...baxışları "fahişəsən" damğasını vurdu alnıma!

...baxışları

Günel Emin

Çox düşündüm ki, yazmayım. Ancaq olmadı!

Yazını ana dilimdə yazmağıma səbəb Vətənimə gələn əcnəbi qonaqların gözlərini qorxutmamaq, onları Avropa Oyunları öncəsi ölkədən didərgin salmamaq üçündür. Bu sərt, kəskin tənqidi yazıdır, çox adam narazı qala bilər, kimi də mənlə razılaşa bilər. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma xahiş edirəm, yazımdan narazı qalsanız, təhqirə keçməyəsiniz, sağlam tənqid edəsiniz, şəxsiyyətə, şərəf və ləyaqətə toxunmayasınız... Onu da qeyd edim ki, bu yazını Konkret real faktlar əsasında yazmışam. 

Nəbadə...19.03.2015

1. Dünən yaxın rəfiqəm bacımgilə qonaq getmişdim, 21:10-da oradan çıxdım, şəhərin mərkəzində, avtobus dayanacağı və metroya yaxın yerdə qaldığı üçün əmin idim ki, rahat və problemsiz evə geri dönə biləcəyəm. Qeyd edim ki, mini yubka və ya don geyinməmişdim. Avtobus dayanacağına gedənədək xeyli adam gördüm. Tək olduğumdan insanlar mənə elə baxırdı ki, guya mən yadplanetliyəm. Avtobus olmadı, piyada metroya düşəsi oldum. Əlbəttə ki, vaxt irəliləyirdi...

Yenə yolda elə baxırdılar ki, guya bu vaxt qadın, qız küçədə tək gəzə bilməzmiş. Bəziləri baxışları ilə fahişə damğasını vurdu alnıma, bir-iki özünü "səviyyəli bilən kişiçiklər" hətta bir-iki söz də atdılar...  "Ana, bacı, gəlin, nişanlı, sevgililərinə bunu deyən tapılsın!" - qarğışını və ya alxışını edirəm onlara. Metroya düşdüm, adam çox deyildi, çoxu da tək deyildi. Tək metroya düşəndə çoxu dönüb mənə baxdı, düz mənə lazım olan stansiyada düşənədək də baxışlar qaldı üzərimdə...

Belə qənaətə gəldim ki, nəbadə 21:00-dan sonra ictimai nəqliyyata tək minəsən, vuracaqlar sənə damğanı! Metrodan çıxdım, arxamca biri gəlirdi. Çölə çıxanda isə, üzbə-üz gələn atam yaşında bir kişi də söz atdı. Bəxtim gətirdi ki, atam məni metronun yanında gözləyirdi və qarşıladı, onun baxışları da arxamca gələnləri də külək elə bil sovurdu. Yaxşı ki, atam düz yaşadığım evin aşağı giriş qapısınadək yola saldı məni. İctimai qınağı formalaşdıranlardan soruşmaq istəyirəm, məgər ölkəmizdə qadınlar üçün komendant saatı var? 

2. Metro və avtobusda gedərkən qulaqcıq taxıb mahnıya qulaq asmağıma bir çox səbəblər var, insanların üzündən yağan zəhrimarı görməmək, etdikləri qeybət və dedi-qoduları eşitməmək, tez bir zamanda mənə lazım olan obyektə kiminləsə "davam etmədən" çatmaq və s.  Bəzi "səviyyəlilərimizin" sənə zillənmiş yeyici baxışlarından yayınmaq, millətimizin bəzi nümayəndələrinin ictimai nəqliyyat vasitələrində düşənləri gözləmək mədəniyyətinin olmaması, düşənləri gözləmədən özünü içəri soxmağa çalışması məni əsəbləşdirən səbəblərdən biridir. Onları görəndə az qala deyirəm "ay minən, sən də hardasa düşəcəksən, düşəndə istəyirsən sənin də üstünə çıxsınlar?!" 

