içində onu ancaq sevdiyi qızla qovuşmaq arzusu xoşbəxt edir.Toy hazırlıqlarına başlayan Elmarın ümidsiz olması üçün də kifayət qədər ciddi səbəbləri var. Dediyinə görə, Bakının əksər şadlıq saraylarını gəzib.Ancaq ciblərinə müvafiq yer tapa bilməyiblər. Nəhayət, birində seçim etməli olub: "Menyulara baxırıq, hər şey bahalaşıb. Bir tərəfdən deyirlər ki, heç kəs toy eləmir, bir tərəfdən də şadlıq saraylarının boş günü yoxdur, qiymətlər də elə bir həddədir ki, adam az qalır qonaqları ac-susuz yola salsın. 35 manata da menyu tapmaqolar, amma orda əsasən toyuq yeməkləridir.Bir şadlıq sarayında broyler toyuğunun hətta sousunu da verirdilər.Ət yeməyi bircə kababdır ki, onun da lülə kababları balaca barmaq boyda idi.Adam biabır olar.Ona görə də məcbur qalıb bahalı menyu seçirik”.
"Bizə qalan 3 manat olacaq”
Elmarın toy edəcəyi şadlıq sarayında menyu 47 manatdır, o isə hər adambaşı 3 manat qazanacağını düşünür: "Kimdi ilin-günün bu vaxtında 50 manatdan çox pul yazdıran? Düzdür, toy borcdur deyirlər, amma iş yoldaşları, uzaq qohumlardır, bunlar ancaq 50 manat yazdıracaq, bizə də qalan 3 manatlar olacaq”. Əslində Elmar yanılmır.Şadlıq saraylarında apardığımız sorğu göstərir ki, nisbətən daha ucuz menyuda ət və ya balıq yeməkləri yoxdur.Əsasən soyuq qəlyanaltılar və toyuq yeməkləri üstünlük təşkil edir.Masanın qiymətinə təsir edən spirli içkilər də müxtəlifdir. Rusiya istehsalı olan araq masada qiyməti hər adambaşına 4-5 manat civarında artıra bilər. Əgər siz balıq və ya ət yeməklərinin üstünlük təşkil etməsini istəyirsinizsə, adambaşına ən azı 45 manatı nəzər almalısınız.Bu qiymətə şadlıq sarayı gəlin maşını və musuqiçilər hədiyyə edir.Ancaq musiqiçilər həmin sarayın öz ansamblı olur, hansısa məşhur müğənninin toyunuzda iştirakı sizə 1500 manatdan başlayan qiymətlərə başa gələ bilər. Tamada üçün ayrıca pul ödəmək lazımdır, təbii ki, toyunuzu aparacaq adam məşhur simadırsa. Şadlıq evinin tamadası üçün əlavə pul ödəməyəcəksiniz.Toydan xatirə kimi qalacaq şəkillər də ucuz deyil.Şadlıq sarayları toy sahibinə pulsuz (əslində menyuya daxil) foto və videoçəkiliş təklif edir.Ancaq əksəriyyət bu keyfiyyətdən razı qalmadığı üçün ayrıca fotoqrafla anlaşır ki, burda da 300 manatdan başlayan qiymətlərdən danışmaq olar.
Atəş daha "fəşanlıq” etmir
Gəlinin toya hazırlaşmağı da oğlan evi üçün xeyli xərcdir.Xeyli dediksə, siz bunun 100-200 manatla yekunlaşdığını düşünməyin.Əgər gəlin bir qədər dəbdəbə həvəskarıdırsa, paytaxtın adlı-sanlı gözəllik salonlarında 500 manat xərcləmək an məsələsidir.Qiymət bundan baha daola bilər.Təkcə saç düzümü üçün bu qədər tələb olunan salonlar da var. Bura makiyaj, manikür və pedikürü də əlavə etsək, məbləğ xeyli böyüyəcək.Gəlinlər gəlinlik üçün də xeyli butik gəzməli olacaqlar.Bahalı butiklərdə 1500 manatdan başlayan gəlinliklər tapmaq mümkündür, əgər kirayəyə üstünlük verirsinizsə, 200-300 manatla gözəl gəlinlik tapa bilərsiniz.Toyun sonunda atəşfəşanlıq olacaqsa, bu da əlavə xərc deməkdir.Söhbət bəy və gəlinin gətirildiyi zaman salondakı kiçik atəşfəşanlıqdan getmir.Ancaq böhran deyəsən, atəşfəşanlıq həvəskarlarını "vurub”.Şadlıq saraylaırndan artıq bu bahalı əyləncəyə maraq göstərənlərin olmadığı bildirildi.
Azərbaycan bahalı toylara görə ilk sıradadır
Azərbaycanın bahalı toyları artıq dünyaya da müzakirə edilir.BMT-nin Əhali Fondunun (UNFPA) yeni açıqlanmış hesabatına əsasən, Azərbaycan toylara çəkilən xərclər üzrə dünya lideridir.Fondun hesablamaları toylara çəkilən xərclərə görə dünyada Yaxın Şərq və keçmiş sovet respublikalarının liderlik etdiyini üzə çıxarıb.Lakin bu göstərici üzrə Azərbaycan hətta Yaxın Şərqin zəngin ərəb ölkələrini də qabaqlayıb.Ona görə yox ki, Azərbaycanda toylara çəkilən xərclər orta hesabla zəngin ərəblərin toy xərclərindən çoxdur.Göstərici toylara çəkilən xərcin orta aylıq əmək haqqı ilə müqayisəsi əsasında aparılıb.Məlum olub ki, Azərbaycanda toylara çəkilən xərc orta aylıq maaşın 9.7 mislinə bərabərdir.Və bu göstərici üzrə Azərbaycanın dünyada doğrudan da analoqu yoxdur.Hesabata əsasən ikinci yerdə Belarusdur.Görünür, bu ölkədə də bizimlə ortaq cəhətlər var. Hər halda bu ölkədə toylara çəkilən xərc orta aylıq əmək haqqının 9.2 mislinə bərabərdir.Üçüncü yerdə isə Rusiya gəlir.Dördüncü yerdə Balkan regionunun yoxsul ölkəsi Albaniyadır.Bu ölkədə toylara çəkilən xərc orta aylıq əmək haqqının 8.9 mislinə bərabərdir.Siyahıdan da görünür ki, Avropa ölkələrində dəbdəbəli toylara maraq demək olar ki, yoxdur.Bəlkə ona görə ki, həmin ölkələrdə "toy biznesi” quran məmur-oliqarxlar da yoxdur?Hər halda Bakıdakı dəbdəbəli şadlıq sarayları xalqın sıravı üzvlərinə məxsus deyil, ona görə də qiymətlərdə ucuzlaşmanın, yaxud dəbdəbəli toylara inzibati cəzaların gələcəyini gözləmək olmaz.
1 milyardlıq toyda Azərbaycan pulu
Dəbdəbəli toy bütün dövrlərdə və bütün xalqlarda olub.Hətta bəziləri bununla dünya rekorduna imza da atıb.ABŞ-ın "Forbes” jurnalı dünya tarixinin ən bahalı 10 hədiyyəsini müəyyən edib.Ancaq maraqlıdır ki, onların arasında Azərbaycanın qurudakı 16 neft yatağının sahibi, Rusiyanın "BİN” şirkətlər qrupunun prezidenti milyarder Mixail Qutseriyevin oğluna bu ilin martında etdiyi toy da yer alır.Qutseriyevin oğlu Səidlə gəlini Xədicənin toyuna 1 milyard dollara yaxın xərc çəkilib.Həmin toyun əvvəli Moskvada Telman İsmayılova məxsus "Safisa” şadlıq sarayında, sonrası isə Qutseriyevlərin Londondakı dəyəri milyonlarla ölçülən malikanəsində olub. Toya Cenifer Lopes, Beyons kimi ulduzlar dəvət olunub, onlara milyonlarla dollar qonorar ödənilib. Gəlin 25 kiloqram ağırlığında, üzəri brilyant daş-qaşlarla bəzədilmiş "Elie Saab” gəlinliyi geyinib.Belə çıxır ki, dünyanın ən bahalı toylarından birində yenə də Azərbaycanda qazanılan pullar xərclənib. Amma hər halda sərvəti milyardlarla ölçülən iş adamının övladına rekord həddə bahalı toy etməsini anlamaq olar. Varlığa nə darlıq?Anlamadığımız mebeldən tutmuş gəlinliyə qədər hər şeyi kreditlə alanların dəbdəbəli toy həvəsidir.Görəsən 400 nəfərlik qonaq siyahısı olmadan evlənmək və xoşbəxt olmaq mümkün deyilmi? Yaxud masada qışın oğlan çağında dondurmasız keçinmək olmazmı? Bildirçin kababı gənclərin xoşbəxt olmasında hansısa rol oynayırmı?Rusiya arağı ancaq qonaqların damaq dadına uyğundur, yoxsa sadəcə kimdənsə geri qalmamaq həvəsidir?Səsi olmayıb sponsoru olan müğənnilərin fonoqramaları toydan sonrakı borc haqq-hesabını unutdurmağa kömək edə bilirmi? Suallar çoxdur, cavab isə… //Cebhe.info
Aktual.az
Xəbər 2569 dəfə oxunub.