("Qənirə Paşayeva ilə addım-addım Yaponiya”, 3-cü yazı)
Müdriklər keçmişi düşünməzlər, bu günə yapışıb
qalmazlar, gələcəyə görə narahat olmazlar, sadə Yolu izləyərlər deyir Zen fəlsəfəsi.
Takuan Soho isə "adi insan şəklin arxasındakı bütünlüyü görə bilməz” - deyirdi.
Gerçəkdən də belədir. Tokioda sabahın erkən saatlarında qalxıb, huzur dolu bir
baxça içərisində qəhvə içərək bu barədə düşünür və dostların oyanmasını gözləyirdim.
Tokioda gəzintiyə qələbəlik olmasına baxmayaraq, çox əyləncəli və qələbəlik
hesab etdiyim bölgələrdən biri olan Harajukudən başlayırıq. Bu bölgə butikləri,
mağazaları və qalareyaları ilə məşhurdur. insanlarla dolu olan Takeshita küçəsində
dolaşdıqdan sonra yaxınlıqda yerləşən Tokionun ən böyük şəhər parklarından biri
olan Yoyogiyə baş çəkirik. Park təqribən 550.000 kvadrat metrlik sahəni əhatə
edir və içində məşhur Meiji Məbədi yerləşir. 1915-ci ildə inşası başlanan məbəd
1921-ci ildə tamamlanmışdır. Evlənən cütlüklər üçü ən ideal yerlərdən biridir.
Məbədlə bərabər Meiji Məbədi Xəzinələri Muzeyi də bu parkda yerləşir. Hündür,
uzun, qədim şam ağacları ilə dolu olan park yaşıl düzənliklərin yanında meşə təssüratını
yaradır. Yaponlar həftə sonu burda velosiped sürərək, əyləncələr təşkil edərək
vaxt keçirirlər.. Ziyarət zamanı yapon toyunun da şahidi oluruq. Toyları da
xarakterləri kimidir. Sadə və mütəvazi.
Zen keçmişin və gələcəyin sərhədlərindən
qurtulmaqdır.
Özünüzü bilmədən çevrənizdə və ətrafınızda
olanları bilə bilməzsiniz deyən yaponlar dininə və mədəniyyətinə düşkün
insanlardır. Özəlliklə samuray mədəniyyətinin geniş yayıldığı bölgələrdə
insanlar bir-biriləri arasında məsafə saxlayarlar. Əl-ələ verib gəzmək,
sarılma, əllə zarafat etmə kimi halları çox görə bilməzsiniz. Turistlərə
olduqca sayğılı münasibət göstərərlər. Hər hansı bir sual verməyiniz kifayət edər,
dərhal sizi getmək istədiyiniz yerə qədər götürürlər.
"Zen içində olduğun anı sevmək, şəfqət və mərhəmət
dolu yaşamaqdır” - deyən yaponlar "başqalarını anlamaq müdriklikdir, özünü
anlamaq isə aydınlanmaqdır” fəlsəfəsi ilə yaşadıqları həyatı dolu-dolu və dərk
edərək yaşayırlar.
Səyahət etdiyimiz növbəti yer Tamachidi bölgəsidir.
Rainbow (Göyqurşağı) körpüsünə qarşı oturub dəniz havası aldıqdan sonra liftlə
körpüyə çıxırıq. Körpü iki mərtəbəlidir, hər mərtəbəsindən maşınlar keçir. Eyni
zamanda birinci mərtəbəsində insanların dolaşa biləcəyi yol salınmışdır. Tam
qarşısında Odaiba bölgəsi, ən ucunda isə Azadlıq məbədi var.
Odaiba bölgəsi Tokioda görülməsi lazım olan yerlərdən
biridir. Buranı görmədən Tokio haqqındakı fikirlər əksik qalır. Bura Tokio Körfəzində
1850-ci illərdə müdafiə məqsədilə inşa edilmiş, daha sonra məskunlaşma və əyləncə
yerləri ilə dolmuş bir adadır. Bu bölgə çay kənarında qurulmuş və müxtəlif turist
nöqtələri ilə zəngindir. Tokionun məşhur simvollarından olan Göyqurşağı Körpüsü
də bu bölgədədir. Bu körpü 2 mərtəbəlidir, birinci mərtəbəsi maşın yoludur, alt
mərtəbəsində isə ortadan metro keçir. Gecələri olduqca fərqli və gözalıcı bir şəkildədir.
750 metr uzunluğundakı körpünü şimal və cənub qanadlarından dolaşa və Tokio mənzərəsini
izləyə bilərsiniz. Mən şimal qanadını tövsiyə edirəm. Nyu-Yorkdakı Azadlıq abidəsinin
bir bənzəri, lakin daha balacası yenə bu bölgədədir. Diver City adlı alış-veriş
mərkəzinin önündəki nəhəng Gundam robot heykəlinin önündə foto çəkdirə bilər və
burda təşkil edilən müxtəlif əyləncə vasitələrindən istifadə edə bilərsiniz
Tokioda bir də Disneyland də yerləşir. Uşaqlarınızla gəlsəniz görüləcək yerlərdən
biridir.
