Ötən il oktybarın 21-də Azərbaycanın Respublikasının Əqli Mülkiyyət Agentliyi (COPAT) Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi "SAKPATENTİ"nin rəhbərliyinə məktub göndərib.
Bu barədə
Aktual.az-a COPAT-dan məlumat verilib.
Qeyd edilib ki, Məktubda Gürcüstanın 1TV.CE, "İMEDİ” və "Rustavi” telekanallarında Azərbaycana məxsus olan "Basqalı” rəqsinin "Somxuri şalaxo” - erməni şalaxosu” kimi təqdim edilməsinin və "Bu qala, daşlı qala" adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi, bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsi və bir daha belə halların təkrarlanmaması üçün məsələnin daim nəzarətdə saxlanılması xahiş edilib.
Həmçinin bildiririlib ki, hüquq pozuntularını təsdiq edən müvafiq materiallar da "SAKPATENTİ”-yə təqdim edilib. Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin – "SAKPATENTİ" bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə cavab məktubu ünvanlayıb və Gürcüstanda yayımlanan televiziya kanallarında musiqi əsərlərinin hüquqlarının pozulması ilə bağlı qeyd edilən məsələyə aydınlıq gətirmək niyyətində olduğunu bildirib.
Məktubda qeyd olunur ki, "SAKPATENTİ" Gürcüstanda əqli mülkiyyət hüquqlarının qorunmasını təmin edən müstəqil qurum olaraq, beynəlxalq müqavilələr və sazişlər çərçivəsində fəaliyyətini davam etdirir. Bu məqsədlə Azərbaycan və Gürcüstan arasında 2009-cu ildə imzalanmış əməkdaşlıq sazişi və 2017-ci ildə imzalanmış Memorandum əsasında qarşılıqlı faydalı əməkdaşlıq fəaliyyətlərinə dair təkliflər irəli sürülmüşdür.
"SAKPATENTİ" hüquq pozuntuları ilə bağlı daha ətraflı hüquqi məlumat və vasitələr təqdim etməklə yanaşı, bu cür pozuntuların qarşısının alınması və hüquqların bərpası üçün müvafiq tədbirlərin görülməsi məqsədilə müvafiq televiziya kanallarına müraciət edib, məsələyə dair hərtərəfli araşdırma və müvafiq cavab məktubu gözləyir. Əlavə olaraq, bu məsələyə dair məhkəmə və hüquqi mexanizmlərin də daha geniş şəkildə tətbiq olunacağı xüsusi vurğulanıb.
"SAKPATENTİ" rəhbərliyi bildirib ki, bu məsələyə dair təhlil və cavabları diqqətlə izləyəcək, hüquqi mübahisələrin həlli üçün lazımi tədbirləri görməyə davam edəcəkdir.
Məktubda, həmçinin Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi arasında əməkdaşlıq münasibətlərini möhkəmləndirmək və müvafiq hüquqi məsələləri müzakirə etmək məqsədilə yeni addımların atılmalı olduğu qeyd olunub.
Xəbər 85 dəfə oxunub.