“BAYDEN, BƏLKƏ DƏ RUSUN AGENTİDİR...” – “2022-ci ildə Rusiya ilə o sazişi imzalamasaydıq...”

“BAYDEN, BƏLKƏ DƏ RUSUN AGENTİDİR...” – “2022-ci ildə Rusiya ilə o sazişi imzalamasaydıq...”

Ədalət, Hüquq və Demokratiya Partiyasının (ƏHD) sədri, 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində 36 saylı Xətai-Suraxanı seçki dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyev "AzPolitika”-ya müsahibəsində seçkiqabağı şərait, problemlər, gözləntilər, ölkədəki sosial-iqtisadi durum, eləcə də regionda və dünyada gedən proseslərlə bağlı sualları cavablandırıb.
 
Aktual.az həmin müsahibəni təqdim edir:
 
- Qüdrət bəy, əvvəlcə onu qeyd edək ki, parlament seçkilərində rəqabət mühiti demək olar ki, yoxdur. Təşviqat dövrü də xüsusi aktivlik hiss olunmadı. Vətən müharibəsindəki qələbədən sonra seçki ilə bağlı cəmiyyətdə fərqli gözləntilər var idi. Amma tam əksi oldu. Bu sizin üçün də gözlənilən idimi?
 
- Biz çox ümid edirdik ki, növbəti parlament seçkilərinə qədər referendum keçirə biləcəyik və proporsional seçki sisteminin bərpası gündəmə gələcək, bundan sonra isə seçkilər keçiriləcək. O zaman, əlbəttə, televiziyalarda siyasi partiyaların debatını görə bilərdik. İndi vəziyyət belədir ki, Yeni Azərbaycan Partiyasından başqa heç bir partiya 61-dən artıq dairədə namizəd irəli sürə bilməyib. Seçki Məcəlləsinə görə, siyasi partiyalara yalnız bu halda pulsuz efir vaxtı verilir. Açıq söyləyək ki, pullu efir vaxtı da çox bahadır, hakim partiyadan başqa digər siyasi partiyaların seçkiyə böyük maliyyə vəsaiti ayırmağa imkanları yoxdur.
 
- Partiyaların yetərli sayda namizəd irəli sürməyə imkanı olmur, yoxsa özləri istəmir?
 
- Bizim partiyanın hardasa 114 dairədən namizəd irəli sürmək imkanı var idi. Əlbəttə, onların hamısı eyni gücdə deyildilər. Amma söhbət ondan gedir ki, 114 namizəd irəli sürüb, sonra onu müəyyən resurslarla təmin etmək çox çətin məsələdir. Bilirsiniz ki, bizim vətəndaşlar namizədlərin seçki fonduna pul köçürmürlər. Bu ənənə hələ Azərbaycanda yoxdur. ABŞ-dəki kimi heç kim evdə oturduğu yerdən birbaşa siyasi partiyanın, yaxud namizədin seçki fonduna pul köçürmür.
 
- Gərək birinci rəqabətli, real seçkiyə inam olsun ki, sonra namizədə maraq yaransın...
 
- Yox, təkcə inamla bağlı deyil. Tutaq ki, elə dairələr var ki, orda doğrudan da ciddi rəqabət var. Amma orda da namizədlərin hesabına pul keçirən yoxdur. Yəni bu ənənə formalaşmayıb. Bu baxımdan, siz dediyiniz formada televiziyalarda rəqabət görsənmir. Amma fərdi qaydada mən bilirəm ki, insanlar işləyirlər. Bir-bir vətəndaşlarla görüşürlər, internet tv-lərdə çıxışlar edirlər, sosial şəbəkələr vasitəsilə görüşlər keçirirlər və s. Məsələn, mənim və seçki qərargahımızın üzvlərinin yüzlərlə geniş və kiçik qruplar formasında görüşlərimiz olub. Namizədlər çalışırlar ki, insanları səsverməyə cəlb etsinlər. Amma proporsional seçki sistemi olsaydı, bu, daha güclü çoxpartiyalı sistemin olmasını şərtləndirərdi, həm də televiziyalarda debatlar olardı və seçki kampaniyası onda indikindən daha canlı görsənərdi. İndi birmandatlı seçki dairələrində siyasi partiyalar yox, daha çox ayrı-ayrı namizədlər arasında mübarizə gedir.
 
- ƏHD partiyasının bu seçkidə mandatların sayını artırmaq imkanı görünür. Digər namizədlərin seçki kampaniyasına baxanda Sizin və daha bir namizəd - Elçin Mirzəbəylinin kampaniyası daha canlıdır. Sanki partiyada barışıblar ki, yalnız bu iki namizədin deputat olmaq şansı var. Prinsipcə, bu, keçən seçkidən sonra partiya üçün uğur sayıla bilər...
 
- Elçin bəy parlamentdə seçicilərini və ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarda layiqincə təmsil etmək gücündə olan bir şəxsdir. Amma təkcə o yox, seçkilərdə iştirak edən 11 namizədimizin hər biri. Mətbuatda Elçin bəyin və Niyaməddin bəyin seçki kampaniyası daha çox görsənir. Əgər biz bir yox, daha çox mandatla parlamentdə təmsil olunsaq, bu uğur sayılacaq. Amma əlbəttə, istəyərdik ki, partiyamızın ayrıca fraksiyası olsun. Azərbaycan Cənubi Qafqazda və ümumiyyətlə, MDB-də, o cümlədən ATƏT məkanında tək ölkədir ki, parlamentində fraksiyalar yoxdur. Fraksiyaların olması üçün proporsional seçki sistemi bərpa olunmalıdır ki, çoxpartiyalı siyasi sistem gücləndirilsin. Ona görə biz Konstitusiya islahatlarına çağırırıq və düşünürük ki, bu islahatlar həm də digər sahələrdə böyük islahatların başlanmasına səbəb ola, ona yol aça bilər. Bizim partiya cəmiyyətdə özünün konstruktiv, sağlam mövqeyi ilə həmişə seçilib. Biz iqtidarın uğurlarından danışmağa çəkinməmişik. O şey ki, təqdir olunmalı, alqışlanmalıdır, yaxud onun müsbət bir addım olduğu deyilməlidirsə, bunu demişik. Fikirləşməmişik ki, iqtidarın uğurundan danışmaq müxalifət partiyasının işi deyil. Amma ölkənin problemlərini də hər zaman qaldırmışıq. Ölkəmiz sürətli inkişafa nail olmaq üçün hansı addımlar atmalıdır? Biz necə etməliyik ki, demokratiyanı inkişaf etdirək? Ədalətli cəmiyyəti qurmaq üçün hansı işlər görülməlidir? Problem nədir, onlar hardan qaynaqlanır? Bu problemləri necə aradan qaldırmaq olar? Bununla bağlı konkret təkliflər vermişik.
 
- Artıq müxtəlif saytlarda, sosial şəbəkələrdə mandat alacaq şəxslərin siyahıları yayılır... Hakim partiya sizin önünüzə daha güclü, prinsipial namizəd çıxarmayıb...
 
- İstənilən ölkədə namizədlərin qeydə alınma prosesi başa çatandan sonra birmandatlı seçki dairələri üzrə müəyyənləşdirmək olar ki, bu dairədən təqribən kim seçiləcək. Bəli, bəzi dairələrdən iqtidar güclü namizədlərlə çıxış eləməyib və biz bunu yüksək qiymətləndiririk. Amma hətta hakim partiyada belə bütün dairələrdən güclü namizədlər tapmaq asan iş deyil. Xatırlayırsınızsa, seçkidən öncə mənim çoxsaylı açıqlamalarım, siyasi partiyalara müraciətim olmuşdu ki, gəlin oturaq bir yerdə anlaşaq, heç bir partiya xüsusilə də iqtidar partiyası 83-dən artıq dairədən namizəd irəli sürməsin. İmkan versin ki, o yerdə qalan dairələrdən digər siyasi partiyalar daha ciddi rəqabət mühitində öz nümayəndəsini parlamentə göndərə bilsin və parlamentdə fraksiyalar yaratmaq mümkün olsun.
 
- Təklifə partiyalardan cavab gəlmədi?
 
- Təəssüf ki, cavab gəlmədi. Amma başqa formada nəzərə alındı. Mənim özümlə bağlı deyirsinizsə, YAP-dan namizədliyi irəli sürülən bələdiyyə sədrinin müavini, Ümid Partiyasının Ali Məclisinin sədri və bitərəf namizədlər var. Hər birini ciddi rəqib hesab edirəm və hər birinə də hörmətim var. Bilirəm ki, normal seçki kampaniyası aparırlar. Ola bilsin ki, mən daha təcrübəliyəm, partiya sədriyəm, media resurslarımız daha böyükdür, daha güclü seşki proqramına malikik və s.. Amma bir daha qeyd edirəm ki, rəqabət mühiti var.
 
- Bəzi dairələrdə biz gördük ki, şanslı namizədləri məcbur elədilər ki, onlar geri çəkilsinlər. Belə faktlar seçki mühitinə necə təsir elədi? Bu cür addımlar nə ilə bağlı idi?
 
- Onların buna məcbur edildiklərinə dair konkret faktlar yoxdur. Kimsə bu cür düşünə bilər, onlara bu cür düşünməyi qadağan etmək olmaz. Siyasi mübarizəyə qatılan şəxs mütləq mövcud reallıqları, öz imkanlarını, digər çoxsaylı faktorları nəzərə alır və qərar verir. Məsələn, namizədliyini irəli sürməyən partiya sədrlərini kim məcbur elədi ki, namizədliyini vermə? Bəziləri də deyir ki, bir çox partiyaları seçkiyə qatılmağa məcbur etdilər. Əgər peşəkar siyasətçi seçkilərə qatılmaq istəmirsə, bu onun özünün şüurlu seçimidir və bu seçimə hörmət edilməlidir. Biz yalnız seçkiləri boykot etməyə çağıranları qınaya bilərik.
 
- Yeri gəlmişkən, Müsavat Partiyası seçkidə iştirak elədi, amma rəhbərliyi iştirak etmir. Seçki texnologiyası baxımından bu necə izah oluna bilər? Elə partiyalar da var ki, ümumiyyətlə seçki prosesinə qatılmaqdan imtina etdilər. Sizcə, niyə qatılmırlar və ya partiya qatılır, liderləri qatılmır? Əvvəlki seçkilərlə müqayisədə maraqlı və fərqli hadisədir...
 
- Əlbəttə, bu sualı onlara ünvanlamaq lazımdır və bəziləri artıq bu suallara cavab veriblər. Mən hesab edirəm ki, əgər partiyanın sədri qalib gələcəyinə əmin olarsa, seçkiyə qatılar, qatılmırsa deməli, məğlub olmaq istəmir.
 
- Bəs bu halda seçkiyə qatılan digər partiya üzvlərini qələbəyə necə motivasiya edir?... 
 
-Partiya üzvlərini inandıra bilər ki, iqtidar mənə qarşı güclü namizəd irəli sürəcək və mənim seçilmək sansım yoxdur, amma siz şansınızı sınayın. Həm də bunu ona görə etmək lazımdır ki, gənc nəsil bizim seçki platformamızla tanış olsun. Seçkilərə qatılmayan partiya tədricən ölüb gedir. Məsələn, biz şansımızın az olduğunu bilsək də prezident seçkilərinə qatıldıq. Niyə seçki kampaniyasının verdiyi imkanlardan istifadə edib, partiyanın platformasını insanlara çatdırmayaq və daha çox insan arasında təbliğat aparmayaq? Bu baxımdan, biz seçkilərə qatılmağı doğru sayırıq. Pulsuz efir vaxtından da istifadə etdik. Düşünmürəm ki, biz seçkiyə qatılmasaydıq, cəmiyyət və partiyamız bundan daha çox fayda görə bilərdi. Əksinə, hesab edirəm ki, seçkilərə mütləq qatılmaq lazımdır.
 
Mövcud reallıqlar siyasi partiyanı qane etməsə belə, bu vəziyyəti dəyişmək uğrunda mübarizə aparmaq lazımıdr. Yoxsa "Şərtlər məni qane etmir, getmirəm”, demək doğru deyil. Yaxşı, bu şərtləri sənin üçün kim dəyişəcək? Əgər bu şərtlər iqtidarı qane edirsə, onu niyə dəyişsin? Deməli, siyasətçilər həmişə cəmiyyətdə, siyasi proseslərin içərisində olmalıdır. Əlbəttə, İsa Qəmbərin öz namizədliyini sürməməsi onun öz işidir. Amma Müsavat Partiyasının seçkiyə qatılmağını hər bir halda təqdir edirəm.
 
- Amma bəzi namizədləri aktiv kampaniya aparmır…
 
- Dairələrdə aparırlar. Respublika miqyasında bu görsənmir.
 
- Müsavatdan rəqibiniz varmı?
 
- Yox. Sağ olsunlar. Görünür, fikirləşiblər ki, mənim parlamentdə olmağım millətin maraqlarına daha uyğundur. Mən istərdim ki, başqa partiyalar da həmin dairədən namizəd irəli sürməsin. Bizim partiyanın rəhbərliyinin qərarı olmuşdu ki, çalışaq, digər siyasi partiyaların liderlərinin olduğu dairələrdən namizədlər irəli sürməyək. Proporsional seçki sisitemi bərpa olunarsa, bu, partiyaların ideyalar ətrafında təmərküzləşməsinə, birləşməsinə yol açacaq.

- Müsavatla belə danışıqlar olmuşdu?
 
- Yox, danışıq olmamışdı. Mətbuata belə bir açıqlamamız olmuşdu. Ona görə hakim partiyanın erməni faşizmi üzərində qələbəmizdən sonrakı reytinqini və resurslarının miqyasını nəzərə alaraq söyləmişdik ki, onlar 83-dən artıq dairədə namizədlər irəli sürməsinlər. Ümumiyyətlə, mən hesab edirəm ki, siyasətdə bitərəf deyilən anlayış yanlışdır, bunu doğru saymıram. Siyasətlə məşğul olan adam hansısa bir siyasi partiyada olmalıdır. Yaxud gedib platforması ona yaxın olan bir partiyaya yaxınlaşmalı və deməlidir ki, "Mənim namizədliyimi siz verin”. Ona görə ki, parlament siyasi platforması olan partiyaların mübarizə apardığı yerdir. Orada təkbaşına nəsə eləmək mümkün deyil. Mən hesab edirəm ki, Azərbaycanda gələcəkdə yalnız proporsional seçki sistemi əsasında parlament seçkiləri keçirilməlidir. Ümumiyyətlə, ölkəmiz parlamentli respublika modelinə keçməlidir. Belə olduğu halda hökumət birbaşa parlamentdə formalaşacaq. Hökumət üzərində parlamentin ciddi nəzarəti olacaq, həm də çoxpartiyalı sistem inkişaf edəcək. İndi bəzi ölkələr demokratiyanı inkişaf etdirmək üçün birbaşa öz qanunlarında yazıblar ki, heç bir partiya topladığı səsdən asılı olmayaraq parlamentdə yerlərin üçdə ikisindən artığına sahib ola bilməz və parlamentdə minimum üç partiya təmsil olunmalıdır. Bu zaman artıq qanun tələb edir ki, parlamentdə minimum 3 partiya olsun. O baxımdan Azərbaycanda islahatlara getmək lazımdır.
 
Bizim bölgədə çox böyük dövlətlərin maraqları var. Siyasi və iqtisadi azadlıqlardan onların istifadə edəcəyindən qorxub islahatlara getməsək, xüsusilə iqtisadi azadlıqlar təmin edilməsə, cəmiyyətin sürətli inkişafına nail ola bilməyəcəyik. Ölkəmizə yuxarıdan aparılan islahatlar lazımdır və mən çox ümid edirəm ki, 2025-ci il ölkəmizdə islahatlar ili olacaq, yeni Konstitusiya qəbul edərik və bundan sonra da həyatımızın bütün digər sahələrində müəyyən islahatlara başlayarıq. Bizim iqtisadiyyatımız neftdən asılı olaraq qalır və neft hasilatı da azalır, qiyməti də aşağı düşür. Bu da bizi gələcəkdə böyük, ciddi iqtisadi və sosial sıxıntılarla üz-üzə qoya bilər. Bunun üçün indidən bu barədə düşünmək lazımdır. Biz çalışacağıq iqtidarı inandıraq ki, 2025-ci ildə islahatlara başlasın.
 
- Parlamentin rəhbərliyində hansı dəyişiklikləri gözləyirsiniz? Artıq qeyd elədiniz ki, parlamentdə müxalifətin fraksiya yaratmaq imkanı yoxdur...
 
- Yoxdur deməyək, şans azdır. Bu ehtimal tam yoxdur demək düz olmaz. Ona görə ki, hələ seçkilər olacaq. Siz dediyiniz kimi, parlament rəhbərliyində kimlər olacaq, fraksiya olacaqmı? Bu, seçkilərdən sonra bəlli olacaq. Məsələn, nizamnaməni dəyişib fraksiya yaratmaq üçün üzvlərin sayını 25-dən 10-a endirmək olar, yaxud bitərəfləri cəlb etmək olar.
 
- Bunun üçün siyasi qərar lazımdır və qanun dəyişməlidir…
 
- Haqlısınız, bu baxımdan fraksiyanın olub-olmayacağını indidən söyləmək çətin məsələdir.
 
- Mən gözləntiləri soruşdum. Bu parlamentdə ola bilərmi komitə sədri müxalifət partiyasının sədri, müxalifətdən olan deputatlar vitse-spiker olsunlar? Bir də ki, spiker və müavinlərin kim olacağı haqqında artıq diskussiyalar başlayıb. Sizin gözləntiləriniz nələrdir?
 
- Bu kimi məsələlər hakim partiyadan asılıdır. Ona görə ki, indidən demək olar, çoxluğu onlar təşkil edəcək. Bəri başdan deyə bilmərəm kim sədr olacaq, kimlər müavin, kimlər komitə sədri.
 
- Spiker kimi Əli Əhmədovun adı çəkilir...
 
- Müxtəlif adlar çəkilir.
 
- Siz Milli Məclis rəhbərliyini necə görmək istəyərdiniz?
 
- Mənim istədiyim odur ki, kim spiker olacaqsa, daxili Nizamnaməyə ciddi şəkildə əməl edilsin, alternativ fikirlərin, ideyaların, parlamentdə səsləndirilməsinə heç bir problem yaradılmasın. Əlbəttə, tutaq ki, qaldırılan hansısa məsələ, edilən çıxış kimisə qane eləmirsə, etika çərçivəsində cavablar olsun. Bu cavab sərt də ola bilər, amma ədəbli formada. Ora bir polemika yeridir, parlamentdə bu olmalıdır. İnsanların problemləri orada dartışılmalıdır. Yalnız xarici radiostansiyalarda, internet TV-lərdə, mediada yox. İnsanlar da görməlidir ki, onları təmsil edənlər nədən danışırlar. Məsələn, mən çox istərdim ki, parlament televiziyası olsun. Parlamentin qapalı iclasları istisna olmaqla, digər iclaslar canlı yayımlansın. Heç olmasa internet üzərindən yayımlansın. Məsələn, Türkiyə Böyük Millət Məclisində iclaslar canlı yayımlanır. Əksər inkişaf etmiş ölkələrdə də bu iclaslar canlı yayımlanır. Seçici görür ki, onun seçdiyi millət vəkilinin hansı məsələyə münasibəti nədir və hansı məsələlərdən danışır. Məsələn, büdcə müzakirələrində çoxları başlayır danışmağa ki, kəndin, qəsəbənin yolu dağılıb, məktəbin, uşaq bağçasının təmirinə, iş yerlərinin açılmasına ehtiyac var. Ancaq büdcənin gəliri bu xərcləri qarşılamır. Sosial xərcləri artırmaq üçün büdcə gəlirlərini necə artırmaq barədə isə çox az sayda adam məsələ qaldırır.
 
- Amma hökumətin hesabatına da hamı müsbət səs verir...
 
- Mən verməmişəm. 2020-ci ildə Qarabağ üzərində möhtəşəm qələbədən sonra hökumətin fəaliyyətini təqdir eləmişəm. Deputat olduğum dövrlərdə büdcənin bölüşdürülməsini ədalətli saymamışam, hökumətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etmişəm. Hökumətin fəaliyyətini bəyənirəmsə, gedib Yeni Azərbaycan Partiyasına üzv olaram…
 
- Mən sizi nəzərdə tutmuram. Müxalifət adından parlamentdə olanları deyirəm.
 
- Çox təəssüf ki, son vaxtlar bu kimi məsələlərə dair səsvermələrdə tək qalırdım. Bu da acı reallıqdır...
 
- Bayaq qeyd elədiniz ki, neft gəlirləri aşağı düşür, sosial iqtisadi vəziyyət ağırdır. Doğrudan da cəmiyyətdə biz bunu hiss edirik. Yəni qarşıdakı dövrdə hökumətdə hər hansı bir islahat, gözləntiniz varmı ki, bu problemlərə bir əl gəzdiriləcək? Çünki vətəndaşların hüquq və azadlıqları, sahibkarlarla bağlı ciddi problemlər var.
 
- İqtisadiyyatın inkişafı ilə bağlı inkişaf etmiş xalqların keçdiyi yol var. Birincisi, bazar iqtisadiyyatı qurulmalıdır. Bizim iqtisadiyyatımızda bazar iqtisadiyyatının müəyyən elementləri var. Bizim hökumət üzvləri də fəxrlə deyirlər ki, "iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir”. Əgər iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədirsə, deməli, bizdə keçmiş sovet dövründən qalma iqtisadiyyatda idarəetmə sistemi özünü qoruyub saxlayır. O vaxt dövlət mülkiyyəti və planlı təsərrüfat sistemi var idi. Bu baxımdan, böyük özəlləşdirməyə gedilməlidir. Dövlət bizneslə məşğul olmamalıdır. Bu, bizim Konstitusiyada da yazılıb. İkincisi, heç bir iqtidar məhkəmə hüquq islahatlarına getmədən, güclü məhkəmə hakimiyyəti qurmadan mülkiyyətin toxunulmazlığını təmin edə bilməz. Mülkiyyət toxunulmazlığı təmin edilməsə, iqtisadiyyata arzuladığımız investisiya qoyuluşu olmayacaq. Bundan başqa əlverişli biznes mühiti yaradılmalı, iqtisadiyyatda proteksionizmə yol verilməməli, ədalətli rəqabət mühiti yaradılmalı, ÜTT-yə, böyük iqtisadi birliklərə üzv olmağa, sərhədyanı ticarəti inkişaf etdirməyə çalışmalıyıq.
 
- Prezident 2019-cu ildə ölkədə məhkəmə-hüquq islahatlarının aparılması ilə bağlı fərman verib, amma beş il keçsə də, icra olunmur. Demək olar ki, vətəndaşların məhkəmələrə əlçatanlığı daha da pisləşir...
 
- Bir dəfə parlamentdə məsələ qaldırmışdım ki, ölkədə qanunların aliliyi ilə bağlı tanınmış hüquqşünasların iştirakı ilə böyük elmi konfrans keçirilsin ki, niyə ölkədə qanunlara riayət edilməsinin vəziyyəti belədir. Bizdə təqribən hər ay 100 min iş məhkəmələr tərəfindən icraya yönəldilir. Bu, ildə 1 milyon 200 min iş edir. Sonra məhkəməyə qədər mediasiya mərhələsində mediatorlar tərəfindən, istintaq orqanları tərəfindən öz həllini tapan işləri də bunun üstünə gəlsək, ölkədə görün nə qədər adam bu cür hüquqi çəkişmələrin subyekti olub. Yəni bu hamımızı narahat eləməlidir ki, niyə bu qədər cinayətlər baş verir. Məsələn, indi dələduzluq o qədər geniş yayılıb ki, qardaş qardaşı, ailə üzvləri bir-birini aldadır. Bir çox hallarda hətta dələduzlar kimisə aldatması ilə fəxr edir, bunu az qala bir qəhrəmanlıq kimi qəbul edirlər. Bunun səbəbləri ciddi şəkildə araşdırılmalıdır.
 
İkincisi, bizdə hakimlərin sayı artırılmalıdır. Biz Avropa ölkələrindən bu istiqamətdə hər 100 000 nəfərə düşən hakimlərin sayına görə dörd dəfə geri qalırıq. Vəkillərin də sayı dəfələrlə azdır. Düzdür, son illər bu istiqamətdə çox böyük işlər görürük. Amma bu, yetərli deyil. Hakimlər həddindən artıq yükləniblər. Bu halda da keyfiyyətli məhkəmə araşdırmasından söhbət gedə bilməz. Cəmiyyətimizdə kompleks islahatlar həyata keçirilməlidir. Yəni ayrılıqda bir sahəni götürüb orada vəziyyəti köklü dəyişmək olmaz. Kompleks islahatlar aparılmasa, çox çətin olacaq.
 
Sahibkarlığa gəlincə, öncə qeyd etdiklərimlə yanaşı yaxşı olardı ki, Qarabağda "vergi cənnəti” yaradaq. Şox ciddi vergi güzəştləri nəzərdə tutaq ki, xarici investorları cəlb etmək mümkün olsun. Dövlətimizin əsas vəzifəsi o olmalıdır ki, insanlarımız təhlükəsiz və rifah içərisində yaşasın, gələcəkləri ilə bağlı narahatlıq keçirməsinlər. 2023-cü ilin statistikasına baxsanız və 2022-ci illə müqayisə etsəniz görəsiniz ki, cəmiyyətimizdə boşanmalar kəskin artır, evlənənlərin sayı isə azalır. Bunun əsas səbələrindən biri yüksək ödənişli iş tapmağın çətin olmasıdir, həm də mənzil problemidir. Digər tərəfdən, Azərbaycanda 2023-cü ildə 2022-ci ilin anoloji dövrü ilə müqayisədə mənzil tikintisi 36 faiz azalıb. Bizim tikinti sektorunda çalışan şirkətlər artıq Özbəkistana, Qazaxıstana, Rusiyaya, Türkiyəyə üz tutur. İnsanlar tikintiyə icazə ala bilmir. Bu bəzən illərlə çəkir. Ona görə də burada yeni ideyalar, yeni yanaşmalar olmalıdır. İnanıram ki, iqtidar da fərqindədir ki, bir çox islahatlara başlamaq lazımdır və ümid edirəm ki, 2025-ci il islahatların başlanğıc ili olacaq.
 
- Bir neçə sual da mövcud geopolitik durumla bağlı vermək istərdim. Deməli, Rusiya - Azərbaycan münasibətlərində yeni bir dinamika var. Putin gəldi-getdi və 2 gün əvvəl də Prezident İlham Əliyevə telefon zəngində bildirib ki, əldə olunan razılaşmaları mərhələli şəkildə icra etmək vacibdir. Eyni zamanda Zəngəzur dəhlizinin açılması mövzusuna diqqət çəkib. Bir tərəfdən də Naxçıvan istiqamətində mütəmadi olaraq atəşkəs pozulur. Bu durum nədən xəbər verir?
 
- Bilirsiniz, Zəngəzur dəhlizinin açılması məsələsi çox uzandı. Deməli, atəşkəs haqqında saziş imzalanandan sonra əksər müsahibələrimdə demişdim ki, Ermənistana təzyiqləri artırıb o yolu açmalıyq. Bu yolun açılmasına nail olmaq lazımdır. Zaman keçdikcə çətinləşəcək. Bu zaman Qərbdən idarə olunan dairələr mənə qarşı böyük bir kampaniya təşkil etdilər ki, guya mən "Zəngəzuru işğal edib, Rusiyaya verək” demişəm. Mən də dedim harda demişəm, adamın bir abrı, həyası olar! Mən o vaxt, Ermənistan öz öhdəliyini yerinə yetirmədiyi üçün Azərbaycanın güc tətbiq etməklə yolu açmasını və üçtərəfli sazişə uyğun olaraq ona nəzarəti Rusiyaya verməsini məqbul saymışdım. Əlbəttə, biz dövlət başçısının sahib olduğu informasiyanın mindən birinə sahib deyilik. Bilmirik, böyük dövlətlərin buna reaksiyası necə olacaq? Ona görə də son qərarı Prezident verməlidir. Amma kiçik bir şans varsa, biz uğurla bu missiyanı başa çatdıra bilərik, bu tarixi imkanı qaçırmamalıyıq və Naxçıvana yol açılmalıdır. Ona görə ki, Naxçıvana və Türkiyəyə quru yolunun açılması, maneəsiz gediş-gəlişin təmin edilməsi bizim üçün həyati əhəmiyyətli məsələdir.
 
- Sizcə Rusiyasız bu yolu açmaq mümkündürmü?
 
- İndiki şərtlər altında bu mümkün deyil. Oturub gözləyə də bilmərik ki, gələcəkdə nələr baş verəcək. Ermənistan Rusiya -Ukrayna müharibəsinin necə yekunlaşacağını gözləyir. Onlar çox ümid edirlər ki, Rusiya bu müharibədən məğlub çıxacaq və bundan sonra da Rusiyanın özündə qərbyönümlü bir hakimiyyət formalaşacaq. O zaman Qərb və Rusiya Azərbaycanı məcbur edəcəklər ki, separatçılar Qarabağa qaytarılsın, onlara muxtariyyət verilsin və beynəlxalq təminat altında orada yaşasınlar. Amma biz gözləyə bilmərik…
Ermənilər isə yanılırlar. Ukraynanın məğlub olma ehtimalı qalib gəlmə ehtimalından dəfələrlə çoxdur. Hazırda Qərb Ukraynanın təslim olmamasında maraqlıdır, qalib gəlməsində yox. Bunu yalnız mən demirəm. Bunu Ukrayna Prezidenti başda olmaqla Ukraynanın digər yüksək vəzifəli şəxsləri də deyir.
 
- Bayden də deyir ki, bu müharibədə Rusiya qalib gəlməyəcək...
 
- O, ancaq danışır. Bayden bəlkə də rus agentidir. Bunu da yalnız mən demirəm. Qərb ekspertləri həm də onu deyirlər ki, "Amerika ilə düşmən olmaq təhlükəli, dost olmaqsa, ölümcül qorxuludur”. Onlar dostlarını həmişə qoyub qaçırlar. Vyetnamdan qaçdılar, Koreya faktıki olaraq iki yerə bölündü, İraqda proseslərin sonu məlumdur, Suriyada da eyni şeyi gördük. Bayden agent olmaya bilər, bu halda deməli, çox cəsarətsiz bir adamdır. ABŞ Ukraynaya dəstəyi dayandırıb onu alçaldıcı sülhə məcbur edə bilər. Ermənistan rəhbərliyi də bunu nəzərə almalı, öz qonşuları ilə əməkdaşlığa üstünlük verməlidir. Azərbaycan Qərbin həmişə etibarlı tərəfdaşı olub. Amma Qərb demokratiya, insan azadlıqları adı altında həmişə Azərbaycana təzyiq edib. Öz istəklərinə çatan kimi demokratiya da, insan hüquqları da yaddan çıxıb. Qərbə güvənmək olmaz…
 
- Sizcə, COP29-a qədər Azərbaycan və Ermənistan arasında Qərbin vasitəçiliyi ilə çərçivə sazişi ola bilərmi?
 
- Bu, çox az ehtimal olunur. Ona görə ki, noyabrdakı prezident seçkilərinə qədər Bayden administrasiyası xalqına bir raport verməlidir ki, baxın, biz Ermənistanla Azərbaycan arasında ilkin çərçivə sazişinin imzalanmasına nail olduq. Bilirsiniz, orada güclü erməni diasporası var. Digər tərəfdən, Rusiyasız və Türkiyəsiz imzalanan bu saziş bizə heç nə verməyəcək. Regionun böyük dövlətlərinin imzasının həmin sazişin altında olmasına ehtyac var. Mən əvvəlki müsahibələrimdə məcazi mənada "İkinci Qars müqaviləsinə ehtiyac var” deyirdim. Vətəndaşlar bəzi şeyləri bilməlidirlər ki, Prezident etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Türkiyə bu müharibədə bizə mənəvi-siyasi kömək göstərib, Rusiya isə neytral qalıb. Rusiya o vəziyyəti yaratmayıb ki, etnik təmizləmədə ittiham olunaq. Biz indi Rusiyaya deyə bilmərik ki, sazişi sənsiz imzalayırıq.
Qarabağda nə qədər insan itkisinin qarşısı alınıb. Bəziləri deyir "2022-ci ildə Rusiya ilə niyə müttəfiqlik sazişi imzaladıq”? Mən isə deyirəm ki, o saziş olmasa idi, biz 2023-cü ilin sentyabrında antiterror əməliyyatını keçirə bilməzdik…

Xəbər 580 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR