Bu gün Bakı Apelyasiya Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədovun Səbail Rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılmasından verdiyi apelyasiya şikayətinə baxılıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə R.Məmmədovun vəkili Akif Əlizadə məlumat verib.
Vəkil bildirib ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə araşdırılan şikayət rədd edilib. Hakim birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb.
Qeyd edək ki, R.Məmmədov bu il may ayının 12-də saxlanılıb və onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb.
R.Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.