“Belə səhvlər ola bilərmi?“ - Tərlan Əhmədov

“Belə səhvlər ola bilərmi?“   - Tərlan Əhmədov
  • İDMAN

"Biz uşaq səhvlərindən sonra qollar buraxırıq". 

Aktual.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bunu bu gün Premyer Liqanın XIII turunda keçirilən “İnter” – AZAL oyunundan (2:0) sonra "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov deyib.

O, qeyd edib: “Oyunla bağlı deməyə çox sözüm yoxdur. Düşünürəm ki, ilk hissədə komandam arxayın davrandı. Bəlkə də “İnter”dən rahat xal alacağımızı düşünürdülər, amma futbol bunu qəbul etmir. İkinci hissədə toparlansaq da, nəsə edə bilmədik. Ümumiyyətlə, biz uşaq səhvlərindən sonra qollar buraxırıq. Hərdən düşünürəm ki, belə səhvlər ola bilərmi? Bütün bunlara baxmayaraq, həyat davam edir. Biz səhvlərimiz üzərində işləməli və problemi aradan qaldırmalıyıq".

AZAL-ın baş məşqçisi oyundan sonra yaşanan insidentə də toxunub: "Oyundan sonra ciddi bir şey olmadı. Sadəcə, polislə rəhbərlik arasında kiçik insident yaşandı. Hər halda, polis klub rəsmisini tanımaya bilər. Amma həmin yerdə AFFA-dan bir nümayəndə olarsa, belə bir problem yaşanmaz. Eyni zamanda, klub rəsmilərini tanıyan klub nümayəndəsi də bu problemi aradan qaldıra bilər".

T.Əhmədov deyib ki, futbolçularının fərdi səhvləri var: "Eyni zamanda oyunlar vaxtı səviyyə fərqi öz sözünü deyir. Futbolçular I Divizion əhvali-ruhiyyəsindən çıxmalıdırlar. Biz artıq qışdan sonranın planlarını qururuq. Artıq bu gün düşərgəyə iki oyunçu gəlib, onların durumuna baxacağıq. Hadisələrin necə inkişaf edəcəyini isə zaman göstərəcək”.

“İnter”in baş məşqçisi Zaur Svanadze isə bildirib: “Mən AZAL ilə oyunun çətin keçəcəyini bilirdim. Ümumiyyətlə, AZAL ilə matç həmişə ağır olur, bu gün də bizə qarşı sona qədər təzyiq etdilər. Çətin görüşün fonunda 3 xal qazandığımız üçün şadam. Oyuna sonradan daxil olan Abbas Hüseynova çox inanıram, nə vaxt hazır olur, o zaman meydançaya çıxır”. 

Aktual.az

Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR