Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Abbas Əraqçi ilə təkbətək və geniş formatlı görüşlər keçirib.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X-də paylaşım edib.
Müzakirələrdə Azərbaycan və İran arasında mehriban qonşuluq münasibətləri və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın hazırkı gündəliyini və perspektivləri diqqətə çatdırılıb.
Tərəflər xüsusilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və Şərqi Zəngəzur İqtisadi Bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə layihələri daxil olmaqla nəqliyyat-logistika sahəsinə diqqət yetirərək iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi yollarını və vasitələrini müzakirə ediblər.
Qeyd edilib ki, görüşdə humanitar əməkdaşlığa da toxunulub, o cümlədən Bakı-Tehran-Təbriz arasında artan uçuşlar, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq vurğulanıb.
BMT, Qoşulmama Hərəkatı və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi və Azərbaycanın azad edilmiş ərazilərində münaqişədən sonrakı yenidənqurma səyləri barədə fikir mübadiləsi aparılıb.
Xəbər 36 dəfə oxunub.