Qatardan enib dəniz kənarına doğru yürüdükdən
sonra parkların və ağacların ardından bir anda qarşınıza bir qumsallıq çıxır.
Tokio kimi qələbəlik bir şəhərdə yerləşən bu gözəl və sakit sahildə dənizə girmək
qadağandır, lakin oyun oynamaq, piknik etmək və günəş vannası qəbul etmək sərbəstdir.
Bu səbəbdən qarşı sahildəki şəhərin mənzərəsinin dadını çıxara biləcəyiniz bu
bölgədə bütün gününüzü keçirə bilərsiniz. O qədər zamanınız olmasa belə, şəhərdən
qatara minib buranı mütləq ziyarət etməlisiniz.
İnsan aydınlanma idealına, bənzəmək istədiyi
aydınlanma tərcübəsinə də qapanıb qalmamalıdır. İnsanların dünyasına dönə bilməyən,
ona qoşula bilməyən aydınlanma dəyərsizdir.
Zendə hədəf yolun özüdür deyir yaponlar.
Hava qaralmadan Ginza bölgəsinə gedib, Tokio
qülləsinə tamaşa etməyə yollandıq. Tokioda insan özünü Amerikada olduğu kimi
hiss edə bilir. Hər yer göydələnlər və işıqlarla doludur. Yaponiya qədər təmiz,
nizamlı, güvənli, anlayışlı və kübar insanların bir arada olduğu çox az ölkə
ola bilıər. Yaponiya ilə Türkiyə arasında mədəniyyət əlaqələrinin güclənməsi
üçün çalışan Tokio Yunus Əmrə Mədəniyyət Mərkəzi Tokio qülləsinin qarşısında
yerləşir. İçərisində türk dilində kitabxana və türklər tərəfindən türk dilində
dərslərin verildiyi sinifləri görmək insanda qürur doğurur.
"Doğru sözlər yalnış əllərdə yalnış hala gəlir.
Amma yalnış sözlər doğru əllərdə hər zaman doğru hala gəlirlər” - deyən
yaponlar öz fəlsəfələrinə də uyğun yaşayırlar. Sözlərin seçiminə çox diqqət
edirlər. Çox nəzakətlidirlər; sözlərlə insanları incidə biləcəklərindən ehtiyat
edərcəsinə nəzakətli...
Tokiodan 24 saata gəzə biləcəyiniz yerlərin
başında Kamakura gəlir. 1185-1333-cü illərdə Yaponiyanın paytaxtı olan bu şəhər
Tokionun cənub-qərbində yerləşir, əhalisi 174 mindir, amma yaz və yay aylarında
turistlərin ziyarətləri ilə daha qələbəlik olur. Bu şəhərin ən böyük özəlliyi
çox sayda məbədi və kiçik bir sahilə malik olmasıdır. Bunun sayəsində əcnəbi və
yapon turistlərinin marağını cəlb edən bir yerə çevrilmişdir. Məbədlərlə və meşələrlə
dolu klassik bir yapon şəhərini görmək istəyənlər buranı ziyarət etmək məqamını
qaçırmamalıdır. Fuji Dağı - 8 saatllıq dırmanma ardında səhər günəş doğumunu
izləyə biləcəyiniz bu əsrarəngiz məkan Tokioyaya yaxın bir yerdə yerləşir.
"Qılınc özü-özünü kəsə bilmədiyi kimi, şərti
düşüncə də özünü görə, tənqid edə bilməz” - deyən yaponların döyüş fəlsəfələri
də qədimdir.
Tokyoda Sumo güləşcilərinin səhər məşqini izləmək
çox maraqlıdır. Sumo güləşi çox qədim bir ənənədən gələn bir idman növüdür. Məqsəd
bir-birlərini yumru cizginin kənarına çıxarmaqdır. Sumonun anlamı özünü müdafiə
etmək mənasını verirmiş. Sumo güləşi zamanı dabandan kənar bədənin hər hansı
bir hissəsinin yerə dəyməsi güləşdə məğlub olmaq deməkdir. Yarış başlamadan öncə
idmançının ayağını havaya qaldırıb yerə vurması, onun gücünü göstərməsi
anlamını verir. Rəqib ilə göz-gözə gəlincə yarış başlayır.
"Heç bir yerdən gəlir, heç bir yerə gedirik” –
deyən məşhur Zen fəlsəfəsi dahi şairimiz Nizami Gəncəvinin "milyon il ötsə də
bu dünyanın yaşından bir tük əksilməyib hələ başından anlamını verir. Yəni heçdən
gəlib, heçə getmirik. Məşhur maddə kütləsinin itməməsi qanunu yada düşür. Maddə
kütləsi heçdən yaranmır və heçə də getmir. XII əsrdə yaşayıb-yaratmış Məshəti Gəncəvinin
dediyi kimi: Bilməyib küzəmi daşa çaldım, sındırdı... Küzə dilə gəlib dedi ki,
mən də sənin kimi idim, bu günə qaldım. Yəni bir şəkildən başqa şəkilə düşdüm”.
(Ardı var)





