Dünən Astara rayonunun Armudu və Onuz kəndləri arasında yerləşən Almabadi vadisinin Hirkan Milli Parkının Şindan meşəbəyliyi ilə sərhəd ərazisində rayon sakini Talıb Əhmədova məxsus bir baş dananın vəhşi heyvan tərəfindən parçalanması hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisədən az sonra Milli Parkın yegerləri tərəfindən ərazidə yetkinlik yaşına çatmış dişi bəbir müşahidə olunub.
Qeyd edək ki, hadisədən bir həftə öncə həmin bəbirin epizodları Hirkan Milli Parkının Şindan meşəbəyliyində quraşdırılmış fototələlərə düşüb.
Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, IDEA İctimai Birliyinin nümayəndələri ərazidə olub və yerli əhali ilə Azərbaycan meşələrinin incisi sayılan və nadir növ olan bəbirin mühafizəsi barədə söhbətlər aparıb.
Qeyd edək ki, uzun illərdir IDEA İctimai Birliyinin fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ölkə ərazisində bəbirlərin mühafizəsi layihəsini həyata keçirir. Layihə çərçivəsində bəbirlərin yaşadığı areallarda yerli icma nümayəndələri ilə görüşlər keçirilir, əhali arasında maarifləndirmə işləri aparılır, davamlı mühafizə tədbirləri işlənib hazırlanır.
"Sevindirici haldır ki, hadisə zamanı bəbir fermerin ev heyvanına hücum edərək ziyan vursa da, fermer vətəndaş mövqeyi nümayiş etdirərək balalarının olduğu ehtimal edilən bəbirə ziyan vurmayıb. IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın tövsiyəsi ilə layihəni icra edən təşkilatlar tərəfindən zərərçəkmiş fermerə kompensasiya ödənilməsi üçün zəruri tədbirlər görülür.
Xatırladaq ki, bəbir (qaplan) yırtıcılar dəstəsinə aid olub, Ümümdünya Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na daxil edilib. Bəbirin keçmiş arealı çox geniş olsa da, keçən əsrin 60-cı illərinədək ümumiyyətlə bəbirlərin ölkə ərazisində yaşadığını sübuta yetirən ciddi faktlar əldə olunmayıb. Hazırda bu növ yalnız Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvanın dağlıq ərazilərində müşahidə olunur.
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi hadisə nəticəsində zərər çəkmiş Astara rayonu sakininə məsələyə məsuliyyətlə yanaşdığına görə təşəkkürünü bildirir, vətəndaşlarımızı Qafqaz bəbiri və digər nadir, nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvanların mühafizəsi məsələsində vətəndaş mövqeyi nümayiş etdirməyə çağırır”, – deyə məlumatda bildirilir.
Xəbər 684 dəfə oxunub.