Martın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkədə səfərdə olan BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Köröşini qəbul edib.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
C.Bayramov Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirakına görə ona təşəkkürünü bildirib, ölkənin sədrliyi çərçivəsində təşkil edilmiş Zirvə Görüşünün əhəmiyyətindən bəhs edib.
Nazir BMT nümayəndələrinin son illərdə ölkəmizə səfərlərindən, BMT Baş Assambleyasının prezidentinin ofisi ilə faydalı əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək BMT-nin gündəliyində duran məsələlər üzrə müzakirələrdə Azərbaycanın fəal iştirakını və təşəbbüslərini diqqətə çatdırıb.
Görüşdə həmçinin bölgədəki vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mövcud mina təhdidləri, Ermənistanla münasibətlərin normallaşdırılması, o cümlədən sülh gündəliyi üzrə Azərbaycan tərəfindən atılan addımlar qeyd edilib.
Xəbər 261 dəfə oxunub.