İspaniya millisinin baş məşçisi Visente Del Boske postunu tərk etmək qərarına gəlib.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə "Eurosport" məlumat yayıb.
Məlumata görə, o, artıq istefa ərizəsini İspaniya Futbol Federasiyasının prezidentinə təqdim edib. V.D.Boske mətbuata açıqlamasında yığmada çalışmaq istəyinin qalmadığını və bunun komandanın Avropa çempionatındakı nəticəsi ilə əlaqədar olmadığını bildirib: “Yığma ilə müqaviləm iyulun 31-i başa çatır. Bundan sonra İspaniya millisindən ayrılacağam. Bu qərarımı Avropa çempionatındakı nəticəyə görə verməmişəm. İspaniya millisini və futbolu tərk edirəm”.
Xatırladaq ki, İspaniya AVRO-2016-nın 1/8 finalında İtaliyaya 0:2 hesabı ilə məğlub olaraq qitə turnirində mübarizəni dayandırıb.
Qeyd edək ki, baş məşqçi İspaniya yığması ilə 2010-cu ildə Dünya Çempionatının, 2012-ci ildə isə Avropa Çempionatının qalibi olub.