Əksər obyektlərin satışı üzrə vergi xərcləri dəfələrlə azalacaq.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bunu daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən, qeyri-yaşayış sahələrinin alqı-satqısı ilə bağlı yanvarın 1-dən qüvvəyə minəcək yeni qaydaları şərh edərkən deyib.
Onun sözlərinə görə, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, 2016-cı ildən etibarən qeyri-yaşayış sahələrinin təkrar bazarda satışının vergiyə cəlb edilməsi qaydalarında dəyişikliklər edilib. Qanundakı dəyişikliyə əsasən, bundan sonra qeyri-yaşayış təyinatlı sahələri satan şəxslər əmlakın sahəsinə uyğun olaraq sadələşdirilmiş vergi ödəyəcəklər: "Yaşayış təyinatlı sahələrindən fərqli olaraq qeyri-yaşayış sahələrinin satışı üzrə tətbiq ediləcək yeni vergiqoyma qaydaları, demək olar ki, ancaq müsbət dəyişikliklərdən ibarətdir. Belə ki, bu ilin yanvarında daşınmaz əmlak bazarında əməliyyatlara vergi nəzarətinin gücləndirilməsi kommersiya obyektlərinin investisiya cəlbediciliyini tam olaraq "məhv" edib. Hazırki dəyişiklik isə onların investisiya cəlbediciliyini bərpa edir. Bundan sonra artıq alqı-satqı əməliyyatları üzrə dövriyyənin gizlədilməsi əhəmiyyətsiz olacaq. Bu isə sahibkarlıq mühütində şəffaflığı artıracaq. Çünki sahibkarların artıq daşınmaz əmlak satışından əldə etdikləri sərvətlərinin mənbəyini gizlətməyə ehtiyacı olmayacaq. Bundan əlavə, vergi orqanı üçün bu üsulla vergi yığmaq asan olacaq. Əvvəllər isə vergi orqanı minlərlə satıcıya nəzarət etməyə çalışırdı. İndi isə verginin hesablanması və ödənilməsini notariuslar həyata keçirəcək. Və ən əsası, əksər obyektlər üzrə satış üzrə vergi xərcləri dəfələrlə azalacaq".
Ekspert qeyd edib ki, bu məsələ konkret haldan asılıdır: "Məsələn, əvvəllər 1 milyon manatlıq obyekt satılanda bu satışın ümumi məbləğinin 18 faizi ƏDV-yə cəlb olunurdu. Təkcə ƏDV məbləği satış qiymətinin 15,25 faizini təşkil edirdi. Bu isə böyük rəqəmdir. Bundan əlavə, fiziki şəxs satışın nəticələrinə görə, yəni xalis gəlirdən 20 fazi gəlir vergisi ödəyirdi. Bu isə mənfəət olmayanda sıfırdan ƏDV-siz məbləğini 15%-dən yuxarıya kimi artıra bilirdi. Yəni 1 milyon manatlıq obyekt satılanda vergi xərcləri xalis gəlirdən asılı olaraq 15,25 faizdən 30 faizə qədər, bəzən isə daha çox arta da bilirdi. İndi isə, məsələn, həmin obyekt 1-ci zonadadırsa və onun sahəsi 200 kv.m-dirsə (hər kv.m üçün 5000 manat), bu halda vergi məbləği 18000 manat təşkil edəcək. Yəni satış qiymətinin 1,8 faiz məbləğini sadələşdirilmiş vergi təşkil edəcək. Konkret bu misalda fərq 8 dəfədən 17 dəfəyə kimi təşkil edir. Bəzi hallarda fərq daha az ola bilər. Elə ola bilər ki, fərq 2 dəfə təşkil etsin, elə də ola bilər ki, eyni olsun. Bu, obyektin sahəsindən, yerləşməsindən, qiymətindən asılı olaraq dəyişəcək. Məntiq isə belə olacaq ki, obyektin hər kv.m-i nə qədər baha olsa, satış qiymətinə nisbətdə vergi xərcləri bir o qədər də az olacaq".
R.Əliyevin fikrincə, yenilikləri bəzi mənfi cəhətləri də mövduddur: "Hazırki vergiqoyma yanaşması ancaq əmlakın texniki parametrlərinə, yəni sahəsinə bağlı olacaq. Bu cür yanaşma ilə qeyri-yaşayış sahəsinin neçəyə satılmasının və nəticədə nə qədər qazanılacağının heç bir əhəmiyyəti olmur. Obyekti zərərlə və mənfəətlə satan mülkiyyətçilər eyni vergi ödənişi edəcəklər. Əvvəlki qaydalarda isə zərərlə (baha alıb ücüz satan) mənzil satan satıcılar vergi ödəmirdilər. Buna baxmayaraq, bəzi istisna halları olmaqla yeni vergiqoyma qaydaları əvvəlki qaydalardan müqayisə edilməz dərəcədə əlverişlidir".