Bakı Dövlət Universiteti (BDU) əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addım atılıb.
Universitetin Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə universitetin hər bir əməkdaşına orta hesabla 100 manat məbləğində birdəfəlik mükafat verilib. Mükafat ümumilikdə 3 minədək əməkdaşa şamil edilib. BDU Elmi Şurasının sonuncu iclasında isə qərara alınıb ki, yeni ildən etibarən professor-müəllim heyətinin və digər işçilərin əməkhaqlarının artırılması üçün imkanlar araşdırılsın.
Qeyd edək ki, BDU-da çalışan əməkdaşların rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə davamlı olaraq ayrı-ayrı sahələrdə çalışan işçilərin əmək haqları artırılır. Ötən ildən etibarən Bakı Dövlət Universitetində fəaliyyətlərinə, peşəkarlıqlarına, əldə etdikləri nailiyyətlərə görə fərqlənən professor-müəllim heyətinin əməkhaqqı diferensiasiya yolu ilə əhəmiyyətli dərəcədə artırılıb. Bundan əlavə, universitetin hər bir kafedrasında fakültə dekanı, tədris-metodiki şurası və fakültə Həmkarlar Təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilir, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin anket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər irəli sürülür, həmin əməkdaşların maaşı cari ilin sonunadək diferensiasiya yolu ilə artırılır ki, bu da təxminən 300 nəfərə şamil olunur.
Xatırladaq ki, son illər əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu gün Bakı Dövlət Universitetində professor-müəllim heyətinin orta aylıq əməkhaqqı 1000 manat civarındadır. Bundan əlavə, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitetdaxili 50+50 və fərdi qrant layihəsi ilə işləyən çoxsaylı professor-müəllim heyətinin universitet maaşı ilə birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur.