“Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər artır, təzyiq mexanizmləri işə salınır”.
Bunu bu gün Novruz şənliyi münasibətilə ictimaiyyət qarşısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident bildirib ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar: ”Biz buna hazırıq. Bu kampaniya əslində heç vaxt dayanmayıb. Sadəcə olaraq, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər forma alır. Biz bunu üç il bundan əvvəl – 2012-ci ildə “Eurovision” müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də birinci Avropa Oyunları ərəfəsində bunu görürük”.
Ölkə başçısı qeyd edib ki, bu, koordinasiya olunmuş şəkildə təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antiazərbaycan kampaniyasıdır: “Bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir. Bütün bunlar təbii ki, yalan üzərində qurulur. Ona görə nə Azərbaycan xalqı, nə dünya ictimaiyyəti buna inanmır. Azərbaycan xalqı hər şeyi öz gözü ilə görür. Son illərin inkişafı, şəhərlərimizin abadlaşdırılması, ölkəmizin iqtisadi, sosial inkişafı, beynəlxalq nüfuzumuzun artırılması göz qabağındadır. Eyni zamanda, bizim işlərimiz dünya ictimaiyyəti üçün də artıq sirr deyil. Çoxsaylı tədbirlər, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə də Azərbaycan haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yaradır”.
Prezident deyib ki, “ekspertlər”, “politoloqlar”, keçmiş dövlət xadimləri, bəzi mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq müharibə elan ediblər: “Bir daha demək istəyirəm ki, bütün bu səylərin heç bir nəticəsi yoxdur, ola da bilməz. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin”.
Dövlət başçısı Azərbaycanda bütün azadlıqların təmin edildiyini bildirib: “Azərbaycanda azad cəmiyyət formalaşıb. Hər kəs azaddır. Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, azad internet var. Sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin edilib. Ancaq bizi ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyətə baxın. Bax elə dünən Avropanın mərkəzində yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilib. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar? Nə üçün qətnamələr qəbul edilmir? Bax, bu suallara cavab almaq çox çətindir. Mən həm xarici həmkarlarımla, həm beynəlxalq təşkilatların rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu sualları açıq şəkildə onlara verirəm. Bəlkə buna görə də Azərbaycana qarşı təzyiqlər daha da kəskinləşir. Əfsuslar olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür. Budur bugünkü reallıqlar. Ona görə, biz buna hazır olmalıyıq və hazırıq. Biz ölkəmizi gücləndiririk, ölkəmizi inkişaf etdiririk. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün azadlıqlar mövcuddur – siyasi azadlıqlar, vicdan azadlıqları, iqtisadi sərbəstlik. Bu gün Azərbaycan istər iqtisadi inkişaf, istər dinlərarası dialoq baxımından nümunəvi bir ölkədir”.
Prezident qeyd edib ki, Yaxın Şərq, Avropa, MDB məkanında qanlı toqquşmalar, etnik, dini zəmində qarşıdurmalar, qarşılıqlı ittihamlar olduğu halda Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayır: “ Bu, bizim siyasətimizdir, xalqın da sifarişidir. Azərbaycan bu gün dünya üçün əhəmiyyətli ölkəyə çevrilib. Bizi beynəlxalq aləmdə dəstəkləyən ölkələrin sayı durmadan artır. Dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilmişik. Qoy, bizi ittiham etməyə çalışan ölkələr 155 ölkənin dəstəyi ilə seçilsinlər, görək necə seçilirlər. Bax budur reallıq. Ona görə, əlbəttə ki, Azərbaycan xalqını bu ədalətsizlik, ikili standartlar siyasəti, riyakarlıq və siyasi mədəniyyətsizlik üzür. Ancaq bu, bizim iradəmizə heç vaxt təsir edə bilməz”.
Prezident qeyd edib ki, Azərbaycana təzyiq etmək istəyənlər üçün Avropa Oyunları sadəcə bəhanədir: “Sanki bəzi xarici qüvvələr var ki, bunu bizə çox görürlər. Baxmayaraq ki, biz öz üzərimizə böyük məsuliyyət götürmüşük. Yəni, bu Oyunları iki il yarım ərzində hazırlamaq çox çətin məsələdir. Bu Oyunlar Olimpiya Oyunlarının səviyyəsində keçiriləcək. Olimpiya Oyunlarını keçirmək üçün yeddi il vaxt verilir. Biz isə cəmi iki il yarıma, ən aşağı büdcə ilə bunu edirik. Dünən Avropanın mərkəzində nümayişçilərin etirazına səbəb bir binanın inşası olmuşdu. Bizim bütün Avropa Oyunlarına hazırlıq işlərinə xərclədiyimiz vəsait bir binaya xərclənib. Bəs haradadır “Transparency International”? Niyə bu işlərdə öz sözünü demir? Avropada nəqliyyatla bağlı bir infrastruktur obyekti var. On ildir inşa edilir. Bizim Avropa Oyunlarının hazırlanmasına xərclədiyimizin ikiqatı qədər oraya pul xərclənib, hələ ki, tikintisi qurtarmayıb. Bəs niyə bu barədə danışmırlar? Niyə bu barədə yazmırlar? Bu, ritorik suallardır. Ancaq biz bu sualları verməliyik və veririk. Çünki biz ədalətin tərəfdarıyıq. Hər yerdə ədalət olmalıdır - cəmiyyətdə, ailədə, beynəlxalq münasibətlərdə. Ədalət pozulduqda hər şey pozulur, inam pozulur. Sanki dünyada yeni bir dəyərlər sistemi formalaşır. Ədalət əvəzinə qeyri-ədalətli yanaşma, bərabərlik əvəzinə qeyri-bərabərlik, düzgünlük əvəzinə riyakarlıq, yalan. Bax, biz buna qarşı mübarizə aparırıq. Əlbəttə, Azərbaycan böyük dövlət deyil, amma bizim də kifayət qədər gücümüz var ki, öz sözümüzü deyək, bölgədə və qitədə gedən proseslərə təsir edək”.(APA)