Bəzi gənclərimiz qara qüvvələrin əlində alət olur.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev "Gənclər dini radikalizm və ekstremizmə "yox" deyir" mövzusunda elmi-praktik konfransda bildirib.
Onun sözlərinə görə, bu cür halların qarşısını almaq üçün təbliğat işlərində aktivlik nümayiş etdirilməlidir: "Gənclərimiz tədris ocaqlarında yalnız təhsillə məşğul olmalıdır. Təhlükəli dini cərəyanların yayılması qadağandır, bu məsələdə ailə və tədris müəssisələrinin üzərinə mühüm vəzifə düşür. KİV-lər də bu işlərdən yaxalarını kənara çəkməməlidirlər".
PA rəsmisi vurğulayıb ki, Azərbaycan gəncliyi vətənpərvərdir, dövlətçiliyinə sadiqdir: "Azərbaycanda gənclərimizi öz niyyətləri üçün istifadə etməyə çalışan bəzi radikal dini qruplar istəklərinə nail ola bilməyəcəklər. Gənclərimizin dini ekstremizm və radikalizmə qarşı mübarizəsinə biz də dəstək veririk".