Belarusun Xarici İşlər Nazirliyi (XİN) ölkənin İrəvandakı səfiri İqor Nazarukun Azərbaycan və Ermənistan prezidentlərinin növbəti dəfə Minskdə görüşə biləcəklərinə dair açıqlamasına aydınlıq gətirib.
Aktual.az "Report"a istinadən xəbər verir ki, Belarus XİN-in mətbuat xidməti Minskin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yekun konfransın keçirilmə yeri kimi nəzərdə tutulduğunu bildirib:
"Bildiyiniz kimi, ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun yaradılmasını təsdiq edən qərarlarına müvafiq olaraq, Belarusun paytaxtı bu münaqişənin nizamlanması üzrə yekun konfransın keçirilmə yeri kimi nəzərdə tutulur".
XİN-dən xatırladıblar ki, 2015-ci ilin mart ayında ölkənin xarici işlər naziri Vladimir Makey Minsk qrupunun həmsədrləri ilə (Fransa, ABŞ və Rusiyadan olan diplomatlar) görüşündə Minskin Dağlıq Qarabağa dair yekun konfransı qəbul etməyə, zərurət yaranacağı təqdirdə isə danışıqlar prosesinin final mərhələsinin keçiriləcəyi yeri də təmin etməyə hazır olduğunu artıq təsdiq edib.
"Belarus müntəzəm olaraq "dondurulmuş" münaqişələr də daxil olmaqla, beynəlxalq mübahisələrin dinc yol ilə nizamlanması mövqeyindən çıxış edir. Təbii ki, əgər Ermənistan və Azərbaycan sülh sazişi üzrə tam surətdə razılıq əldə edərsə, biz buna şad olarıq və hər zaman ATƏT-in qərarları ilə üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq".
Aktual.az