“Son illər ərzində davam edən ümumdünya iqtisadi böhranı, eləcə də neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, iqtisadi fəallığın və ticarət dövriyyəsinin azalması ölkəmiz üçün müəyyən çətinliklər yaratsa da, qeyri-neft sektorunun inkişafının vacibliyini artırıb, o cümlədən nəqliyyat sahəsində də fəaliyyətin daha yüksək səviyyəyə keçid almasını aktuallaşdırıb”.
Aktual.az ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaradılmasının 1 illiyinə həsr olunmuş hesabat xarakterli tədbirdə çıxışı zamanı bildirib.
Z. Məmmədov deyib ki, Azərbaycanda innovativ texnologiyalara əsaslanan dayanıqlı nəqliyyat sisteminin formalaşdırılması, kompleksin rəqabət qabiliyyətinin artırılması və buna uyğun tarif siyasətinin aparılması məqsədilə bu sahədə zəruri islahatlar aparılmış, idarəetmə təkmilləşdirilmiş, yeni müəssisə və səhmdar cəmiyyətlər yaradılıb.Beynəlxalq yük daşıyıcıları üçün münbit şəraitin yaradılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, bürokratik əngəllərin aradan qaldırılması məqsədilə nəqliyyat əməliyyatlarının koordinasiyalı şəkildə həyata keçirilməsi və yeni daşıma texnologiyalarının tətbiqi üzrə tədbirlər görülüb.
Məqsədimiz qeyri-neft sektorunun ən perspektivli sahələrindən biri olan nəqliyyat-yol kompleksinin potensialını gücləndirərək Azərbaycanın tranzit imkanlarını artırmaq və onu regionda əsas ticarət qovşağına çevirməkdir. Bunun üçün bizim bütün imkanlarımız mövcuddur”.