Başladı: 60 gün və fevralın 23-ü...

Başladı: 60 gün və fevralın 23-ü...

Altıncı bələdiyyə seçkiləri kampaniyasına qış necə təsir edəcək?
2025-ci il yanvarın 29-da sayca altıncı bələdiyyə seçkiləri keçiriləcək. Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir.
Əvvəlki seçkilər 1999, 2004, 2009, 2014 və 2019-cu illərin dekabr ayına düşüb. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Azərbaycanın Seçki Məcəlləsinə əsasən, yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Dairə seçki komissiyası qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, bələdiyyə seçkilərini baş tutmamış hesab edir. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə və həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etdikdə seçki nəticələri etibarsız sayılır. Seçkilərin yekunlarının yoxlanması fevralın 18-dək, seçkilərin yekunlarının elanı isə fevralın 23-dək başa çatacaq. 2019-cu ildə keçirilən seçkilərə Yeni Azərbaycan, Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Demokratik Maarifçilik, Sosial Demokrat, Ümid, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Vəhdət, Respublikaçılar partiyalarının təmsilçiləri, həmçinin partiyasız şəxslər qoşulublar. Bu partiyaların bəziləri artıq özlərini buraxıblar, mövcud deyillər. Qalanlarından hansıların seçkilərdə iştirak edib-etməyəcəyi yaxın günlərdə bəlli olacaq.
Azərbaycanda bələdiyyə seçkilərinin 20 illik TARİXİ – Reallıq və gözləntilər
Artıq noyabrın 28-dən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayıb. Bu, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.
Seçki Məcəlləsinin 214.1, 214.4, 214.5-ci maddələrinə əsasən, seçki dairəsinin ərazisində daimi yaşayan, passiv seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlayır.
Bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti də məlum olub. Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddəsinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir. Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il dekabrın 10-da başlayıb, dekabrın 30-dək davam edəcək.
Qeyd edək ki, 25 noyabrda Prezident bir sıra bələdiyyələrin birləşdirilməsi haqda qanunu təsdiqləyib. Birləşmələrdən sonra ölkədə bələdiyyələrin sayı 1606-dan 685-ə enib. Bu isə o deməkdir ki, 1606 deyil, 685 bələdiyyəyə seçkilər olacaq. Yeni qanunun qəbulundan sonra bələdiyyələrin fəaliyyətinin daha səmərəli olması və idarəetmənin optimallaşdırılması gözlənilir.
Ekspertlərin fikrincə, bələdiyyələrin birləşdirilməsi yerli özünüidarəetmədə qeyri-effektiv xərcləri azaldacaq və bu qurumların maliyyə-iqtisadi potensialını kifayət qədər genişləndirəcək. Bu da bələdiyyə üzvlərinin və qulluqçularının sosial təminatlarını yaxşılaşacaq, vətəndaşların bələdiyyə seçkilərinə və bələdiyyə qulluğuna marağını kifayət qədər artıracaq.
Niyaməddin Orduxanlı
Ədalət Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "Yeni Müsavat”a bildirdi ki, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində siyasi partiyaların iştirak etməsi lazımdır. Siyasi partiya seçkilərdə iştirak etməlidir: "Bizim partiya bələdiyyə seçkilərində iştirak edəcək. Bütün siyasi partiyalar seçkidə iştirak etməlidir və rəqabətli seçki mühiti olmalıdır. Biz Ali Məclisin iclasında bütün partiya üzvlərimizə tövsiyə etmişik ki, yaşadıqları seçki dairəsindən bələdiyyə üzvlüyünə namizədliyini verməklə bağlı müvafiq sənədləri hazırlasınlar.
O ki qaldı bələdiyyələrin sayının azaldılması və 685 bələdiyyənin formalaşmasına, ilk dəfə 1999-cu ildə Azərbaycanda yerli özünüidarəetmə institutuna seçkilər keçiriləndə 2700 bələdiyyə subyekti var idi, zaman-zaman sayın birləşdirilmə nəticəsində azaldılması həyata keçirildi və son olaraq 685-də dayandı. Bəlkə də Azərbaycanda yeganə siyasətçiyəm ki, 25 il beş dəfə Abşeran rayonundan bələdiyyə üzvü seçilmişəm və bələdiyyə rəhbərliyində çalışmışam. Yerli özünüidarəetmə institutu kifayət qədər geniş səlahiyyətə malik deyil, imkanları zəifdir. Ona görə də hesab edirəm ki, bələdiyyələr geniş səlahiyyətə malik olmalıdır. Bundan sonra bələdiyyə institutunun cəmiyyətin gözlədiklərini daha yaxşı səviyyədə reallaşdırdığını görə bilərik".
N.Orduxanlı qeyd etdi ki, bələdiyyə seçkiləri onsuz da həmişə qış ayında - dekabrda keçirilib və fəsil heç bir problem yaratmayıb: "Bu dəfə COP29 kimi mühüm tədbirin keçirilməsi səbəbilə bələdiyyə seçkiləri bir ay ertələndi. Yanvar ayı da dekabr ayı kimi qış ayıdır və hava şəraitindən narahat olmağa ehtiyac yoxdur. Son 4-5 il ərzində Azərbaycanda fevral ayında parlament və prezident seçkiləri də keçirilib. Qış fəslinin olması seçki kampaniyasına və seçki günü aktivliyə mənfi təsir göstərməyib. Budəfəki bələdiyyə seçkilərində də göstərməyəcək. Azərbaycanda, xüsusən də Bakıda onsuz da son illərdə çox da sərt qış keçmir. Bələdiyyə seçkilərində qış fəslinin problemlər yaradacağını düşünmürəm”.
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR