ABŞ prezidenti Co Bayden Ukraynaya təxminən 3 milyard dollar məbləğində ən böyük hərbi yardım paketinin ayrıldığını elan edib.
Aktual.az xəbər verir ki, bu barədə Ağ Evin saytında deyilir.
"Mən bu günə qədər ən böyük təhlükəsizlik yardım paketimizi elan etməkdən qürur duyuram: Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü vasitəsilə təqribən 2,98 milyard dollar dəyərində silah və avadanlıq veriləcək", - prezident deyib.
Qeyd olunur ki, yeni hərbi yardım paketi Ukraynaya hava hücumundan müdafiə sistemləri, artilleriya sistemləri və döyüş sursatları, PUA əleyhinə sistemlər və radarlar əldə etməyə imkan verəcək ki, ölkə uzun müddətdə özünü müdafiə etməyi sürdürə bilsin.
Ukraynaya silah tədarük etdiyi üçün Rusiya bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır”.
Xəbər 333 dəfə oxunub.