Baş Prokurorluğun nümayəndəsi AŞPA-da

Baş Prokurorluğun nümayəndəsi AŞPA-da

Baş Prokurorluğun nümayəndəsi Avropa Prokurorlarının Məşvərətçi Şurasının iclasında fəal iştirak edib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Prokurorların dövlətin cinayət ədliyyəsi sistemində və qanunun aliliyinin qorunmasında müstəsna rolunu və Avropa Şurasına üzv dövlətlərin prokurorları arasında əməkdaşlığın zəruriliyini nəzərə alaraq 2005-ci ilin iyul ayında AŞ Nazirlər Komitəsinin qərarı ilə Avropa Prokurorlarının Məşvərətçi Şurası (CCPE) yaradılıb.

AŞ üzv dövlətlərin yüksək vəzifəli prokurorlarını birləşdirən Şura hər il plenar iclaslar təşkil etməklə prokuror fəaliyyətinə aid aktual mövzular üzrə rəylər hazırlayıb Nazirlər Komitəsinə təqdim edir.

19-20 noyabr 2015-ci il tarixlərində Strasburq şəhərində CCPE-nin 10-cu plenar iclası keçirilib.

Tədbirdə ekspert qrupu tərəfindən “Prokurorların cinayət işlərinin istintaqında rolu” adlı sənəd müzakirə edilərək qəbul edilib. Sənəddə istintaqın hansı hallarda prokuror tərəfindən aparılması, prokurorların digər istintaq orqanları ilə əlaqələri, prosessual rəhbərlik, istintaq zamanı müdafiə tərəfinin hüquqlarının qorunmasında prokurorların rolu, istintaq texnikası, istintaq prosesində prokurorların rolunun gücləndirilməsi, KİV-lərlə səmərəli əlaqə və prokurorlar üçün təkmilləşdirmə kurslarının keçirilməsinə dair tövsiyələr nəzərdə tutulub.

Plenar İclasda Azərbaycan Prokurorluğunu təmsil edən Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov sənədin müzakirəsi zamanı ölkəmizdə cinayət işlərinin istintaqının aparılmasında və ibtidai istintaqa prosessual rəhbərlikdə, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət sahəsində prokurorluq orqanlarının rolu barədə tədbir iştirakçılarını məlumatlandırıb, irəli sürdüyü təkliflər qəbul edilmiş sənəddə əksini tapıb.

Tədbir çərçivəsində CCPE-nin prezidenti Sedrik Vizar yekdilliklə növbəti il üçün həmin vəzifəyə yenidən seçilib.

Sonda terrorizmə qarşı mübarizədə prokurorların rolu və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi haqqında bəyanat qəbul edilib.

Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR