Bərdədən Bakıya satış məqsədilə gətirilən ətlərin istifadəyə yararsız olduğu aşkarlanıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli saytına bildirib ki, daxil olmuş məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Kürdəmir Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə reyd keçirilib. Bərdədən Bakı istiqamətində hərəkət edən, rayon sakini Ələkbərov Amil Elşən oğlunun idarə etdiyi "Mersedes Benz” markalı 09-BO-220 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilib. Kürdəmirdə yerləşən 121-ci Dövlət Yol Polisi Postunda saxlanılan minik avtomobilinin arxa oturacağında və yük yerində antisanitar vəziyyətdə, polietilen torbalarla bükülmüş, satış üçün nəzərdə tutulan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan heyvan budları və bel ətləri aşkar olunub.
Avtomobilin arxa oturacağına və yük yerinə yığılmış ümumi çəkisi 700 kiloqram ətlərdən qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Aktual.az
Xəbər 309 dəfə oxunub.