Azər Niftiyev
Trend beynəlxalq informasiya agentliyinin baş redaktor müavini
Bolşevik şüarı heç kimə xeyir gətirməyib. Gətirsəydi, elə bolşeviklərin özünə gətirərdi. Əgər biz kapitalizm dövründə yaşayır və bunu qəbul ediriksə, varlılara qarşı kəskin münasibətin olmasını qətiyyən istəməməliyik.
Ancaq hər şeyin bir əxlaqı və ölçü vahidi var. Varlı təbii yolla varlanmırsa, işçilərin istismarı, vergidən yayınma, istehlakçıları aldatma yolu ilə var-dövlət əldə edirsə və ya məmur qanunsuz olaraq sərvət yığırsa, onların mütləq cəzası olacaq.
Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində Prezident İlham Əliyevin söylədiyi fikirlər vəzifəyə şəxsi mülkü kimi baxanlara, sahibkarlara divan tutanlara, reket həyat tərzi keçirən məmurlara növbəti ciddi xəbərdarlıq oldu.
Nəhayət, bu adamlar başa düşürlər ki, həbsxana ilə onların arasında çox qısa məsafə var. Ortada ciddi nümunələr var. Onlardan da güclü, onlardan da varlı, onlardan daha çox təsir imkanlarına malik keçmiş məmurlar dəmir barmaqlıqlar arasındadır. Bu tale onlar üçün də ola bilər və bu cür davam etsələr, olacaq da.
Çox qəribə presedent yaranıb. Prezident və onun ailəsi bu qədər sadə, xalqa bu qədər yaxın ikən hansısa məmur və ya övladı sahibkarları incidir, restoranda ofisiantı söyür, yolda süpürgəçini təhqir edirlər. Nə özlərinə hörmət edirlər, nə də qarşıdakı insanlara.
Unutmaq lazım deyil ki, Azərbycan hüquqi dövlətdir və kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Qudurğan məmurlar və onların övladları da, müxtəlif dövlətlərin sifarişi ilə təxribat yaratmaq istəyən “siyasətçilər” və QHT rəhbərləri də, “din pərdəsi”nə bürünüb ölkəni qarışdırmaq istəyən “mollalar” da, həmçinin bütün vətəndaşlar, o cümlədən bizlər də qanun qarşısında bərabərik.
Qanuna dırnaqarası baxanlar haranı “haqq ediblərsə”, ora da gedəcəklər. Layiq olduğu yeri tapacaq, layiq olduğu cəzanı alacaqlar.