3.İctimai yerlərdə gözləmək mədəniyyəti yoxdur, növbədə dayanmaq mədəniyyəti yoxdur, hamı elə bir tələsir, sanki hamıya çatdı, ona qalmadı...

4. Nəbadə istirahət obyektlərinə, istirahət üçün park, bayram və s. tədbirlərə tək gedəsən, o saat başyacaqlar yenə də qınamağa. Ay Allah, tək harasa getmək, haradasa, istirahət etmək, oturmaq günahdır? Adi mağazaya, marketə girəndə elə itələyirlər, elə üstündən keçirlər ki, deyirsən, "Məgər mən gözəgörünməzəm?".

5. Əslində, mən çox mədəniyəm, dalaşmağı, mübahisə etməyi xoşlamıram, çünki birini deyirsən, günahı və səhvi olan elə bir cavab qaytarır, özünü təmizə çıxarır, hələ üstəlik səni də belə günahkar çıxarır ki... "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - sözü əsl yerinə düşür burada.

6. Nəbadə ictimai yer və ya nəqliyyat vasitələrində yanında bir xarici vətəndaş ola, bir ona baxacaqlar, bir də sənə, sonra da başlayacaqlar pıçıldaşmağa, müzakirə etməyə, damğanı vurmağa. Ay camaat, bəlkə mən sahibkaram və ya yaradıcı insanam, mənim xarici qonağım, dostum ola bilməz? Onları Bakıda gəzdirmək, qonaqpərvərləyimizi göstərmək səhv işdir? Məgər Vətənimizin özəlliklərini, gözəlliklərini göstərmək doğru deyil? Bircə qalmışdır ki, bəzi "səviyyəsi" olanlar söz atıb ayrıseçkilik etsin! Budur tolerantlığımız, demokratiyamız?

7. Bir az bərk danışan, gülən kimi (yanındakı adamla ünsiyyət zamanı), emosional, sərbəst, səmimi, təbii olan kimi hamı sənə baxmalıdır? Nəbadə yanınızda adam ola, olsa da, onlarla danışıb güləsən ha, özü də ictimai yerlərdə. Gərək özünü sıxasan, "yatan və ya aero rejimə" keçəsən...

8. Öz haqqını tələb edəndə, mədəni şəkildə etirazını bildirəndə, üstünə elə qışqırırlar ki, hələ onun bütün nəslinə borclu da çıxırsan! Nəbadə haqq və azadlığını, qanunları biləsən, nədənsə şikayət edəsən, nəyi isə tənqid edəsən! Hamı təmizdir, hamı idealdır, yaxşıdır, əxlaqlı, mənəviyyatlı, mədəniyyəti yüksək səviyyədədir, bircə məndən başqa! Hamı yaxşıdır, bircə mən pisəm!

9. Nəbadə yaxşı olasan, min yaxşılıq edirsən, bir dəfə edə bilməyəsən, bütün ölkə biləcək ki, eləmədin, heç RYTN, mediamız belə operativ işləmir..

10. Qohumlarımız, qonşularımızdan hələ danışmıram, onlar ayrı dərdimizdir, ayrı mövzudur...

11. Yaxın tanış, dost, rəfiqə, qohumun, qonşun belə sənə yaxşılıq edirsə, bu o demək deyil ki, ixtisasıyla bağlı gördüyü işi sənə etməyə borcludur, yaxud nisyə eləməlidir. Abır-həya, vicdan da yaxşı şeydir axı...  Edir, Allah razı olsun, əməyini itirməyin, göstərdiyi xidmət və gördüyü işin qarşılığını verin, atmayın, aldatmayın, vədlər, sözlər verməyin...Sizə qarşı bunu etsələr, dünyanı dağıdarsınız, həmin adamı da döyərsiniz, söyərsiniz...

Nəbadə başınıza gəlsin, gəlsə bilərsiniz, aldatmaq, atmaq necə pisdir....

Ardı var...

Ölkə.az

Xəbər 7307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR