Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 30 nömrəli uşaq musiqi məktəbi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında görkəmli bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun 90 illik yubleyinə həsr olunmuş konsert keçirib.
Nazim Əliverdibəyov, Ü.Hacıbəylinin "Əsli və Kərəm" və "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirmiş, onun nəşr edilmiş "Leyli və Məcnun" (1983), "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olmuşdur. Eyni zamanda bir sıra xalq mahnılarını işləmiş və maraqlı əsərlər yazmışdır.
Konsert proqramında 30 nömrəli uşaq musiqi məktəbinin şagirdləri bəstəkarın "Bayatı Şiraz”, "Fırça”, "Yollar”, "Hanı o günlər”, "Qaytağı”, "Vals-skerso”, "Elegiya”, "Ay Xəzər”, "Qarabağ” əsərlərini və işlədiyi "Laçın”, "Süsən Sünbül”, "Səndən mənə yar olmaz” xalq mahnılarını ifa ediblər.
Konsertdə Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, xalq artisti Yalçın Adıgözəlov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin məsləhətçisi Məhəmməd Həmzəyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Nazim Əliverdibəyovun ailə üzvləri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və tələbələr iştirak ediblər.
Sonda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq doktoru, professor Zemfira Qafarova, əməkdar incəsənət xadimi, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, xalq artisti, professor Ramiz Quliyev çıxış edərək, N.Əliverdibəyovun yaradıcılıq dəsti-xəttinin bəzi məqamlarından, bəstəkarın hərtərəfli fəaliyyətinindən və onunla bağlı xatirələrindən bəhs ediblər.
Aktual.az Xəbər 840 dəfə oxunub.